Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9541/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinə qarşı “sənədlərin əldə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra- İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinə (bundan sonra-Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “B.X2 Zavodu” TASC-də ona aid sənədlərin əldə olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “B.X2 Zavodu” TASC-də çalışdığı müddətdə 03 aprel 1981-ci il tarixdə aldığı xəsarətə görə əmək qabiliyyətini itirmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 50% itirilməsi ilə nəticələnən xəsarət almış və ona əlillik dərəcəsi verilmişdir. Ona aylıq sığorta məbləğinin ödənilməsi müəyyən edilmişdir. 2022-ci ilin noyabr ayında əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödəniş dayandırılmışdır. Sığorta məbləğinin ödənilməsinə köməklik göstərilməsi barədə cavabdehə müraciət etmiş, lakin idarə tərəfindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən verilmiş cavabda “B.X2 Zavodu” TASC-yə ünvanlanmış məktubun geri qaytarılması səbəbilə mübahisənin həll olunmasından imtina edilmişdir. Cavabdehin imtinası tamamilə əsassızdır və o, iddiaçıya sığorta məbləğinin ödənilməsi barədə tədbir görməli idi. Onun “B.X2 Zavodu” TASC-də işlədiyi müddətdə aldığı xəsarət peşə xəstəliyi olmuşdur və bu barədə məlumatlar mövcuddur. Lakin cavabdeh tərəf bunu nəzərə almamış və ona sığorta ödənişinin yenidən ödənilməsində maraqlı olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddia tələbi əsassızdır, eyni zamanda, iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab olunmur. Belə ki, vətəndaşın özü də qeyd etdiyi kimi, onun müraciətinə DƏMX Bakı Şəhər İdarəsi tərəfindən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılmış və müvafiq qaydada cavablandırılmışdır. Həmçinin, DƏMX Bakı Şəhər İdarəsi tərəfindən məsələnin araşdırılması üçün “B.X2 Zavoduna” müvafiq sənədlərin DƏMX Bakı Şəhər İdarəsinə təqdim olunması ilə bağlı məktub göndərilmiş, lakin poçt tərəfindən həmin məktub müəssisənin ünvandan köçdüyü barədə qeyd qoyulmaqla geri qaytarılmışdır. Həmçinin, “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sahibkarlıq sahəsində yoxlamaların həyata keçirilməsi xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Bununla əlaqədar, tərəfindən araşdırma aparılması mümkün olmamış və qeyd olunan məsələnin məhkəmə qaydasında həll edilməsi üçün vətəndaşın məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Eyni zamanda, DƏMX Bakı Şəhər İdarəsinin “B.X2 Zavoduna” məxsus sənədlərə malik informasiya subyekti olmadığı məlumdur. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.2ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Sənədlərə malik olmayan təşkilatdan onda olmayan digər subyektə aid sənədlərin alınaraq başqa şəxsə verilməsi öhdəliyinin qoyulmasının tələb edilməsi məntiqə uyğun hesab olunmur. Bu öhdəlik yalnız sənədin məxsus olduğu informasiya subyektinin üzərinə qoyula bilər. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinə qarşı vətəndaşın iddiası tamamilə əsassızdır və təmin edilə bilməz. Bundan əlavə, iddia tələbi hər hansı inzibati aktın qəbulu və ya mübahisənin həlli ilə əlaqəli deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsində bu şəxslə bağlı hər hansı inzibati icraat aparılmamış və inzibati akt qəbul olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən digər informasiya sahiblərinə məxsus sənədlərin alınıb digər şəxsə verilməsi inzibati akt deyil və hər hansı şəxs üçün inzibati hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitam verilməsinə səbəb olmur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında Əsasnamə”sinə uyğun olaraq X3 Xidməti belə səlahiyyətlərə malik deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının “B.X2 Zavodu” TASC-də işlədiyi müddətdə aldığı xəsarətə görə ona ödənilən aylıq ödənc dayandırılmış, bundan sonra o, həmin məbləğin alınmasına kömək göstərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini xx.xx.2023-cü il tarixli məktubla cavablandıraraq bildirmişdir ki, müraciətdə qeyd edilən məsələnin araşdırılması məqsədilə “B.X2 Zavodu” TASC-nin ünvan 1 ünvanına “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının N 1308-İV-DQ saylı 30 sentyabr 2015-ci il tarixli Qanunun 7.9-cu maddəsinə uyğun olaraq, iddiaçıya aid olan müvafiq sənədlərin təqdim olunması məqsədilə **********8 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, lakin poçt qəbzində “köçüb” qeydilə məktub geri qaytarılmışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. İddiaçı hazırda bu cavabla razılaşmır və aylıq ödəncin yenidən alması üçün zəruri sənədlərin müəssisədən əldə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının hüquqi marağı dayandırılmış istehsalat qəzası ilə bağlı aylıq ödəncin yenidən ona verilməsinə yönəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasən: - 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. - 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. - 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. - 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. - 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən: - 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. - 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. - 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. - 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. - 5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nə əsasən: 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 1.4. Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEKin rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 3.12. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. İstinad olunan normalardan görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, işəgötürən işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və işçinin itirdiyi peşə əmək qabiliyyətinə görə ona aylıq ödəniş etmək vəzifə daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən həmin Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı işəgötürən tərəfindən istehsalat qəzasına görə ona ödənilən aylıq ödəncin bərpasına yönəldiyindən iddiaçı hazırkı iddia ilə deyil, ona ödəniş verilməsini dayandırmış işəgötürənə qarşı müvafiq tələblə ümumi məhkəməyə müraciət etməklə arzu etdiyi nəticəyə nail ola bilər. Müəssisədən zəruri sənədlərin əldə edilməsi ilə bağlı cavabdehə yönəlmiş tələbə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdehin qanunvericiliklə nəzərdə tutulmuş belə bir öhdəliyi mövcud deyil. İddiaçı aidiyyəti üzrə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini cavablandırmaqla ona məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələbi baxımından iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9541/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9541/2023
03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver