Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9536/2021 27.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “şəhid ailəsinin mənzil növbəsinə götürülməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan rayonundan məcburi köçkün düşmüş şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyaraq məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olmuş X2 həyat yoldaşıdır. X1 ilə birgə nigahdan dörd övladı var. 1993-ci ildə həyat yoldaşı X6 rayonunda Güllü Yal deyilən ön cəbhədə erməni işğalçıları ilə üzbəüz gedən döyüşdə qəhrəmancasına həlak olub. O, dəfələrlə aidiyyəti üzrə Dövlət Orqanlarına ailə vəziyyəti haqda yazılı surətdə müraciət etmiş, lakin hamısı cavabsız qalmışdır. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Onun mənzil və yaşayış şəraiti acınacaqlı və çörək puluna ehtiyacı var. Övladları hal-hazırda işləmir. Onun mərhum həyat yoldaşı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda gedən ağır döyüşlərdə qəhramancasma vuruşub və qəhramancasına şəhid olub. Qeyd edilənlərə əsasən, şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, iddia tələbi üzrə dəqiqləşmənin aparılmasının zəruriliyini bildirmiş, iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün yaşadıqları rayon (şəhər) İcra Hakimiyyətlərində mənzil növbəsinə götürülürlər. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin səlahiyyətindədir. İddia tələbində cavabdehlər sırasında dəqiqləşdirilmənin həyata keçirilməsi, cavabdeh orqana müraciət ərizənizin təqdim edilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İş üzrə bir sıra prosedur hərəkətlər edildikdən sonra məhkəmə iclası 27 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı mənzillə təmin olunması ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etdiyini iddia ərizəsində qeyd etsə də, iddiaçının sözügedən məzmunda Komitəyə heç bir müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə İddiaçı müvafiq məzmunlu müraciəti daxil olmadığından, Komitənin həmin müraciətə baxaraq ona imtina verməsi qeyri-mümkündür. Həmçinin iddiaçı Komitə tərəfindən onun müraciətinə imtina verildiyini bildirsə də, sözügedən imtina məktubunu iddia ərizəsinə qoşma kimi əlavə etməmişdir. Beləliklə, İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş fikirlər mövcud həqiqəti əks etdirmir. Bundan əlavə Komitədə şəhid ailələri olan məcburi köçkünlərin növbədənkənar mənzillə təmin edilməsi ilə bağlı siyahı yoxdur və məcburi köçkünlərin hər hansı kateqoriyaya aid olmasından asılı olmayaraq, onların yerləşdirilməsi Dövlət Proqramında nəzərdə tutulan obyektlərdə məskunlaşması üzrə həyata keçirilir. Əgər məcburi köçkün Dövlət Proqramında göstərilən köçürmə obyektində məskunlaşıb faktiki yaşayırsa, bu məqsədlə hazırlanmış siyahıya daxil edilir və Qaydaların tələblərinə uyğun olaraq mənzillə təmin olunur.Odur ki, iddiaçı şəhid ailəsi kimi mənzillə təmin olunması üçün aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanıa müraciət etməlidir. Azərbaycan Respublikası Qaçqınların X4 üzrə Dövlət Komitəsi tərəfindən şəhid ailələri olan olan məcburi köçkünlərin növbədənkənar siyahıya alınaraq mənzillə təmin edilməsi həyata keçirilmədiyindən Komitə iddia tələbi üzrə cavabdeh şəxs qismində çıxarılmalıdır. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, iddiaçı şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasını xahiş edir. Lakin iddiaçı məhkəmə iclasında iştirak edərək, cavabdeh inzibati orqana müraciət ərizəsini və (və ya) müraciətə imtina məktubunu təqdim etməmiş, həmçinin, “hüquqi yardım” məktubunda qeyd edildiyi kimi iddia tələbində dəqiqləşdirilmə aparmamışdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsini qeyd etmişdir. Halbuki, iddiaçıya Məhkəmə tərəfindən göndərilən hüquqi yardım məktubunda da cavabdehin dəqiqləşdirilməsinin zəruriliyi bildirilmiş, lakin iddiaçı nə məhkəmə iclasında iştirak etməmiş, nə də ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsini təqdim etməmişdir. Hazırkı iddia tələbi üzrə cavabdehlik daşıyan orqan yerli icra hakimiyyəti orqanıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar Həmin Qanunun 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı səlahiyyət yerli icra hakimiyyəti orqanlarına məxsusdur. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə iddiaçı müvafiq rayon (şəhər) İcra Hakimiyyətinə müraciət etməli, müraciətinə imtina edildiyi halda cavabdeh qismində yerli icra hakimiyyəti orqanının göstərərək, məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “şəhid ailəsinin mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-9536/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9536/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver