Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9545/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Hwseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 27 iyul 2021-ci il tarixli **********111200 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 21.10.2019-cu il tarixdə **********1585200 saylı ərizə ilə vergi orqanına müraciət edərək fəaliyyətini dayandırmışdır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmasa da, vergi orqanı tərəfindən ona əsassız vergi borcu hesablanmışdır. Dəfələrlə vergi borcu hesablanan dövr üçün hesabat versə də, heç bir dəyişiklik olmamışdır. Belə ki, sonuncu dəfə 27.07.2021-ci il tarixli **********111200 saylı qərar ilə 5601.23 manat vergi borcu hesablanmışdır. Borcun yaranma səbəbi kimi isə İddiaçı 23500 ABŞ dolları məbləğində valyuta mübadiləsi aparması olmuşdur. Lakin həm İddiaçı, həm də onun həyat yoldaşı uzun illərdir işləyir və kifayət qədər də əmək haqqı alırlar. Bununla bağlı sənədlər vergi orqanına təqdim edilsə də, əhəmiyyət verilməmişdir. Bundan əlavə, İddiaçı adına avtomobil olmuş, həmin avtonəqliyyat vasitəsini 30.10.2017-ci il tarixdə satmışdır. Yəni işin faktiki hallarından da görünür ki, iddiaçının əldə etdiyi xarici valyutadakı pul onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, sadəcə özünün və həyat yoldaşının əmək haqları hesabına, bir də avtonəqliyyat vasitəsinin satışı hesabına əldə edilmişdir. Bu səbəblə də vergi orqanın hesabladığı vergi borcunun heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlara əsasən vergi ödəyicisi tərəfindən 40008,75 manat ekvivalentində 23500 ABŞ dolllarının mübadiləsinin aparılmasına baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin, həmçinin müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Uçot-baza məlumatına əsasən iddiaçının 29.03.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlanması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 28.04.2020-ci il tarixli **********077700 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. 12.03.2020-ci il tarixli **********352700 nömrəli əmr ilə təsdiq edilmiş “Valyuta mübadiləsi əməliyyatları üzrə vergi öhdəliklərinin müəyyən edilməsi haqqında” Qaydalara əsasən fiziki şəxsin konvertasiya olunmuş vəsaiti vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onu qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlanması qaydasında vergilərin yoxlanması həyata keçirilir. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və 2019-cu il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən, əldə edilmiş gəlirin qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəlir olduğu nəzərə alınaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə gəlir vergisi üzrə 2019-cu il üçün 5601,23 manat olmaqla (40008,75x14%) əlavə vergi məbləği hesablanmışdır. İddiaçı öz ərizəsində, həmçinin kameral vergi yoxlanmasının nəticələri ilə bağlı 02.03.2021-ci il tarixli **********442900 nömrəli şikayət məktubunda 21.10.2019-cu il tarixdən sahibkarlıq fəaliyyətini dayandırdığını, onun tərəfindən mübadilə edilmiş 40008,75 manat vəsaitin özünün və həyat yoldaşının əmək haqlarından formalaşdığını, bununla bağlı əmək haqqı kartları üzrə bank çıxarışlarını təqdim etmişdir. Müraciətin araşdırılması zamanı fərdi sahibkar tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlara əsasən özünün və həyat yoldaşının birgə orta aylıq əmək haqqının 1300,00 manat olduğu müəyyən edilmişdir. Bununla yanaşı vergi ödəyicisi X4 07.05.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək konvertasiya olunan vəsaitin 34000,0 manat hissəsinin ona məxsus olduğunu bildirməsinə baxmayaraq, V.Abbasova məxsus bank hesabının araşdırılması zamanı nağdlaşdırma əməliyyatının aparılmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya təqdim edə bilməmiş, o cümlədən təqdim edilmiş təsdiqedici sənədlər isə rəsmi olaraq təsdiqini tapmamışdır. Aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (divident, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.) müəyyən edilmədiyi, bununla da konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb olunmuş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq şikayət təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, 27.07.2021-ci il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı iddianı 18.08.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim etmişdir ki, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddəti çərçivəində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddia həm də əsaslıdır. Çünki işdə olan sənədlərdən görünür ki, iddiaçı 29.03.2019cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, fəaliyyət növü kimi muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs kimi qeyd olunmuş, 21.10.2019-cu il tarixdə fəaliyyətini dayandırmışdır. Cavabdeh 28.04.2020-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq araşdırma zamanı onun tərəfindən 40008,75 manat ekvivalentində 23500 ABŞ dollarının mübadiləsinin aparılmasına baxmayaraq, həmin gəlirin yaranma mənbələri barədə təsdiqedici sənədlərin, həmçinin müvafiq dövr üzrə bəyannamənin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olduğu bildirilmiş və cari gəlir vergisi, ətraflı izahat məktubu və araşdırmaya təqdim edilməsi zəruri hesab edilən digər sənədlərin 5 gün ərzində təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən 12.05.2020-ci il, 25.02.2021-ci il, 01.04.2021-ci il tarixlərdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlar qəbul edərək 2019-cu il üçün 5601,23 manat gəlir vergisi hesablamış, sonrakı qərarla əvvəlki qərar ləğv edilmişdir. İddiaçı 01.03.2021-ci il, 12.04.2021-ci il və 02.05.2021-ci il tarixlərdə yuxarı vergi orqanına şikayət vermiş, 27 may 2021-ci il tarixdə yuxarı vergi orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında **********710800 saylı qərar qəbul edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi əlavə verginin hesablanması barədə 01.04.2021-ci il tarixli **********825200 saylı qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda yuxarı vergi orqanı qeyd etmişdir ki, fərdi sahibkar tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlara əsasən özünün və həyat yoldaşının birgə orta aylıq əmək haqqının 1300,00 manat olduğu müəyyən edilmişdir. Bununla yanaşı vergi ödəyicisi X4 07.05.2021-ci il tarixli məktubla vergi orqanına müraciət edərək konvertasiya olunan vəsaitin 34000,0 manat hissəsinin ona məxsus olduğunu bildirməsinə baxmayaraq, V.Abbasova məxsus bank hesabının araşdırılması zamanı nağdlaşdırma əməliyyatının aparılmadığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya təqdim edə bilməmiş, o cümlədən təqdim edilmiş təsdiqedici sənədlər isə rəsmi olaraq təsdiqini tapmamışdır. Aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (divident, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə dilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin tam təqdim edilmədiyini, bununla da konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb olunmuş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq şikayət təmin edilməmişdir. Cavabdeh sonuncu dəfə 27 iyul 2021-ci il tarixdə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********211200 saylı qərar qəbul etmiş və iddiaçıya 2019-cu ilin gəlir vergisi üzrə 5601,23 manat əlavə vergi hesablanmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra – VM) əsasən: - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. - 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: - 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; - 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; - 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. - 99.1-ci maddəsinə əsasən Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. - 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: - 99.3.1. faiz gəliri; - 99.3.2. dividend; - 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; - 99.3.4. royalti; - 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; - 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; - 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; - 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; - 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; - 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar; - 99.3.13. mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat. - 101.3-cü maddəsinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. İşin hallarından müəyyən olunur ki, iddiaçı 29.03.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, 21.10.2019-cu il tarixdə isə fəaliyyətini dayandırmışdır. Cavabdeh iddiaçının 40008,75 manat ekvivalentində 23500 ABŞ dolarının mübadiləsini apardığı barədə məlumat əldə etdikdən sonra onun bu gəlirinin yaranma mənbəyi barədə məlumat təqdim etmədiyinə, gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilməsinə istinad edərək ona həmin məbləğin 14 faizi miqdarında gəlir verigisi hesablamışdır. Lakin bu zaman həmin gəlirin Vergi Məcəlləsinin 99-cu maddəsində nəzərdə tutulan qeyri-sahibkarlıq fəaliyyətindən gəlirin hansı növünə aid olmasını əsaslandırmamışdır. İddiaçı həmin məbləğin mülkiyyətində olan avtomobilin satılması və özünün və ailə üzvlərinin aldığı əmək haqqının yığılması nəticəsində yarandığını bildirmiş, bununla bağlı 30.10.2017-ci il tarixdə “Hundai Elantra” markalı avtomobilin X1 dair Baş Dövlət Yol Polisi İdarəsinin məktubunu, habelə bank hesabından ödəniş kartı üzrə çıxarışları təqdim etmişdir, hansı ki, həmin çıxarışlara əsasən 01.01.2019-cu ildən 01.03.2021-ci il tarixədək iddiaçı ailə üzvləri ilə birlikdə ümumilikdə 33888 manat vəsait əldə etmişdir. Cavabdeh iddiaçının bu dəlillərini qəbul etməsə də, iddiaçının vergi tutulmasına əsas olan hər hansı fəaliyyət həyata keçirməsini sübut edə bilməmiş, iddiaçının dəlillərinin əksini təsdiq edən hər hansı mötəbər hala istinad etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Halbuki cavabdeh iddiaçıya vergi hesablamazdan əvvəl konvertasiya olunmuş vəsaitin mənbəyi (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitinin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallarla bağlı təsdiqedici sənədlər əldə edilməli idi. Çünki qeyd edilən sənədləri təqdim etmək vergi ödəyicisindən tələb olunduğu kimi vergi orqanından da təqdim olunmuş sənədləri araşdırmaq, həmin sənədlərin konvertasiya olunmuş vəsaitin mənbəyini təsdiq etmədiyini və vergidən yayınma halını müəyyən etdiyi halda bu halı sübut etmək üçün zəruri məlumat və sənədləri bilavasitə əldə etmək tələb olunur. Cavabdeh konvertasiya olunmuş vəsaitin mənbəyi barədə iddiaçının məhkəmədə bildirdiyi dəlillərlə inzibati icraat zamanı bildirdiyi dəlillərin fərqli olmasına istinad etsə də, bu hal özlüyündə iddiaçının vergitutulan əməliyyat aparması qənaətinə gəlmək üçün əsas hesab oluna bilməz. Çünki VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Eyni zamanda VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçının konvertasiya etdiyi məbləğ orta aylıq əmək haqqı nəzərə alındıqda bir neçə il ərizində toplanması mümkün vəsaitdir. Eyni zamanda əldə edilən gəlirin toplanması, həmin gəlirin bank və ya digər kredit təşkilatında deyil, özlərində (evlərində) saxlanılması, son illər baş vermiş devalvasiyalar nəzərə alınmaqla milli valyutada əldə edilən gəlirlərin konvertasiya edilərək xarici valyutaya (xüsusən də ABŞ dolarına) mübadilə edilməsi əhalinin əksəriyyəti arasında geniş yayılmış hal olmaqla həyatın normal axarına uyğundur. Əgər cavabdeh bu halın əksini iddia edirsə, onda bununla bağlı konkret faktlar və bu faktları təsdiq edən sübutlar təqdim etməlidir. Lakin belə bir sübut təqdim edilmədiyindən, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlavə vergi hesablanması barədə qərarı qanuni sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 iyul 2021-ci il tarixli **********211200 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9545/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9545/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver