Məhkəmə qərarları › İş №2-1(112)-9543/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9543/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9543/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı üçüncü şəxs qismində göstərilməklə “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının barəsində qəbul etdiyi qərarın ləğv edilib, Məhkəmə-tibb ekspertizası təyin etməklə xəstəliyinin həqiqi diaqnozunu, yaranma səbəbini, vaxtını və əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müddətli həqiqi hərbi xidmət keçən zaman ayağına silah yeşiyi düşmüş və travma alaraq xəstələnmişdir. Hərbi-həkim komissiyasının 521 nömrəli 30 mart 2023-cü il tarixli rəyinə əsasən, N saylı H\H qəragah rəisinin əmri ilə o, hərbi xidmətə yararsız hesab edilərək, ehtiyata buraxılmışdır. Hərbihəkim komissiyasının qərarında göstərilmişdir ki, guya xəstəliyi hərbi xidmətə çağırılmamışdan daha əvvəl hansısa səbəbdən əmələ gəlmişdir. Hərbi-həkim komissiyasının qərarı ilə və xəstəliyin diaqnozu barədə qəti razılaşmır. Bu səbəbdən hərbihəkim komissiyasının qərarının ləğv edilməsi və məhkəmə-tibbi ekspertiza təyin edilərək xəstəliyinin həqiqi diaqnozunun, yaranma vaxtının və səbəbinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxs qismində göstərilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təqdim edilərək, cavabdehdən və üçüncü şəxs qismində göstərilmiş şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın adından MN MHHK tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər.Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olan əsgər İddiaçı xx.xx.2023cü ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “E 23.0 Azoospermiya ilə müşayət olunan hipoqonadotrop hipoqonadizm, funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki xayanın hipotrofiyası. Aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozu müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 13 b maddəsinin İİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlıdır” hesab olunmuş və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Ümumi xəstəlikdir “ kimi təyin edilmişdir. İddiaçı “Xəstəliklər Cədvəli”nin 13 b maddəsinin İİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə yararlıdır” hesab olunmasına səbəb onda müəyyən edilmiş “E 23.0 Azoospermiya ilə müşayət olunan hipoqonadotrop hipoqonadizm, funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki xayanın hipotrofiyası” diaqnozu ilə olan xəstəlikdir. “Aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ilə isə o, hərbi xidmətə yararlıdır. İddiaçı ərizəsində döyüş vaxtı aldığı xəsarətlərə görə əlilliyinə dair şəhadətləndirilmənin, əlilliyə dair hərbi həkim komissiyasının rəyinin, əlillik dərəcəsinin və qrupunun müəyyən edilməsinin vəzifəsinin MN MHHK-nın üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xəstəlik haqqında şəhadətnaməsindən və xəstəlik tarixindən məlum olur ki, o xidmət vaxtı ayağından hər hansı bir xəsarət almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının vəzifəsi vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəliklərin və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini və onların hərbi xidmətə yararlılıq dərəcəsini təyin etməkdən ibarətdir. MN MHHK qeyd olunan xx.xx.2023-cü il tarixli 521 nömrəli xəstəlik haqqında şəhadətnamədə İddiaçı xəstəlyinin hərbi xidmətlə səbəb əlaqəsini və hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmiş və bununla da üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Bu xəstəlik endokrin xəstəliklərə aid olub, baş-beyin nahiyəsində yerləşən hipofiz vəzinin hormon çatışmazlığı nəticəsində xarici cinsiyyət orqanlarının (xaya və sairə) inkişafdan qalması və testestoron hormonunun azalması nəticəsində spermanın azalması və ya olmaması həmçinin dölləndirmə qabiliyyətinin olmaması ilə xarakterizə olunur. Bu xəstəliyin 3-4 ay ərzində əmələ gəlməsi mümkün deyildir. Hər iki xayanın kiçilməsi xidmət dövründə yarana bilməz. Bu xəstəlik cinsi yetişkənlik dövründə yəni 13-16 yaş arası dövrlərdə yaranıb, inkişaf edir, yəni 18 yaşa kimi tam formalaşır. Bu səbəbdən də həmin xəstəliyin səbəb əlaqəsi MN MHHK-sı tərəfindən düzgün olaraq “Ümumi xəstəlik” kimi təyin edilmişdir. Bildirirəm ki, əlillik dərəcəsinin təyin edilməsi, əlilliyin yaranma vaxtı, ləğv olunması və digər məsələlərin həll edilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə daxil deyildir, bu məsələlərə aydınlıq gətirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin dəyişdirilməsi tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs qismində göstərilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, vətəndaş İddiaçı, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müddətli həqiqi hərbi xidmət keçən zaman ayağına silah yeşiyinin düşməsi səbəbindən travma aldığını, bu səbəbdən hərbi həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 521 nömrəli rəyinə əsasən N nömrəli hərbi hissənin qərargah rəisinin müvafiq əmri ilə hərbi xidmətə yararsız hesab edilərək ordu sıralarından ehtiyata buraxıldığını, hərbi həkim komissiyasının qərarında guya xəstəliyinin hərbi xidmətə çağırılmamışdan daha əvvəl hansısa səbəbdən əmələ gəldiyinin göstərilidyini, hərbi həkim komissiyasının qərarı və xəstəliyinin diaqnozu ilə qəti razılaşmadığını, bu səbəbdən hərbi həkim komissiyasının qərarının ləğv edilməsi və məhkəmə-tibbi ekspertizası təyin edilərək xəstəliyinin həqiqi diaqnozunun, yaranma vaxtının və səbəbinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi həkim komissiyasının xx.xx.2023-cü il tarixli, 521 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi quluqçusu əsgər X3, hərbi xidmət müddəti zamanı ayağına silah yeşiyinin düşməsi səbəbindən aldığı travma ilə bağlı ordu sıralarından ehtiyata buraxılmamış, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospitalın hərbi həkim komissiyasının qərarına əsasən, X2 müəyyən olunmuş “Azoospermiya ilə müşayiət olunan hipoqonadotrop hipoqonadizm, funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki xayanın hipotrofiyası. Aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ümumi xəstəlik olmaqla, xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil - Kommunal İstismar sahəsi tərəfindən verilmiş 429 №-li, xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AR SHXÇDX-nin Bakı şəhər Qaradağ rayon şöbəsi tərəfindən verilmiş SX seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış xx.xx.2023cü il tarixdə AR MN 123 №-li əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Qaradağ idarəsinə göndərilmişdir. SX seriyalı ******* №-li hərbi biletin 21-22ci səhifəsində aparılan qeydlərə əsasən- Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin xx.xx.2023-cü il tarixli 521 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” xəstəliklər cədvəlinin 13 “b” maddəsinin 2-ci qrafasına əsasən ehtiyata buraxılıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2023-cü il tarixli 1643 №-li arayışından müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci ildən SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon İdarəsi tərəfindən Hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 54 nömrəli göndərişi ilə xx.xx.2023-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Azosperimya ilə müahidə olunan hipoqonadotrop hipoqonadizim funksiyasının mülayim dərəcədə pzulması ilə (9-cu bənd). Müdafiə Nazirliyinin Baş X1 Bölməsi tərəfindən verilmiş 1675 №-li Çıxarış epikrizin suətindən müəyyən olunur ki, N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.2023-xx.xx.2023cü il tarixlərdə müalicədə olmuşdur. Şikayətləri: ümumi halsızlıqdan, üzdə və bədən nahiyəsində tüklənmənin olmamasından, sol xayada ağrıdan. Diaqnoz: E 223.0 Azoospermiya ilə müşaiyət olunan hipoqonadotrop hipoqonadizim, funksiyasının mülayim dərəcədə pozulması ilə. Hər iki xayanın hipotorfiyası. Aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlığı. Xəstəlik haqqında 521 №-li, xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə MN BKH terapiya profilli hospitalın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şikayətləri: ümumi halsızlıqdan, üzdə və bədən nahiyəsində tüklənmənin olmamasından, sol xayadan ağrıdandır (7-ci bənd); Xüsusi müayinələrin (rengenoloji, laborator, insturumental və s.) nəticələri: qanın ümumi analizi (xx.xx.2023): HB-13,1 g/dl, RBC-4,82 x 106/uL, WBC-6,55 x 10?/uL, PLT- 330 x itf/uL, EÇS-8 mm/saat, sidiyin ümumi analizi (xx.xx.2023): patologiyasızdır. Qanın biokimyəvi analizi; (xx.xx.2023): şəkər-5,08 mmol/l, ALT-13,0 v/l, AST-15,4 v/l, kreatinin- 55,0 mkmol/l, sidik cövhəri- 4,8 mmol/l. HBsAg, Anti-HCV, QİÇS-HİV 1+2, Sifilis (xx.xx.2023): neqativ. İmmunferment analizlər; (xx.xx.2023): TSH-0,853 İU/ml, LH-3,90 İU/ml, FSH-3,25 İU/ml, Prolaktin-6,52 ng/ml, total testosteron-0,773 ng/ml, (xx.xx.2023): LH-4,09 İU/ml, FSH-2,51 İU/ml, Prolaktin-21,32 ng/ml, total testesteron-1,83 ng/ml, şərbət testesteron-5,7 ng/ml, AKTH-11,15 nmol/l, kortizol-289,2 nmol/l, estradiol-5,0 pg/ml. Spermoqramma (xx.xx.2023, xx.xx.2023): görmə sahəsində spermatozoid görülmədi. EKQ (xx.xx.2023): sinus ritmi, Ü.E.O. üfuqi vəziyyət. Abdominal və tireoid USM (xx.xx.2023): patalogiyasızdır. Skortal USM (xx.xx.2023): xayalar xayalıqda yerləşir. Hər iki xaya xayalıqda yerləşir, exogenliyi normaldır, sol xaya 3.86 x 1,87 sm, sağ xaya 2,45 x 1,49 sm ölçüdədir, sağ xaya ölçüləri kiçilib, xaya adımı venaları genişlənməyib. Hər iki pəncənin yük altında rentgenoqrafiyası (xx.xx.2023): hər iki pəncənin ikinci dərəcəli boylama yastıayaqlığı var. Aşıq qayıqvari oynaqlarda osteoartroz qeyd edilmir (11-ci bənd). Diaqnoz və xəsarətin (yaralnamanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hospital HHK-nın qərarı: E 23.0 Azoospermiya ilə müşayiət olunan hipoqonadotorp hipoqonadizm, funksiyanın mülayim dərəcədə pouzlması ilə. Hər iki xayanın hipotrofiyası. Aşıq-qayıqvari oynaqların osteoartrozu olmayan hə iki ayağın ikinci dərəcəli boylama yastıayaqlığı (12-ci bənd); Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s.yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 13b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 618/2023 saylı (ekspertizanın başlanma tarixi 18 avqust 2023-cü il, başa çatma tarixi 12 sentyabr 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:

1. İddiaçı iş materiallarında olan tibbi sənədlərinə və məhkəmə tibbi müayinəsi əsasən onun ayaqlarında (hər iki) hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmadı.

2. İddiaçı adına olan xx.xx.2023-cü il tarixli 521 №-li xəstəlik haqqında şəhadətnamədə qeyd olunmuş “E23.0 - Azospermiya ilə müşayət olunan hipoqonadotrop hipoqonadizm, funksiyanın mülayim dərəcədə pozulması ilə. Hər iki xayanın hopotrofıyası.’’xəstəliklərin yaranma vaxtı ilə əlaqədar dəqiq fikir söyləmək mümkün deyildir, lakin ədəbiyyatlarda olan məlumatlara əsasən cinsi yetkinlik dövrünə (yeniyetmə yaşı 13-16 yaşa) uyğun olmasını da inkar etmək olmaz. Qeyd edilmiş diaqnoz nəzərə alınmaqla əlillik dərəcəsinin təyinində ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetininin 30.12. 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin isrərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri və müddəti”ndə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən meyarların hər hansı bir bəndini aid etmək mümkün olmadı. Hazırda iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının barəsində qəbul etdiyi qərarın ləğv edilib, Məhkəmə-tibb ekspertizası təyin etməklə xəstəliyinin həqiqi diaqnozunu, yaranma səbəbini, vaxtını və əlillik dərəcəsinin müəyyən edilməsi tələb edir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən onun barəsində qəbul edilmiş qərarın səbəb-əlaqəsinin dəyişdirilərək, hərbi travma olmaqla, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alındıği kimi qeyd edilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, həmin travmanı məhz xidməti vəzifələrini icra edərkən alınmasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin olunmalıdır. Əvvəla, məhkəmə qeyd edir ki hazırki iddia tələbinin qanuni əsasını “Hərbi həkim ekspertizası haqqında” Əsasnamə təşkil edir. Belə ki, “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 1.8-ci maddəsinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini nəticələrinə görə həkim vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Həmin Əsasnamənin 5.1-ci maddəsinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Həmin Əsasnamənin 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət edən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin səbəb-əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. Əsasnamə”nin 7.2-ci bəndinin c) yarımbındinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində (“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”) göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ - İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa, tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa və əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi kimi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. Həmin Əsasnamənin 7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Göründüyü kimi cavabdeh inzibati orqanın hazırkı iddia tələbinə (xəsarətin səbəb əlaqəsinin dəyişdirilməsi hissəsində) cavab verməli olması qanunvericiliklə və iş materialları ilə müəyyən edilmir (qeyd olunan hissədə iddiaya cavab verməli orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası olduğu halda, iddiaçı tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunmuşdur). İddianın əlillik dərəcəsinin müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruru hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” əbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət Orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əlillik imkanlarının qiymətləndirilməsi üçün dövlət səhiyyə müəssisəsi tərəfindən TSEK-ə göndəriş göndərilməsi ilə bağlı iddiaçı tərəfindən müvafiq səhiyyə orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı üçüncü şəxs qismində göstərilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar