Məhkəmə qərarları › İş №2-1(112)-954/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-954/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-954/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı X4, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun və qızı X3 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması barədə vəsatətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 izahatında bildirdi ki, o, xx xxxx 1976-cı ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Nəzərli kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun ödənişli təhsil fakültəsinin “Maliyyə-kredit ixtisası” üzrə əyani şöbəsinə daxil olmuş, 1998-ci ildə həmin institutu bitirmişdir. Ona bu barədə A № 015368 saylı diplom verilmişdir. Onun ailəsində anası X2 və oğlu X10 hər ikisi Azərbaycan Respublikasının vətəndaşlarıdır. X16 vətəndaşlığı barədə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən arayış verilmişdir. xx xxxx 2005-ci il tarixində Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi kimi anasının mülkiyyətində olan Bakı şəhəri, X18 küçəsində 9 saylı evin 18-ci mənzilinə daimi qeydiyyata düşmüşdür. Xətai Rayon Məhkəməsinin 2-678/2007 nömrəli xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə onun 1999-cu ilin avqustundan Azərbaycan Respublikasının ərazisində daimi yaşama faktı müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidməti yarandığı zamandan bu günə kimi o, fasiləsiz olaraq daimi yaşayan əcnəbi kimi 4cü dəfərdir ki, daimi yaşamaq üçün icazə vəsiqəsi alır. O, Azərbaycan Respublikasının vətəndaşlığını almaq məqsədilə 2007-ci il, 2016-cı il, 2017-ci ildə və sonuncu dəfə xx.xx.2019-cu ildə Dövlət Miqrasiya Xidmətinin tələb etdiyi sənədləri tam toplayaraq təqdim etmişdir. Beləliklə, vətəndaşlıq almaq məqsədi ilə 4 dəfə müraciət etmişdir. Hər dəfə 110 (yüz on) manat dövlət rüsumu və digər notarius rüsumlarını ödəmişdir. Hər dəfə olduğu kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən eyni məzmunda cavab verilmişdir ki, “Sizin Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinizə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunmadığından rədd edilmişdir". O, dəfələrlə Prezident Administrasiyasında və Dövlət Miqrasiya Xidmətində qəbulda olaraq şikayət ərizəsi ilə birlikdə şikayətini bildirmiş, vətəndaşlığa qəbulla bağlı vəsatətinin təmin edilməsinin məqsədəuyğun hesab edilməməyinin əsas səbəbi barədə məlumat verilməyini və rədd edilməsinin əsaslandırılmasını tələb etsələr də, yenə də eyni məzmunlu məlumat verilmişdir. Dövlət orqanları tərəfindən verilmiş imtinaların səbəbləri əsaslandırılmır və bu da onun hüquqlarının pozulması faktıdır. Hal-hazırda o, xx.xx.2007ci ildən bu günə kimi, yəni 13 ildir ki, fasiləsiz olaraq “Azəriqaz” İB-nin Xətai rayon üzrə istismar sahəsində işləyir. İşlədiyi bu uzun dövr ərzində DSMF-də fərdi sığorta hesabına 15.000 (on beş min) manatdan çox vəsait toplanmışdır. Bu da onun Bakı şəhərində qanuni əsaslarla daimi yaşama faktını bir daha təsdiq edir. Onun anası və oğlu Azərbaycan Respublikasının vətəndaşlarıdır, Azərbaycan Respublikası ilə qarşılıqlı hüquq və vəzifələri olan şəxslərdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı X11 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Təqdim edilmiş vəsatət baxılması üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olmuş xx.xx.2020-ci il tarixli 2/188 nömrəli məktuba əsasən iddiaçı və qızı Əliyeva Yağmur ilə birlikdə vəsatət təmin edilməmişdir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 2007, 2016 və 2017-ci il tarixli vəsatətlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının 2009-cu il 01 iyul, 2017-ci il 25-26 oktyabr və 2018ci il 19 dekabr tarixlərində keçirilmiş iclaslarında baxılaraq rədd edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçı X4 cavabdehlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və vətəndaşlığa qəbul olunma barədə vəsatətin təmin olunması” tələbinə dair iddiasının cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına aid hissədə, eləcə də cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlığa qəbul olunma barədə vəsatətin təmin olunması” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçı X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli K/Ə-966 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli Ə-1543 nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, Sizin (övladınız X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı xx.xx.2019-cu il tarixli vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçı X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin (övladınız X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab olunmadığından rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən iddiaçı X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli K/Ə-1167 saylı məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli Ə-1543/1 nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, Sizin (övladınız X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı xx.xx.2019-cu il tarixli vəsatətinizə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və təmin edilməsi məqsədəuyğun hesab edilmədiyindən rədd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 5-ci hissəsinin üçüncü cümləsinə əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və vətəndaşlıqdan çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində şəxslərə yazılı məlumat verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edirik ki, xx.xx.2020-ci il tarixdə daxil olmuş eyni məzmunlu müraciətinizə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq nəticəsi barədə Sizə xx.xx.2020-ci il tarixli K/Ə-966 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus DYİ serialı 00***** nömrəli vəsiqənin surətindən görünür ki, Gürcüstan vətəndaşı Etibar Əliyevə xx.xx.2019-cu ildən xx.xx.2024cü il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan Qardabani rayonu Kosalı kənd soveti tərəfindən xx xxxx 1976cı il tarixdə verilmiş İİ-Tİ seriyalı 272075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1976-cı il tarixdə Gürcüstan SSR, Qardabani rayonu, Nəzərli kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2014-cü il tarixli 3046 saylı arayışının surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə-5917 saylı xx.xx.2014-cü il tarixli arayışından görünür ki, DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxx 1976-cı ildə Gürcüstanda anadan olmuş Əliyev Etibarın məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan X4 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatətinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəyindən görünür ki, xx xxxx 1976-cı ildə Gürcüstanın Qardabani rayonunda anadan olmuş Gürcüstan vətəndaşı X11 Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999cu il tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tələb olunan sənədləri Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə birlikdə Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdir. E.K.X9 Xidmətinə təqdim etdiyi sənədlərdən görünür ki, o, 1983-1993-cü illərdə Gürcüstanda orta təhsil almışdır. 1994-cü ildə ali təhsil almaq məqsədilə Azərbaycan Respublikasına gəlmiş və 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. xx xxxx 2009-cu ildə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilmişdir. Hal-hazırda Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Bakı X13 Departamentinin Xətai rayonu üzrə Texniki istismar xidmətində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində çalışır. Cinayət məsuliyyətinə cəlb olunmamışdır. Evlidir, iki övladı var, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şəxs tərəfindən doldurulmuş ərizə-anketə, həmçinin təqdim edilmiş sənədlərə əsasən, onun anası X2 və övladı X10 Azərbaycan Respublikasının vətəndaşıdırlar. E.K.Əliyevin vəsatətinin araşdırılması zamanı məlum olmuşdur ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 2007, 2016 və 2017-ci il tarixli vəsatətlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının 2009-cu il 01 iyul, 2017-ci il 25-26 oktyabr və 2018-ci il 19 dekabr tarixlərində keçirilmiş iclaslarında baxılaraq rədd edilməsi qərara alınmışdır. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyi E.K.Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə etiraz etmirlər. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vahid miqrasiya məlumat sistemi üzrə yoxlama nəticəsində E.K.Əliyevin Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması müəyyən edilmişdir. E.K.Əliyev vəsatətində onunla eyni zamanda yetkinlik yaşına çatmayan övladı xx xxxxxxx 2014-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X3 Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti X4 (övladı X7 ilə birlikdə) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatətinin müsbət həll olunmasını məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 8.6. Azərbaycan Respublikasının vətəndaşlığı və siyasi sığınacaq verilməsi məsələlərinə baxılmasında iştirak edir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında» Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən vətəndaşlığa qəbul ilə əlaqədar sənədlər Dövlət Miqrasiya Xidmətinə təqdim edilmişdir. Həmin sənədlər aidiyyəti üzrə göndərilmiş, qeyd olunan sənədlərə baxılmış və iddiaçıya yazılı cavablar verilmişdir. Göründüyü kimi, cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinin hərəkətlərinin qanusuz hesab edilməsini tələb etsə də, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar