Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9546/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 29500,0 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsininə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi sahibkar kimi işlədiyim dövrdə (VÖEN **********) dövlət büdcəsinə artıq ödəmələr etmişdir. Sonra vergi orqanı bir əməliyyatla həmin vəsaiti şəxsi hesab vərəqəsindən silmişdir. Dövlət Vergi Xidmətinə etdiyi şikayətlərdən sonra həmin qanunsuz silinmə ləğv olundu və artıq ödəmə məbləği bərpa olundu. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə yerli vergi orqanına, yəni Bakı şəhəri Kiçik sahiblarlıqla iş üzrə Baş İdarəyə müraciət etmişdir. Lakin həmin İdarə ona göndərdiyi xx.xx.2021-ci il tarixli məktubda əsassız səbəblərlə artıq ödəməni geri verməkdən imtina etdi. Vergi orqanı partnyorluq sazişinə istinad etmişdir, hansı ki belə imtina əsaslı ola bilməz. İddiaçının vaxtilə ödədiyi vergilər mövcud öhdəliyindən qat-qat çox olub. Onun kimi eyni qaydada işləyən başqa şəxslər var ki, müraciət edib məbləğ geri qaytarılıb. İddiaçı isə fərqli yanaşma edilməklə əsassız cavab verilib. Həmçinin cavabdeh 5 il müddətin tələbetmə müddətinin keçdiyini bildirmişdir. Halbuki, vergi orqanının əsassız apardığı kameral hesablamaya görə ümumiyyətlə müraciət imkanı olmamışdır. Ona görə də kameral hesablama ləğv edildikdən sonrakı müddəti nəzərə alsaq ərizəni verdiyi vaxtda həmin 5 illik müddət keçməyib. Şəxsi hesab vərəqəsinə baxdıqda bütün qeyd olunanlar aydın şəkildə görünür. Cavabdehin təqdim etdiyi imtina cavabından sonra iddiaçı 25 aprel 2022-ci ildə İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq müraciətinə heç bir reaksiya verilməyib. Bu səbəbdən hüququnu məhkəmə qaydasında tələb etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmənin adı və təsnifat kodu, ödənilmə tarixi, yaranma səbəbi, məbləği (rəqəmlə və sözlə, manatla) və yaranma tarixi göstərilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini isə 5 il ərzində tələb etmək hüququna malikdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********774800 nömrəli), “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması" barədə ərizə ilə vergi orqanına müraciət edildiyi müəyyən edilmiş və həmin müraciətin vergi orqanı tərəfindən 15 11.2021-ci il tarixli **********328300 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, vergi ödəyicisinin təqdim etdiyi “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması barədə” ərizə formasında 5 (beş) illik müddət axımı bitdiyi üçün 17000,00 manat məbləğin vergi ödəyicisinə qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi ödəyicisinin qeyd etdiyi ərizədəki ödənişlərin 17000 manatı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək olan ödənişlərdir. Yuxanda qeyd olunan hallar vergi ödəyicisinə gəndərilmiş məktubda qeyd olunsa da, sonradan düzgün formada tərtib olunmuş yeni ərizə ilə vergi orqanına müraciət olunmamışdır. İddiaçı əsassız olaraq ərizəsində bildirmişdir ki, vergi orqanının əsassız kameral vergi hesablamasına görə ümumiyyətlə müraciət imkanı olmamışdır. Ona görə də kameral hesablama ləğv edildikdən sonrakı müddəti nəzərə alsaq ərizəni verdiyim vaxtda həmin 5 illik müddət keçməyib. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən vergi Ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisinin artıq ödəməsinin şəxsi hesab vərəqəsində azalmasına səbəb ilk dəfə vergi orqanının xx.xx.2019- cu il tarixli **********160000 nömrəli qərarı olmuşdur. Yəni həmin tarixə qədər də vergi ödəyicisinin artıq ödəmənin qaytarılması üçün müraciət etməsinə kifayət qədər müddət olmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, 5 İllik müddət axımının dayandırılması vergi ödəyicisinin vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin vergi orqanının qərarından yuxarı vergi orqanına şikayət verildikdə 5 illik müddət axımının dayandırılması ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də vergi ödəyicisini iddiası tamamilə əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının cavabdeh inzibati orqana “Artıq ödənilmiş vergilərin, faizlərin geri qaytarılması” barədə xx.xx.2022-ci il tarixli müraciəti; - “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması “ barədə iddiaçının caavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixli ərizəsinin surəti; - Şəxsi hesab vərəqəsinin surəti.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №li Qərarının 9-cu bəndinə görə, məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müvafiq ərizə ilə inzibati orqana müraciət olunmuş və ona imtina cavabı verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İşdəki mövcud sənədlərlə müəyyən olunur ki, iddiaçı 2015-ci ilin yanvar ayından başlayaraq 2018-ci ilin noyabr ayı daxil olmaqla dövlət büdcəsinə artıq ödədiyi 29500,0 manat məbləğində vergilərin geri qaytarılması ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Bundan öncə isə, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərarla 29700,0 manat məbləğində əlavə vergi hesablaması aparılmış və iddiaçının artıq ödənilmiş vergi məbləği azaldılmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cari bəyannamə verildikdən sonra həmin hesablama ləğv olunmuş, lakin xx.xx.2020-ci ildə cavabdeh tərəfindən yenidən eyni məbləğdə hesablama aparılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq hesablanmış vergilərin ləğv olunması ilə bağlı yuxarı vergi orqanına inzibati şikayətlər göndərilmişdir. Növbəti dövrlərdə də (xx.xx.2020-ci il, xx.xx.2020-ci il) eyni qaydada hesablanmış məbləğlər ləğv olunaraq yenidən hesablama aparılmışdır. Sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə həmin hesablanmış 29700,0 manat məbləğində vergilər ləğv olunmuş və iddiaçının şəxsi hesab vərəqəsində 29900,56 manat məbləğində vergilər əks olunmuşdur. Cavabdeh iddia tələbinə dair etirazda iddiaçının ərizə ilə müraciət etdiyi vaxt Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 illik tələbetmə müddətinin 17000 manat məbləğə münasibətdə başa çatdığına, qalan məbləğin geri qaytarılması ilə bağlı iddiaçının yenidən ərizə ilə müraciət etmədiyinə, kameral hesablama aparılan tarixə qədər vergi ödəyicisinin artıq ödəmənin qaytarılması üçün müraciət etməsinə kifayət qədər müddət olmasına istinad etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə xx.xx.2015-ci il tarixdən başlayaraq artıq ödənilmiş vergilərin geri qaytarılmasını tələb etmişdir. Riyazi olaraq xx.xx.2015-ci il tarixdə artıq ödənilmiş vergilərin tələbetmə müddəti xx.xx.2020-ci il tarixdə bitsə də, qeyd olunan müddət çərçivəsində iddiaçının belə hüququ əlavə vergi hesablaması nəticəsində məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh tərəfindən ilk dəfə xx.xx.2019-cu il tarixli qərarla 29700,0 manat məbləğində əlavə vergi hesablaması aparılmış və iddiaçının həmin tarixədək mövcud 29900,56 manat məbləğində artıq ödənilmiş vergiləri azaldılaraq 200,56 manat məbləğində əks olunmuşdur. Hesablama aparılmış vaxtadək iddiaçının artıq ödənilmiş vergiləri tələbetmə müddətindən (ərizə üzrə ilkin ödənişin xx.xx.2015-ci il tarixdən yaranması nəzərə alınmaqla) 4 il, 10 ay, 19 gün keçmiş (xx.xx.2015-xx.xx.2019), tələbetmə müddətinin başa çatmasına 1 ay 12 gün qalmış hesablama aparıldığı üçün iddiaçının artıq ödənilmiş vergiləri geri tələb etmək hüququ məhdudlaşdırılmışdır. İddiaçının xx.xx.2020-ci il tarixdə təqdim etdiyi cari vergi bəyannaməsi üzrə hesablama avtomatik azalsa da, 30 iş günü ərzində kameral qaydada yoxlama həyata keçirən cavabdeh xx.xx.2020-ci il tarixdə əvvəlki hesablamasını bərpa edərək artıq ödənilmiş vergiləri yenidən silmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə eyni qaydada 29700,0 manat məbləğində hesablama və azalma əməliyyatları aparılmış, iddiaçının sonuncu inzibati şikayətinin nəticəsində isə xx.xx.2021ci il tarixdə 29700,0 manat məbləği azaldılaraq artıq ödənilmiş vergilər bərpa olunmuşdur. İddiaçı tərəfindən isə həmin tarixdən 27 gün sonra, xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı ərizə ilə cavabdehə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçının Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 il ərzində artıq ödənilmiş vergiləri tələb etmək hüququ üzrə müddətin axımı xx.xx.2015-ci il tarixdən başlamış, 4 il, 10 ay, 19 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən 29700,0 manat məbləğində hesablama aparıldığına görə tələbetmə müddətinin axımı dayanmış, xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş vergilər bərpa olunduqdan sonra iddiaçının 1 ay 12 gün müddətində həmin vergiləri geri qaytarmaq üçün ərizə ilə müraciət etmək hüququ qalmış, iddiaçı isə həmin müddət daxilində, yəni artıq ödənilmiş vergilər bərpa olunduqdan 27 gün sonra ərizə ilə cavabdehə müraciət etmişdir. Başqa sözlə desək, cavabdeh 5 il tələbetmə dövrü ərzində 29700,0 manat məbləğində hesablama aparmaqla artıq ödənilmiş vergilərin məbləğini sildiyi üçün həmin hesablama ləğv olunanadək iddiaçının artıq ödənilmiş vergiləri mövcud olmadığından həmin hesablamanın qüvvədə olduğu müddətə (xx.xx.2019-xx.xx.2021) Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan 5 illik tələbetmə müddəti tətbiq oluna bilməz. Bundan başqa, cavabdeh etirazda Vergi Məcəlləsinin 85.5-2-ci maddəsinə istinad edərək vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddətin bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilməməsinə bildirmiş, yuxarı vergi orqanına şikayət verdikdə 5 illik müddətin axımının dayandırılmasının qanunvericilikdə nəzərdə tutulmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, hesablanmış vergilərin yuxarı vergi orqanında və ya məhkəmə qaydasında ləğv olunması hazırki mübahisənin mahiyyətinə təsir göstərmir. Belə ki, cavabdeh tərəfindən aparılmış hesablama hər bir halda iddiaçının artıq ödənilmiş vergiləri tələbetmə hüququnu məhdudlaşdırır. Yəni, iddiaçı tərəfindən yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verilməsi eyni hüquqi nəticə yaradır. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən istinad olunan Vergi Məcəlləsinin 85.5-2-ci maddəsi xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Hazırki mübahisə üzrə artıq ödənilmiş vergilərin yaranma dövrü isə 2015-2018-ci illəri əhatə edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Göründüyü kimi, həmin norma şəxsin vəziyyətini ağırlaşdırdığı üçün əvvəlki münasibətlərə şamil oluna bilməz. Həmçinin, müvafiq norma məhkəmə mübahisəsinə baxılan müddətin istisna edilməsini tənzimləsə də, yuxarı vergi orqanında şikayətə baxılan müddəti əks etdirməməsi həmin müddətin nəzərə alınmaması anlamına gəlmir. Yuxarıda qeyd olunduğu kimi, hər iki hal eyni hüquqi nəticələrin yaranmasına gətirib çıxardığı üçün məhkəmə cavabdehin bu mövqeyini əsassız hesab edir. Cavabdeh həmçinin etirazda vergi orqanı tərəfindən ilk dəfə hesablama aparılan vaxtadək iddiaçının artıq ödənilmiş vergiləri tələb etmək üçün kifayət qədər vaxtı olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən olunan hüququnu həmin müddət başa çatanadək istənilən zaman həyata keçirə bilər. Cavabdeh iddiaçının qanunla müəyyən olunmuş bu hüququnu nə vaxt realizə edəcəyinə müdaxilə edə bilməz. Vergi Məcəlləsinin 87.3-ci maddəsinə əsasən, Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 3.1-ci bəndinə görə, vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddiası təmin olunmalı, iddiaçının artıq ödənilmiş 29500,0 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması barədə rəy verilməsi vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı artıq ödənilmiş 29500,0 manat məbləğində pul vəsaitinin ona geri qaytarılması barədə rəy verilməsi vəzifəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev