Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9529/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, iddiaçının İddiaçı və üçüncü şəxs Bağırov Firudin Əlisa oğlunun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı, Bağırov Firudin Əlisa oğlu və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı icra sənədi üzrə icra işinin icraata xitam verilməsi barədə olan Yasamal rayon İcra Şöbəsinin icra məmuru X4 qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-9529/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bağırov Firudin Əlisa oğlu və X8 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bağırov Firudin Əlisa oğlu və onun həyat yoldaşı X5 2016-cı ildə notarial təsdiqli müqavilələr əsasında ümumilikdə 50000 (əlli min) manat məbləğində borc pul vermişdir. Həmin borc öhdəliyi aşağıdakı qaydada rəsmiləşdirilmişdir: 1) xx.xx.2016-cı il tarixdə borclular, ünvan 1 ünvanında qeydiyyatda olan Bağırov Firudin Əlisa oğlu və ünvan 2 ünvanında qeydiyyatda olan X5 xx.xx.2018-ci il tarixdə qaytarmaq şərtilə Bakı şəhər 53 saylı Notariat Kontorunun təsdiq etdiyi 3M-85 reyestr qeydli müqavilə əsasında 30000 (otuz min) manat məbləğində...; 2) xx.xx.2016-cı il tarixdə isə borclular ünvan 1 ünvanında qeydiyyatda olan Bağırov Firudin Əlisa oğlu və ünvan 2 ünvanında qeydiyyatda olan X5 xx.xx.2018-ci il tarixdə qaytarmaq şərtilə Bakı şəhər 53 saylı Notariat Kontorunun təsdiq etdiyi 3M-113 reyestr qeydli müqavilə əsasında 20000 (iyirmi min) manat məbləğində borclar olmuşdur. Borclular borcu qaytarmadığından notarial qaydasında icra qeydi verilmiş və xx.xx.2018-ci ildə rəsmiləşdirilərək icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı xx.xx.2018-ci il tarixli və 8İ-3236 saylı xx.xx.2018-ci il tarixli icra qeydləri əsasında Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Ruslan Əsgərovun xx.xx.2018-ci il tarixli qərarı ilə icraata başlanılaraq borclulara bildiriş verilmişdir. İcra hərəkətləri başlanılmış və uzun sürən tədbirlərdən sonra borclu Bağırov Firudin Əlisa oğlunun verməli olduğu borcun hissə-hissə ödənilməsi qismən təşkil edilmişdir. Belə ki, borclu pulu ona icra məmurunun iştirakı ilə qəbz yazılmaqla və ya hesaba pul köçürməklə verirdi. xx.xx.2022-ci il tarixdə 1500 (bir min beş yüz), xx.xx.2022-ci il tarixdə 4975 (dörd min doqquz yüz yetmiş beş) manat, xx.xx.2021-ci il tarixdə 4467 (dörd min dörd yüz altmış yeddi) manat, xx.xx.2022-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdə 1010 (bir min on manat) manat, xx.xx.2021-ci il tarixdə 19910 (on doqquz min doqquz yüz on ) manat, xx.xx.2021-ci il tarixdə 6965 (altı min doqquz yüz altmış beş) manat, cəmi 39827 (otuz doqquz min səkkiz yüz iyirmi yeddi) manat pul rəsmən icra qaydasında qaytarılmışdır. Borclunun əsaslandığı və guya ki, verildiyinin iddia etdiyi 30000 manat borcun 10000 manatının xx.xx.2017-ci il tarixdə qaytarılmasına dair qəbz saxtadır və o, belə bir pul məbləği almamışdır. Həmin qəbz tərəfindən verilməmişdir. Necə ola bilər ki, icra vərəqəsi və icra qeydi xx.xx.2018-ci ildə verilir və icraçı 30000 manata və 20000 manata dair icra işi başlayır və ödənilməli olan pulun məbləğinin 50000 manat olmasını bildirir. Borclu isə xx.xx.2017-ci il tarixdə 10000 manatın qaytarılmasına dair qəbzi təqdim edir ki, guya bu pul qaytarılmışdır. Tamamilə yalandır və belə bir ödəniş olmamışdır. Qalan pul məbləği isə icra qaydasında qaytarılmamışdır. Buna baxmayaraq icra məmuru icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir ki, o, həmin qərarın əsassız olmasını hesab edir. Belə ki, icra məmurunun bu qərarın tərtib olunmasına əsas verən heç bir hüquqi əsasları olmadığından bu qərar qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, iki borc müqaviləsi əsasında notariatda rəsmiləşdirilmiş iki icra qeydi verildikdən sonra Bağırov Firudin Əlisa oğlu və həyat yoldaşı X8 ona və iş üzrə üçüncü şəxslər 53 saylı Notariat Kontoruna və Yasamal rayon icra və probasiya şöbəsinə qarşı “öhdəliyin icrasına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçılarla onun arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişlər. İddianın mahiyyəti və işin əhəmiyyətli hallarını nəzərə alaraq tərəfindən ilkin iddia üzrə iddiaçılar Bağırov Firudin Əlisa oğlu və həyat yoldaşı X5 qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və cavabdehlər Bağırov Firudin Əlisa oğlu və X2 ödəmədikləri 40.000 (qırx min) manat əsas borcu və həmin borcu il ərzində gecikdirdiklərinə görə 10% bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla, 4.000 (dörd min) manatın, bu işlə bağlı vəkilə ödədiyi 300 (üç yüz) manatın və 30 manat dövlət rüsumunun, cəmi 44.330 (qırx dörd min üç yüz otuz) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-7733/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia və onun qarşılıqlı iddia üzrə tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə dəyişdirilmədən, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə isə dəyişdirilərək, həmin hissədə onun qarşılıqlı iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əks tərəf də qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2836/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, cavabdehlərdən 40.000 (qırx min) manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi, ilkin iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən əks tərəf, Bağırov Firudin Əlisa oğlu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5288/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq iş yeni apelyasiya baxışma qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-946/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayətləri təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilərək ilkin iddia üzrə iddiaçılar Bağırov Firudin Əlisa oğlunun və X3 “öhdəliyin icrasına xitam verilməsi” barədə ilkin iddia tələbləri təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mövcud olan məhkəmə qətnamələri ilə həm onun, həmçinin əks tərəfin iddiası təmin edilməmişdir. Bu o deməkdir ki, icra qeydinə xitam verilməmişdir və ödənilməli məbləğ 50000 manatlıq borc sənədlərinə əsaslanır. Hesab edir ki, icra məmuru haqlı deyildir və icra qeydi üzrə borc qaytarılmamışdır. İstinad olunan bütün faktlar - cavabdehlərin birinci dəfə xx.xx.2016-cı ildə 15.000 (on beş min) manatı xx.xx.2017-ci il tarixində qaytarmaq şərtilə, ikinci dəfə xx.xx.2016-cı ildə yenə 15.000 (on beş min) manatı xx.xx.2017-ci ildə qaytarmaq şərtilə ümumilikdə 50.000 (əlli min) manat məbləğində götürdükləri, həmin puldan cəmi 10.000 (on min) manat qaytardıqları, həmçinin cavabdehlərin özlərinin təklifi ilə notariat qaydada bağlanılan xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə ümumilikdə 50.000 (əlli min) manat məbləğində pulun onlara verilməsi məhkəməyə təqdim olunmuş sənəd və sübutlarla (sadə yazılı qəbzlər və rəsmi təsdiq olunmuş borc müqavilələri), həmçinin məhkəmə baxışı zamanı cavabdehin borcu etiraf etməsi- qəbzlərdəki imzaların onlara məxsus olmasını təsdiq etməsi və işdəki hallarla öz təsdiqini tapmışdır. İş üzrə keçən borclu F.Bağırov ondan xahiş etdi ki, ona pul lambord üçün lazımdır, ona görə hissə-hissə verəcək, o da razı olmuşdur. Qəbzlə verdiyi borc 1 illiyinə verilib, qaytarma vaxtı 1 ildən sonradır. Müqavilə ilə verilən borc 2 illiyə verilib, qaytarma vaxtı 2 ildən artıqdır. Beləliklə hesab edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsi Bağırov Firudin Əlisa oğlu iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin və üçüncü şəxs X3 iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş borc verən X14 ilə borc alanlar Bağırov Firudin Əlisa oğlu və X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən borc verən borc alanlara 30.000 (otuz min) manat məbləğində borc verməyi, borc alanlar isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. - Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş borc verən X14 ilə borc alanlar Bağırov Firudin Əlisa oğlu və X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən borc verən borc alanlara 20.000 (iyirmi min) manat məbləğində borc verməyi, borc alanlar isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. - Bakı şəhərinin X1 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra İdarəsinə ünvanlanmış N/X 1517 nömrəli, 03 sentyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı və Bağırov Firudin Əlisa oğlu, X8 arasında xx.xx.2016-cı il tarixində 3M-855 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə icra qeydi aparılmışdır. İcraata qəbul edilməsi xahiş edilmişdir. - Bakı şəhərinin X1 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra İdarəsinə ünvanlanmış N/X 1516 nömrəli, 03 sentyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı və Bağırov Firudin Əlisa oğlu, X8 arasında xx.xx.2016-cı il tarixində 3M-113 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədə icra qeydi aparılmışdır. İcraata qəbul edilməsi xahiş edilmişdir. - Bakı şəhəri 53 saylı Notariat Kontorunun xx.xx.2018-ci il tarixli icra qeydinin surətindən görünür ki, X7 xeyrinə Bağırov Firudin Əlisa oğlundan və X2 müəyyən edilmiş müddət üçün vaxtında ödənilməmiş 30.000 manat pulun, 10 manat dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. - Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 180970/2018-53-12 nömrəli tələbin könüllü icrası haqqında bildirişinin və xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətlərindən görünür ki, borclu Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 30.010 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış, icranın 10 gün müddətində könüllü təmin edilməsi borclu Bağırov Firudin Əlisa oğluna təklif edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli, 180987/2018-53-12 nömrəli tələbin könüllü icrası haqqında bildirişinin və xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətlərindən görünür ki, borclu Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 20.010 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə Bakı şəhəri 53 saylı Notariat Kontorunun 8İ-3236 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmış, icranın 10 gün müddətində könüllü təmin edilməsi borclu Bağırov Firudin Əlisa oğluna təklif edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, icra sənədinə əsasən borclu Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 30010 manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına müvafiq qərarla başlanmış və xx.xx.2018-ci il tarixli tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcraat dövründə Bakı şəhəri, 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il icra sənədi üzrə borclu F.Bağırov tərəfindən 20010 manat ödəniş həyata keçirilmişdir. Həmçinin məlum olmuşdur ki, icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-855 reyestr nömrəli kredit müqaviləsidir. Həmin müqavilə tərəflər arasında mübahisələndirilmiş və Yasamal Rayon Məhkəməsinin 2(004)-7733/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7627/2020 saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1892/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarına əsasən iddialar təmin olunmamışdır. Sözügedən məhkəmə qərarlarından, eləcə də tərəflərin özləri tərəfindən tərtib edilmiş və əl yazısıyla yazılmış qəbzdə F.Bağırov tərəfindən 10000 manat borc məbləğinin ödənildiyi məlum olmuşdur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5 və 20.2-ci maddəsi rəhbər tutularaq Bakı şəhəri, 53 saylı Notariat Kontorunun 8İ-3234 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - İddiaçı ilə X12 arasında imzalanmış xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı X6 verdiyi 30 min manat (otuz min manat) manatdan 10 min manat (on min manat) geri almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə hazırkı mübahisənin inzibati məhkəmə mübahisə olmasına münasibətdə də iddianı mümkün hesab edir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi hesab olunur. Göründüyü kimi qüvvədə olan qanunvericilik icra qeydlərini icra sənədi hesab etmiş, icra qeydlərinin icrasını məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilməsini təsbit etmişdir. Hazırki işdən göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsi barədə mübahisələndirilən qərarın kökündə icra qeydi dayanır ki, həmin icra qeydi icra sənədi hesab olunur. Göründüyü kimi hazırkı iş üzrə yoxlanılan icra hərəkətləri məhkəmə qərarları əsasında yox, icra qeydinin icrası ilə bağlı qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ilə bağlı olmuşdur ki, həmin hal hazırkı mübahisəyə baxılmasında rayon məhkəmələrini yox, inzibati məhkəməni səlahiyyətli edir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının çatmaq istədiyi məqsəd Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək icra hərəkətlərinin davam etdirilməsidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 01 iyun 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən üçüncü şəxslər Bağırov Firudin Əlisa oğlu və X5 30.000 manat məbləğində pul borc verilmiş, üçüncü şəxslər isə 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdürlər. Habelə, eyni tərəflər arasında bağlanmış 14 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən üçüncü şəxslər Bağırov Firudin Əlisa oğlu və X5 20.000 manat məbləğində pul borc verilmiş, üçüncü şəxslər isə 01 iyun 2018-ci il tarixədək krediti qaytarmağı öhdələrinə götürmüşdürlər. Bundan sonra Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən xx.xx.2018-ci il tarixdə Bağırov Firudin Əlisa oğlundan və X2 30.000 manat pulun, 10 manat dövlət rüsumunun, həmçinin Bağırov Firudin Əlisa oğlundan və X2 müştərək qaydada cəmi 20.010 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı ödənilməsi barədə icra qeydləri verilmiş və icra qeydləri icra edilməsi üçün Bakı şəhəri, Yasamal rayon icra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra qeydləri üzrə icraat başlanmış, müvafiq icra tədbirləri görülmüş və nəticədə Yasamal rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə mübahisələndirilən qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır - 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. - 7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. - 7.2-ci maddəsinə əsasən məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. - 7.3-cü maddəsinƏ əsasən digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. - 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; [49] 20.1.5. icra sənədi tam icra olunduqda. - 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. - 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi notariusun icra qeydləri icra sənədidir və icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Qeyd olunan maddənin tələbinə uyğun olmadığı təqdirdə isə icra məmurunun icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarmaq səlahiyyəti mövcuddur. İcra sənədinin icrası ilə bağlı “İcra haqqında” Qanunun 20.1-ci maddəsində müəyyən edilən əsaslar olduqda, icra məmuru icra sənədi üzrə icraata xitam verir. Hazırki işin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə predmetini açan qərar məhz notariusun icra qeydi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlıdır. İlkin olaraq nəzərə alınmalıdır ki, iddiaçı və üçüncü şəxslər arasında uzun müddətdir ki, müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zənnində iddiaçı borc verən kimi 30.000 manat və 20.000 manat məbləğində borcu üçüncü şəxslərə verilməsini öhdəsinə götürmüş, üçüncü şəxslər isə borc alanlar kimi borcu müəyyən edilmiş müddətdə qaytarılmasını öhdələrinə götürmüşdürlər. Qeyd olunan münasibətlər müvafiq kredit müqavilələri ilə rəsmiləşdirilmişdir. Üçüncü şəxslər müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişdirlər ki, nəticə etibarı ilə Bakı şəhəri 53 saylı Notariat Kontoru xx.xx.2018-ci il tarixdə icra qeydləri verərək 30.010 manat və 20.010 manat borcun üçüncü şəxslərdən tutulmasını qərara almış, icra qeydini icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın kökündə notariusun icra qeydləri dayanır ki, həmin icra qeydləri məhz X14 (borc verən) ilə Bağırov Firudin Əlisa oğlu, X8 (borc alan) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn 30.000 manat və xx.xx.2016-cı il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn 20.000 manat borc ilə bağlıdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə 40.000 manat icra orqanı tərəfindən tələbkara ödətdirilmiş (bunu müvafiq bank hesabına mədaxil qəbzləri, tələbkarın icra şöbəsinə təqdim etdiyi ərizə və qəbzlər təsdiq edir), 10.000 manat hissəsi isə Firudin Bağırov tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı ödənilmiş, bu hal müvafiq olaraq qəbz ilə təsdiq edilmiş, eyni zamanda tərəflər arasında mövcud olan mülki mübahisə üzrə məhkəmə qərarlarında da bu hal öz təsdiqi tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbində istinad etdiyi hal, yəni borclulara kredit müqaviləsi üzrə 50.000 manatdan əlavə borc pul verməsi, borclu tərəfindən qəbzlə ödənilən 10.000 manatın kredit müqaviləsi üzrə borcla bağlı deyil, digər borcla bağlı olması mülki məhkəmə icraatında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin hala qiymət verilmişdir. Belə ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 7733/2018 nömrəli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçılar Bağırov Firudin Əlisa oğlunun və X3 cavabdeh İddiaçı və üçüncü şəxslər 53 saylı Notariat Kontoruna və Yasamal rayon icra və probasiya şöbəsinə qarşı onlarla İddiaçı arasında Bakı şəhəri, 53 saylı Notariat Kontorunda bağlanmış 01 iyun 2016-cı il və 14 iyul 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliyin icrasına xitam verilməsi tələbinə dair ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər Bağırov Firudin Əlisa oğluna və X5 qarşı cavabdehlər Bağırov Firudin Əlisa oğlu və X2 ödəmədikləri 40.000 manat əsas borcun və həmin borcu bir il ərzində gecikdirdiklərinə görə 10% bank uçot dərəcəsi və əldən çıxmış fayda nəzərə alınmaqla 4000 (dörd min) manatın, bu işlə bağlı vəkilə ödədiyi 300 (üç yüz) manatın və 30 manat dövlət rüsumunun, cəmi 44.330 (qırx dörd min üç yüz otuz) manatın alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 7627/2020 nömrəli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Bağırov Firudin Əlisa oğlu və X3 cavabdeh İddiaçı qarşı “öhdəliyin icrasına xitam verilməsi barədə” ilk iddiası rədd olunmuş, İddiaçı cavabdehlər Bağırov Firudin Əlisa oğlu və X5 qarşı “pul tələbi barədə” qarşılıqlı iddiası rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1892/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7627/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, 3 qəbzdə göstərilən pul (cəmi 50.000 manat) ilə 2 kredit müqaviləsində göstərilən pul (cəmi 50.000 manat) eyni puldur. Yəni kredit müqavilələri bağlandıqdan sonra pulun verilməsi qəbzlərdə əks olunub. Belə ki, 30.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (xx.xx.2016cı il tarixdən) 5 gün sonra (xx.xx.2016-cı il tarixdə) və 32 gün sonra (xx.xx.2016-cı il tarixdə) müvafiq olaraq 15.000 və 15.000, cəmi 30.000 manata dair qəbzlər tərtib olunub. 20.000 manata dair kredit müqaviləsinin bağlandığı tarixdən (xx.xx.2016-cı il tarixdən) 3 gün sonra (xx.xx.2016-cı il tarixdə) 20.000 manata dair qəbz tərtib olunub. Göründüyü kimi müqavilələr və qəbzlər xronologiya və məbləğ baxımından bir-birini tamamlayır. Bu isə onu təsdiq edir ki, qəbzlər müqavilələrin icrasını təsdiq etmək üçün tərtib olunub. Bunun əksi, yəni 3 qəbzin hər birinin ayrıca kredit münasibəti kimi qiymətləndirilməsi o deməkdir ki, 5 kredit münasibəti olub: 1-ci dəfə 30.000 manat verilib, bundan 5 gün sonra 2-ci dəfə 15.000 manat verilib, bundan 27 gün sonra 3-cü dəfə 15.000 manat verilib, bundan 11 gün sonra 4-cü dəfə 20.000 manat verilib, bundan 3 gün sonra 5-ci dəfə 20.000 manat verilib. Qısa zaman kəsiyində 5 dəfə, xüsusilə 3 gün və 5 gün zaman fərqi ilə pul verilməsi ağlabatan deyil. Yalnız 50.000 manat pul verilib, pulun verilməsinin etibarlılığının təmin edilməsi üçün kredit müqaviləsi ilə yanaşı qəbzlər də tərtib olunub. 50.000 manatdan 10.000 manat qaytarılıb, qalan 40.000 manatın tutulması ilə bağlı notariusun icra qeydi var. Göründüyü kimi, 3 qəbz kredit müqaviləsi deyil. Həmin qəbzlər daha əvvəl bağlanmış 2 kredit müqaviləsindən əmələ gələn öhdəliyin (pul vermək öhdəliyinin) kredit verən tərəfindən icra edildiyini təsdiq edən sənəddir. Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcluların ödəməli olduğu ümumi məbləğ 50.000 manat olmuş, 30.000 manatın 10.000 manatı İddiaçıla üçüncü şəxs Firudin Bağırov arasında imzalanmış qəbz əsasında, qalan 40.000 manat isə icra mərhələsində ödənilmişdir. Belə olan halda 53 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş icra sənədi tam icra olunmuş hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68 , 69 , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-9529/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9529/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver