Məhkəmə qərarları › İş №2-1(112)-9542/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9542/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9542/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş real zərərin məbləği 116576 manat, bank faizinin uçot dərəcəsinin məbləği – 34937,50 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 500 manat, ekspertiza xərcləri – 200 manat, cəmi – 162213,50 (yüz altmış iki min iki yüz on üç manat əlli qəpik) manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən ev xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50131 nömrəli vərəqində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır. 28 ildən artıq müddətdir ki, borclular Laçın rayonundan məcburi köçkün olan X49 və onun ailə üzvləri onun mülkiyyətində olan mənzili zəbt edib bu günə kimi orada yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 188 saylı, xx.xx.1998-ci il, 2(011)-3007/2008 saylı, xx.xx.2008-ci il və 2(011)-2276/2015 saylı, 27 aprel 2015-ci il tarixli qətnamələri ilə iddiaçılar T.A.Mehdiyev, S.S.Quliyev və İddiaçı cavabdehlər A.M.Həsənova və digərlərinə qarşı mənzildən çıxarılmasına dair iddiası təmin edilmiş, Asif Həsənovun və onun ailə üzvlərinin Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilindən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, hazırkı qətnamə Laçın rayonundan məcburi köçkün olan X16 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)- 1509/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə tələbkar İddiaçı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” ərizəsi təmin edilmiş və Xətai rayon İcra Şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.20155-ci il tarixli, 2(011)-2276/2015 saylı qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 820/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Xətai rayon İcra Şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmışdır. Baxmayaraq ki, borcluların mübahisəli mənzildən çıxarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin üç qanuni qüvvəyə minmiş qətnaməsi vardır, lakin 23 ildən artıq (1998-ci ilin yanvar ayından bugünə kimi) bir müddətdir ki, həmin məhkəmə qətnamələri icra olunmur, borclular ona məxsus mənzili zəbt edərək uzun müddətdir ki, orada qanunsuz olaraq yaşayır və bununla da, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Xətai rayon İcra Şöbəsi məhkəmə aktı əsasında verilən icra sənədini 23 ildən artıq müddət ərzində icra etməmiş və bunun üçün hər hansı konkret hərəkət keçirməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsi tərəfindən də, bu 23 il ərzində 3 qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icra edilməsi üçün heç bir tədbir görülməmiş, Laçın rayonundan məcburi köçkün olan A.M.Həsənovun ailəsinə hər-hansı yaşayış sahəsi ayrılmamış və onlar bugünə kimi mənzillə təmin edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2021ci il tarixli, 213 nömrəli ekspertizanın mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 78 saylıl evin 178 saylı mənzilinin hazırkı Respublikadaxili orta bazar qiyməti 86 000 (səksən altı min) manat, bir aylıq kirayə haqqının orta bazar qiyməti isə 392 (üç yüz doxsan iki) manat müəyyən edilir. Qaçqınların və X38 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində o, əmlakdan məhrum olduğuna (86 min manat) və bu 6 il 6 ay ərzində məcburiyət qarşısında qalaraq ailəsi ilə birlikdə (özü, həyat yoldaşı və azyaşlı uşaq) kirayədə yaşadığına görə (78 ay × 392 manat = 30576 manat) ailələrinə 116576 (yüz on altı min beş yüz yetmiş altı) manat məbləğində maddi ziyan (real zərər) dəymişdir. Digər tərəfdən, cavabdehlərin bu 6 il 6 ay ərzində məhkəmə qətnaməsinin icra edilməsini gecikdirdiyinə görə, ona məxsus əmlakın dəyərinin məbləğindən fazilər ödənilməlidir. xx.xx.2021-ci il tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi 6.25 % təşkil edir. Eyni zamanda, Qaçqınların və X38 üzrə Dövlət Komitəsinin və Xətai rayon İcra Şöbəsinin qanunsuz hərəkətləri nəticəsində ona və yaxınlarına mənəvi zərər dəymişdir, çünki bu müddət ərzində ailələri mənəvi sarsıntı və iztirab keçirtmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı bu qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1515/2022 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2023cü il tarixli, 2-1(102)-1386/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1515/2022 nömrəli qərardadı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli, 2-1(103)-1515/2022 nömrəli qərardadının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(103)-813/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3850/2022 saylı 25 yanvar 2022 tarixli qərardadı qismən- cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə münasibətdə ləğv edilmiş və həmin hissədə işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbinə təkrar məhkəmədə baxılarkən iddiaçı tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş real zərərin məbləği 39592 manat, bank faizinin uçot dərəcəsinin məbləği – 65145 manat, mənəvi zərərin məbləği – 10000 manat, hüquqi yardıma görə ödənilən xərclər – 500 manat, ekspertiza xərcləri – 200 manat, cəmi – 115437 manat məbləğində vurulmuş ziyana görə kompensasiyanın cavabdehlərin dövlət büdcəsi hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərərfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon XDS İk-nın xx.xx.1993-cü il tarixli 020720 saylı orderindən görünür ki, Babək prospekti, ev 78 ünvanında yerləşən 178 saylı mənzil X2 istifadəsinə verilmişdir. İşdən görünür ki, 178 saylı mənzilə X2 mülkiyyət hüququ qeydə alınmış və bu barədə 30/122481 nömrəli xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-188 saylı qətnaməsindən görünür ki, iddiaçılar X17, X18, X6 iddia tələbi təmin edilmiş, cavabdehlər X49, X27, X56, X50, X61, X57, X28, X3, X51 başqa (sığınacaq) yaşayış sahəsi ilə təmin edilməklə Bakı şəhəri, ünvan 1-dən çıxarılması, onlar məcburi köçkün kimi başqa yaşayış sahəsi yeri ilə təmin edilənədək qətnamənin icrasının dayandırılması qət edilmişdir. xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, ünvan 1-də yerləşən 3 otaqlı mənzil xx.xx.2004-cü ildə vəfat etmiş X2 vərəsəsi X7 miras qalmışdır. xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X18 DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş ********* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, ünvan 1-də yerləşən 3 otaqlı mənzili X29 bağışlamışdır. MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə X19 mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X47 cavabdehlər X37, X5, X26, X48 Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilindən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin həmin qətnaməsi ilə iddia təmin edilərək, X37, X5, X26, X48 Bakı şəhəri, Babək prospekti, 78 saylı evin, 178 saylı mənzilindən Dövlət tərəfindən məcburi köçkünlər üçün tikilmiş evlərinə (mənzillərinə) köçürülməklə çıxarılması qət edilmişdir. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X52 mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, ev 78 ünvanında yerləşən 178 saylı mənzili İddiaçı bağışlamışdır. RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Babək prospekti, 78 saylı evin 178 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2276/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X30, X11, X53, X31, X20, X40, X32, X41, X33, X21, X8, X12 və X1 qarşı Bakı şəhəri Xətai rayonu Babək prospekti 78 saylı evin 178 saylı mənzilindən çıxarılmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin olunmuş, X49, X27, X61, X54, X42, X56, X50, X57, X51, X43, X22 və X9 Bakı şəhəri Xətai rayonu Babək prospekti 78 saylı evin 178 saylı mənzilindən çıxarılması qət edilmiş və hazırkı qətnamənın Laçın rayonundan məcburi köçkün olan X16, X10, X44, X23, X13, X34, X24, X35, X25, X14, X4, X9 Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsas olduğu müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 8(011)-1509/2018 saylı qərardadından görünür ki, tələbkar İddiaçı «icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi» barədə ərizəsi təmin edilmiş və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 2276/2015 saylı qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilmişdir. İşdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 8(011)- 1509/2018 saylı qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(103)-820/2018 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş şikayət təmin olunmamış və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 8(011)-1509/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda qeyd edilənlərə istinad edərək Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)- 2276/2015 saylı qətnaməsi əsasında verilən icra sənədinin icra edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsinə istinad edərək məhkəmə qərarının icra olunmaması nəticəsində ona dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində ona ziyan dəyməsi ağlabatandır. Lakin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsi müəyyən olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Yəni vurulmuş zərərin əvəvzinin ödənilməsi məzmununda iddianın təmini üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. İşdən görünür ki, Bakı şəhəri, Babək prospekti, ev 78 ünvanında yerləşən 178 saylı mənzildə Laçın rayonun işğalından sonra 1992-ci ilin may ayından etibarən X49 və onun ailə üzvləri məskunlaşmışlar. Həmin vaxtdan sonra 178 saylı mənzildə məskunlaşmış həmin şəxslərin mənzildən çıxarılması ilə bağlı onun mülkiyyətçiləri tərəfindən üç dəfə fərqli tarixlərdə Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır. Lakin istər Xətai Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-188 saylı qətnaməsində, istər xx.xx.2008-ci il tarixli qətnaməsində, istərsə də iddiaçının tələbi ilə bağlı qəbul olunmuş 2(011)-2276/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsində həmin şəxslərin 178 saylı mənzildə çıxarılması o şərtlə qət edilmişdir ki, onlar ilk əvvəl Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilsin, daha sonra mübahisəli mənzildən köçürülsün. Belə olan halda müəyyən olunur ki, həmin qətnamələrin, o cümlədən iddiaçının müraciəti ilə bağlı qəbul edilmiş qətnamənin icrası X49 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsindən asılı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Laçın şəhərindən məcburi köçkünlər - Xətai rayonu üzrə müvəqqəti qeydiyyatda olan X49 həyat yoldaşı X27, övladı X61, gəlini X15, nəvəsi X78:iq oğlu və X45 ilə birgə 1993-cü ildən Bakı şə təri, Babək prospekti, 78 saylı evin 178 nömrəli mənzilində məskunlaşmışlar. X49 vəfat etmişdir. Ərazilərin işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. İşğaldan azad olunmuş əraziləriin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərlə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Hazırda Komitə tərəfindən işğaldan azad edilmiş əriazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahı üzrə X10 adı da ailə üzvləri ilə birgə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcə də Erməni təcavüzü nəticəsində zərər dəymiş Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülübdür. Odur ki, Böyük Qayıdışla bağlı Laçın rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin özlərinə məxsus evlər dövlət tərəfindən bərpa olunaraq mərhələli şəkildə öz doğma yurdlarına köçürülməsi həyata keçiriləcək. X10 ailə üzvlərinə məxsus fərdi yaşayış evinin bərpa işləri tam başa çatdıqdan sonra 2023-cü ilin sonuna qədər köçürülməsi nəzərdə tutulub. Görünüdüyü kimi, ilk məhkəmə qətnaməsi 1998-ci ildə qəbul edilsə də, həmin tarixdən 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq Komitə məcburi köçkünləri mənzillə təmin etməmiş, nəticədə isə Xətai Rayon Məhkəməsinin qətnamələri icrasız qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aktı imza edənlər - Xətai rayon məhkəməsinin iş icraçısı X46, Azərbaycan Respublikası Qaçqınların və X38 üzrə Dövlət Komitəsinin Xətai rayonu üzrə sektorun məsləhətçisi X36, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78 ünvanında yerləşən 178 saylı mənzilin sahibi İddiaçı, Həmin mənzildə məskunlaşmış Laçın rayonundan məcburi köçkün X61 bu aktı tərtib etmişlər ondan ötrü ki, Həsənov Natiq zəbt etdiyi yuxarıda qeyd olunan 178 saylı mənzili öz sahibi İddiaçı təhvil vermişdir. Göründüyü kimi, yalnız 25 ildən sonra Komitə tərəfindən 178 saylı mənzildə məskunlaşmış şəxslərin digər mənzilə köçürülməsi nəticəsində mənzilin mülkiyyətçisinə təhvil verilməsi mümkün olmuşdur. Məhkəmə işin istinad olunan hallarına əsasən qeyd edir ki, cavabdeh məhkəmə qərarının icrasını təmin etmək üçün icra haqqında qanunvericiliklə zəruri olan hərəkətləri yerinə yetirmişdir, onun bu hərəkətlərinin (hərəkətsizliyinin) hüquqa zidd və təqsirli olması müəyyən edilmir. Çünki məhkəmə qətnaməsinin icrası üçün tələb olunan şərt cavabdehin səlahiyyətində olmamış, onun qanunvericiliyə əsasən məcburi köçkünləri mənzillə təmin etmək kimi bir vəzifəsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə qərarının icrası təmin edilmədikdə həyata keçirilməli məcburi icra hərəkətlər “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş, cavabdehin yalnız həmin icra tədbirlərini həyata keçirmək vəzifəsi olmuşdur. Qanunun 72-ci maddəsinə görə: -maddə 72.1. İşə baxan məhkəmə işin hallarından asılı olaraq yaşayış və ya qeyriyaşayış sahəsinin boşaldılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə uyğun olaraq müddət müəyyən edə bilər. - maddə 72.2. Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. - maddə 72.3. İcra məmuru çıxarılmanın günü və vaxtı haqqında borcluya rəsmi bildiriş verir. Bildiriş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci və 135.3-cü maddələrində müəyyən edilmiş qaydada verildikdə rəsmi qaydada təqdim edilmiş hesab olunur. Müvafiq bildirişi almış borclunun olmaması çıxarılmanın həyata keçirilməsinə mane olmur. İşdən görünür ki, mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması ilə bağlı cavabdehin Qanunun 72-ci maddəsində göstərilən icra hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmə qətnamələrinə əsasən ilk əvvəl onların mənzillə təmin edilməsi tələb olunmuş, “İcra haqqında” Qanunun isə cavabdehin belə bir hərəkət imkanını nəzərdə tutmamışdır. Buna görə də məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdeh inzibati orqanın hərəkətində təqsirli davranış nəticəsində törədilmiş hüquq pozuntusu müəyyən edilmədiyindən iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar