Məhkəmə qərarları › İş №2-1(112)-9534/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9534/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9534/2022 19.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X1rşı “elektik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması və yeni abonent kodunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərişıq ASC-nin X6 arasında elektik enerjisinin verilməsi haqqında alqı-satqı müqaviləsinin bağlanması və yeni abonent kodunun verilməi öhdəliyinin "xxxx" ASC-nin X3 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, alqı-satqı müqaviləsinə əsasən Bakı şəh., Yasamal rayonu, X11 küçəsi, ev 27 ünvanında yerləşən 7 otaqlı yaşayış sahəsinin 15.2 kv.metrini və 21.8 kv.m köməkçi hissədən ibarət olan 1 otağı dəyərini ödəməklə X2 alıb. Daha sonra qeyd olunan mənzilin dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edib. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəh., Yasamal rayonu, X11 küçəsi, ev 27 ünvanında yerləşən evin 1 otağının /2 hissəsi oğlum X5 1/2 hissəsi isə onun adına dövlət qeydiyyatına alınmışdır. Azərişıq ASC-nin Yasamal EŞ-nə müraciət edərək işıq sayğacının ayrılmasını xahiş etdikdə ona bildirdilər ki, abonentin kodunda adın dəyişdirilməsi onların slahiyyətləri xaricindədir. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, elektrik enerjisindən istifadəyə görə 512.28 manat məbləğində borc mövcuddur. Bildirilmişdir ki, evin əvvəlki mülikyyətçisi X7 vəfat etmiş, borc isə onun adına qeyd olunmuşdur. Hazırda ölmüş şəxsin adına borc olduğundan ona cavabdeh tərəfindən yeni abonə kodunun verilməsindən imtina olunur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

3. İddiaçının müraciətinə cavab olaraq "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən bildirilmişdir ki, əraziyə xidmət edən nəzarətçi-mühəndis tərəfindən sizə təqdim olunan bildirişdə xx.xx.2022-ci il tarixədək sərf edilən elektrik enerjisinə görə olan borc 4.16 Azn., ümumi borc isə 512.28 Azn təşkil edir. Bildirilmişdir ki, abunə kodunda ad dəyişikliyi edilməsi Yasamal RETSİ-nin səlahiyyəti xaricindədir. Məlumat veririk ki, **********70001 kodunda düzəliş (ad dəyişikliyi) edilməsi üçün, abonentin ASAN Kommunal Xidmət Mərkəzlərinə müraciət edilməsi lazımdır..

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbini müdafiə etdi.

5. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, hazırki iddia mülki xarakterlidir, iddiaçı məqsədinə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. 8.27. Özünəxidmət üsulu tətbiq edildikdə xüsusi hesablaşma kitabçasında enerjitəchizatı müəssisəsinin göstərdiyi hesablaşma dövründə sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması məişət abonentinin özü tərəfindən aparılır (6 nömrəli əlavə). 8.28. Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.

10. “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli 890 nömrəli Fərmanın: 2-ci bəndinə əsasən “ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edir: 2.1. kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini; 2.2. göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini; 2.3. vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını... 3-cü bəndində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün tədbirlər görsünlər.

11. Göründüyü kimi, Fərmanla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan xidmətlərin, o cümlədən elektrik enerjisinin alqı-satqı müqaviləsinin, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi xidməti “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsi tapşırılmışdır. Hazırkı işdə iddia tələbinin əsasını təşkil edən iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evlərinə münasibətdə elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə müraciət etməsi müəyyən edilmir.

12. İnzibati orqanın müraciətdən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

14. Məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər. İddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi borcun silinməsi və elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə müraciət etməsi, imtina edildikdə müvafiq tələblə ümumi məhkəməyə müraciət etməkdir.

15. "xxxx" ASC-nin X6 inzibati orqan deyildir. Məhkəmə hesab edir ki, cavabdehin əvəz olunmasına dair məhkəmə tərəfindən hüquqi yardımın göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir.

16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar