Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9529/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Cavaşir oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixində daxili işlər orqanları sıralarından tərxis olunmuş, xx.xx.2014-cü il tarixində yenidən xidmətə qayıtmışdır. xx.xx.2014-cü il tarixində ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2014-cü il tarixindən pensiyasının ödənişi dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi onun yenidən xidmətə daxil olmağı göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, vaxtilə ona təyin edilmiş pensiya cavabdeh tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əslində o yenidən xidmətə daxil olsa da, təyin olunmuş pensiya məbləği ödənilməli idi. O, cavabdehə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixdə ödənişi qanunsuz olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsini, pensiya məbləğinin dayandırıldığı vaxtdan hesablanaraq tam şəkildə ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən onun pensiya ödənişi bərpa edilsə də, keçmiş müddət üçün yalnız üç il hesablanaraq ödənilmişdir. Cavabdeh pensiya məbləğinin qalan hissəsini ödəməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin pensiya mebləğinin qalan hissəsinin ödənilməsindən imtinasını qanunsuz ve əsassızdır. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı 19 fevral və 07 mart 2025-ci il tarixlərdə Mərkəzi Filiala müraciət edərək alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Mərkəzi Filialın cavab məktubunda bildirilmişdir ki, İddiaçı əmək pensiyası yenidən hesablanaraq tam məbləğdə 666,03 manat (maddi yardım pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə indeksləşdirmələr nəzərə alınmaqla) olmaqla bərpa edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun qaydada İddiaçı 13 fevral 2014-cü il tarixdən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (hazırda - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi 1 noyabr 2014-cü il tarixdən dayandırılmışdır. Eyni zamanda, Qanunun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “qeyd’ hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20- ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş. Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Sonradan iddiaçı F.X1 müraciətinə (7 avqust 2024-cü il tarixdə daxil olmuş) əsasən əmək pensiyası yenidən hesablanaraq tam məbləğdə 666,03 manat (maddi yardım pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə indeksləşdirmələr nəzərə alınmaqla) olmaqla bərpa edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 20397,60 manat pul vəsaitinin 566,60 manat hissəsi 2024-cü ilin avqust ayında iddiaçının müvafiq kart hesabına köçürülmüş, qalan 19831,00 manat isə Mərkəzi Filiala müraciətini nəzərə alaraq xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 4957,75 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 28 iyun 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən "Əmək pensiyaları haqqında" Qanununun 9.6.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 a/ xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 34 il 4 ay xidmət müddətinə görə yenidən hesablanaraq hazırda 952,02 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş müddət üçün yenidən ödənilməli olan 351,81 manat fərq məbləği müəyyən edilmişdir. Həmin vəsaitin cari ayda iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Ali Məhkəmənin 13 dekabr 2023-cü il tarixli 2-1(102)-2138/2023 nömrəli qərarında qeyd edilmişdir: Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi barədə cavabdehə xx.xx.2019-cu il tarixdən sonra, yəni xx.xx.2019-cu il tarixdə müraciət etdiyini nəzərə almamışdır. Bu zaman həmçinin müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim olunduğu da məhkəmə tərəfindən diqqətə alınmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarın 21-ci bəndində istinad edilmiş qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar yaranmış pensiya məbləği ötən dövr üçün “Əmək pensiyaları haqqında" Qanunun 32.1-2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1 -ci maddəsinə uyğun ödənilir. Başqa sözlə, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə üç illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 2019-cu il 1 yanvar tarixindən əvvəl inzibati orqana müraciət edildikdə, yenidən hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməli, 2019-cu il 1 yanvar tarixindən sonra müraciət edildikdə isə yenidən hesablanmış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi barədə cavabdehə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həmin müraciət əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üzrə, yəni müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il müddət üzrə ödəniş olunmuşdur. Beləliklə, yuxanda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üzrə yaranmış pensiya məbləğinin ödənilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən aydın olduğu kimi iddiaçının hüquqi marağı olan ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, imtina cavabı aldıqdan sonra, iddiaçı məhkəməyə iddia vermişdir. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə müəyyən edilmiş fərq məbləğinin ödənilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 3-17-1/2-/-60905/2025 №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1 -ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun qaydada sizə 13 fevral 2014-cü il tarixindən Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti (hazırda - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən xidmətə cəlb olunduğu üçün pensiya ödənişi 1 noyabr 2014-cü il tarixindən dayandırılmışdır. Eyni zamanda, Qanunun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci i! tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Sonradan onun Mərkəzi Filiala müraciətinə (7 avqust 2024-cü il tarixində daxil olmuş) əsasən əmək pensiyası yenidən hesablanaraq tam məbləğdə 666,03 manat (maddi yardım pensiyanın tərkibinə daxil edilməsi, 2023-cü il və 2024-cü il üzrə indeksləşdirmələr nəzərə alınmaqla) olmaqla bərpa edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün hesablanmışdır. Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının üzrə keçmiş üç il müddət üçün hesablanmış 20397,60 manat pul vəsaitinin 566,60 manat hissəsi 2024-cü ilin avqust ayında müvafiq kart hesabına köçürülmüş, qalan 19831,00 manat isə Mərkəzi Filiala müraciəti nəzərə alaraq xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 4957,75 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 28 iyun 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanununun 9.6.1 -ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. Sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 34 il 4 ay xidmət müddətinə görə yenidən hesablanaraq hazırda 952,02 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş müddət üçün yenidən ona ödənilməli olan 351,81 manat fərq məbləği müəyyən edilmişdir. Həmin vəsaitin cari ayda əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən 13 iyun 2025-ci il tarixli, 3-17-1/2-137494/2025 №-li məktubla İddiaçı aid pensiya işinin əsli məhkəməyə təqdim edilmişdir. Həmin pensiya işində olan sənədlərdən görünür: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 14/1552 №-li xx.xx.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1.-ci maddəsinə müvafiq olaraq xx.xx.2014-cü il tarixdən – ömürlük 352.01 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. - Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsinin DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentina ünvanladığı xx.xx.2014-cü il tarixli 027-3679-1214 nömrəli məktubunda Nazirliyin xətti ilə pensiya alan İddiaçı yenidən X2 bərpa edilməsi ilə əlaqədar olaraq DİN-in xx.xx.2014-cü il tarixli Ə2472/ ş/h-001-14 saylı əmrinin surəti onlara göndərilərək, ona pensiya ödənişinin dayandırılması xahiş edilmişdir. - “Əmək pensiyalarının yenidən hesablanması haqqında” 3-17-1/3-3-11781/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü ildə təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanmışdır (səbəb: ödənişin bərpa edilməsi). Yenidən hesablanmış pensiya məbləği 666,03 manat təşkil edir. Qeyd hissəsində iddiaçıya ödənilməli məbləğ kimi 20397,60 manat məbləğ (xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək) göstərilmişdir. - “Əmək pensiyalarının yenidən hesablanması haqqında” 3-17-1/3-3-5236/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü ildə təyin olunmuş yaşa görə əmək pensiyası (hazırki məbləği 719,97 manat) yenidən hesablanmışdır (səbəb: 9.6 maddəsinə əsasən). Yenidən hesablanmış pensiya məbləği 952,02 manat təşkil edir. Məhkəmənin mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin - 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. - 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. - 37.3. İşləyən əmək pensiyaçılarına: - 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; - 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. 38.2. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununa əsasən 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçıya münasibətdə əmək pensiyasının ödənişi xx.xx.2014-cü il tarixdən dayandırılmışdır. İddiaçının pensiya ödənişi xx.xx.2021-ci il tarixdə tam məbləğdə bərpa olunmuş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı hazırda məhkəməyə müraciət edərək ona əmək pensiyasının ödənişinin dayandırıldığı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsini tələb etməkdədir. Məhkəmə cavabdehin imtinasında qeyd edilən dəlillərinə və işin tədqiq olunan hallarına münasibətdə zəruri olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-510/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarının 24-cü bəndində ifadə olunmuş hüquqi mövqe) Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Qanunverici əmək pensiyası təyin edilmiş şəxslərin işləməsinə istisna və buna münasibətdə hansısa məhdudiyyət müəyyən etmir. Lakin cavabdeh tərəfindən göstərilən tələblərə əməl edilmədən işləyən pensiyaçı kateqoriyasına aid olan iddiaçıya münasibətdə əmək pensiyasının ödənişi dayandırılmış, sonradan onun müraciəti əsasında ödənişlərin həyata keçirilməsi bərpa edilmişdir. Cavabdeh bununla kifayətlənməyərək ödənişin həyata keçirilmədiyi əvvəlki üç illik müddət üçün də ödənilməmiş əmək pensiyasının ödənilməsini təmin etmişdir. Cavabdeh faktiki olaraq iddiaçıya əmək pensiyasının ödənişini bərpa etməklə və ötən üç illik müddət üçün ödənişləri həyata keçirməklə əmək pensiyasının ödənilməsinin dayandırılmasında ifadə olunan hərəkətlərinin qanunsuzluğunu etiraf etmiş, yol vermiş olduğu pozuntunu aradan qaldırmağa çalışmış, lakin mövcud münasibətə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, sözügedən normanın tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddədə ifadə olunan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ xx.xx.2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq oluna bilər ki, hazırkı işin faktiki halları sözügedən müddəanın tətbiqini istisna edir. (Bax: N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı). Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə son olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin əsaslılığı işin faktiki halları və qanunvericiliyin tələbləri baxımından öz təsdiqini tapır. Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası təmin edilməli, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,32,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9529/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9529/2025
04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver