Məhkəmə qərarları › İş №2-1(112)-954/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-954/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-954/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinə qarşı (üçüncü şəxslər X13 və X7) “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının xx.xx.2021-ci il tarixli 000382 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı EDGE markalı 2FMDK4KC5DBC71131 ban nömrəli avtomobilin İddiaçı adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilməsi vəzifəsinin AR Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə alqı satqı müqaviləsi ilə X6 25500 manat ödənilməklə Ford EDGE markalı avtomobili alqı-satqı əsasında almışdır. Mövcud alqı-satqı müqaviləsi AR Daxili İşlər Nazirliyi Baş X23 İdarəsində olmuş və Nəqliyyat vasitəsinin qeydiyyat şəhədətnaməsinə də müvafiq qeydlər aparılmışdır. Daha sonra alqı satqı müqaviləsində heç bir tərəf olmayan X7 adlı şəxs X25 idarəsinə müraciət edərək guya ona pulun ödənilmədiyi barədə ərizə yazaraq avtomobilin onun adına keçirilməsinin qarşısını almışdır. AR Daxili İşlər Nazirliyi Baş X23 İdarəsi də heç bir aidiyyəti olmayan şəxsin ərizəsini əsas götürərək nəqliyyat vasitəsinin qeydiyyata almaqdan imtina edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AC 973052 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “FORD EDGE” markalı, 99BR066 dövlət qeydiyyat nişanlı, buraxılış ili – 2013, mühərrik – BC71131, Ban nömrəsi -2FMDK4KC5DBC71131 olan avtomobilin sahibi X11r. -000382 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X16 ilə “alıcı” İddiaçı arasında “FORD EDGE” markalı, 99BR066 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X23 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «FORD EDGE» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə gömrük bəyannaməsi AA563309 nömrəli hesab-arayış əsasında X9 adına qeydiyyata alınaraq girov müqaviləsi ilə "xxxx" ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir. Sözügedən nəqliyyat vasitəsi "xxxx" ASC-nin Şəki filialının 82 nömrəli məktubu əsasında girovdan azad edilmiş, xx.xx.2017-ci il tarixdə komisyon mağazadə satılması üçün Rizvan Sadıqovun adından qeydiyyatdan çıxarılmışdır. Sorğu edilən «FORD EDGE» markalı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə 733570 nömrəli hesab-arayış əsasında **-VO-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X14 adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə onun adından qeydiyyatdan çıxarılaraq X10 adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satış üçün Leyla Mərahiminin adından qeydiyyatdan çıxarılmışdır. - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən və “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı 90BR066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X16 adından onun etibarnamə üzrə hərəkət edən nümayəndəsi X3 tərəfindən X5 11 ay 21 gün müddətinə olmaqla xx.xx.2022-ci il tarixinədək etibarnamə verilmişdir. Etibarnamə verilən səlahiyyətlər sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməkdən ibarət olmuşdur. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1413/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən İlk iddia üzrə iddiaçı X4 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə baxılaraq ilk iddia üzrə iddiaçı X4 ilk iddia üzrə cavabdeh İddiaçı qarşı (X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-167394/2024 nömrəli məktubunda bildirilmişdir ki, DİN Baş X23 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Ford Edge» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdən sonra «Ford Edge» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hər hansı qeydiyyat hərəkətləri aparılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-211967/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş Nəqliyyat vasitəsi barədə məlumatların kompüter çıxarışından görünür ki, DİN Baş X23 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Ford Edge» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2021-ci il tarixdən sonra «Ford Edge» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair hər hansı qeydiyyat hərəkətləri aparılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, toxunulmuş məsələyə müvafiq qaydada baxılması üçün məhkəmə orqanlarının müvafiq sənədinin DİN Baş X23 İdarəsinə təqdim edilməsi vacibdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixli 000382 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı EDGE markalı 2FMDK4KC5DBC71131 ban nömrəli avtomobilin İddiaçı adına Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -2.9-cu bəndinə görə Nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; https://e-qanun.az/framework/5078 nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı; komisyon və ticarət təşkilatları ilə bağlanılmış alqı-satqı müqaviləsi; vətəndaşların mülkiyyətinə satılması istisna olmaqla, Müdafiə Nazirliyinin və digər silahlı birləşmələrin müvafiq qurumlarının verdiyi hesab-naryad, hərbi hissənin yekun aktı və texniki vəziyyət haqqında akt; əl ilə idarə edilən avtomobillərin, yaxud motoarabacıqların verilməsi barədə sosial təminat orqanlarının arayışı; qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilmiş bağışlama, pay və ya ləğv etmə müqaviləsi, yaxud nəqliyyat vasitəsinə mülkiyyət və vərəsəlik hüququ verilməsi barədə şəhadətnamələr; nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X17-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi. Bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakıdır. Hüquqi şəxslərin nəqliyyat vasitələri satılıb-alındıqda əlavə olaraq təhvil-təslim aktı və nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd və ya onun surəti tələb edilir; müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. -2.10-cu bəndinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X23ndə uçota alınmış və nəqliyyat vasitələrinin alqı-satqısı üzrə ixtisaslaşmış hüquqi şəxs statuslu müəssisə, təşkilat və firmalar tərəfindən respublikaya satış üçün gətirilmiş təzə nəqliyyat vasitələri, onları almış hüquqi və fiziki şəxslərin adına, həmin nəqliyyat vasitələrinin respublikaya gətirilməsinə dair gömrük sənədləri, alqı-satqı müqaviləsi, tranzit nişanları və bu Əsasnamənin 2.8.-ci bəndində nəzərdə tutulmuş digər müvafiq sənədlər əsasında qeydiyyata alınır. Göründüyü kimi, nəqliyyat vasitəsinin qeydiyyatı üçün əsas kimi çıxış edən alqı-satqı müqaviləsinin bağlanılmasını qanunverici müəyyən tələblərlə şərtləndirmişdir. Belə ki, müqavilənin nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X17-imtahan məntəqələrində təsdiq olunması, bağlanmış müqavilənin doğruluğunun təkzibedilməz şərti qeydiyyat məntəqəsində satıcı və alıcının (onların vəkil etdikləri şəxslərin) iştirakı tələb olunur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinin əsaslandırdığı 000382 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinə mülkiyyət hüququnu ehtiva edən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir.. Belə ki, 000382 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X10 adından etibarnamə əsasında X3 ilə “alıcı” İddiaçı arasında “FORD EDGE” markalı, 99BR066 dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X17imtahan məntəqələrində təsdiq olunması görünmür. Müqavilə "xxxx" Firması MMC-nin dierktorunun imzası və MMC-yə aid möhürlə təsdiq edilmişdir. Həmçinin, müqavilənin bağlandığı tarixdə, yəni xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı 90BR066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X16 adından onun etibarnamə üzrə hərəkət edən nümayəndəsi X3 tərəfindən X5 verilmiş etibarnamə qüvvədə olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı 90BR066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X16 adından onun etibarnamə üzrə hərəkət edən nümayəndəsi X3 tərəfindən X5 11 ay 21 gün müddətinə olmaqla xx.xx.2022-ci il tarixinədək etibarnamə verilmişdir. Nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış xx.xx.2021-ci il tarixdə verilmiş, xx.xx.2021-ci il tarixdə isə satış üçün qeydiyyatdan çıxarılmışdır. İddiaçının təqdim etdiyi nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. O cümlədən müqaviləni “satıcı” qismində X10 adından etibarnamə əsasında X3 imzalasa da, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 000382 nömrəli xx.xx.2021ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində olan X2 adından edilmiş imzanın ona məxsus olmamasını bildirmişdir. Məhkəmə 000382 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olmadığından (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş nümunəvi formasına uyğun olmadığından) və nəqliyyat vasitəsinin qeydiyyatına əsas verən sənəd qismində qəbul etmədiyindən həmin müqavilədə “satıcı” qismində X10 adından etibarnamə əsasında X2 imzasının doğruluğunu təsdiq edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsinə də zərurət görməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, mübahisə predmeti olan nəqliyyat vasitəsi faktiki halda iddiaçının sahibliyində, eləcə də nəqliyyat vasitəsinə aid üçüncü şəxsin adına olan qeydiyyat şəhadətnaməsinin əsli iddiaçıda olsa da iddiaçı nəqliyyat vasitəsinin öz adına qeydiyyata alınmasına əsas verən qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar