Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-955/2021 05.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1yəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31, mənzil 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 29 iyul 1977-ci il tarixindən 10 iyul 1988-cil tarixə kimi Amasiya rayonu Oxçooğlu kəndində yerləşən “1 May” kolxozunda sıravi işçi kimi fəaliyyətinin (04.0.1979-cu ildən xx.xx.1981-ci il tarixə kimi hərbi xidmət nəzərə allnmaqla) iş stajı hesab olunmaqla ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxxx 1960-cı ildə Ermənistan Respublikası Amasiya rayonu Oxçooğlu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 29 iyul 1977-ci ildə tarixdə Amasiya rayonu Oxçooğlu kəndində yerləşən “1 May” kolxozunda sıravi işçi olaraq başlayıb, xx.xx.1979-cu ildən xx.xx.1981-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmaqla, 10 iyul 1988-ci il tarixə kimi həmin “1 May” kolxozunda işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixə kimi RF Orlov vilayətində sovxozda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi 71 saylı Tikinti İdarəsində fəhlə işləmişdir. xx.xx.1990-cı ildən hal-hazıra kimi Holcim (Azərbaycan) ASC-də (Qarabağ sement zavodunda) işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tərəfindən ilk olaraq DSMF-nun Bakı şəhəri Qaradağ rayon şöbəsinə, daha sonra həmin fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət olunmuşdur. Fondun Qaradağ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim etdiyi əmək kitabçasına əsasən 1977- 1988-ci illərdə kolxozdakı iş stajı 5 il müddət olmaqla nəzərə alınması, Fondun Xüsusi Təyinatlı İdarəsinin xx.xx.2020-ci tarixli **********5 saylı məktubunda isə 1977-ci ildən 1988-ci ilədək kolxoz üzvlüyündə olduğu dövr iş stajı kimi alınmaması göstərilmişdir. Qeyd olunan məktublara görə 1977-1988-ci illərdə kolxozdakı iş fəaliyyəti üzrə qeydlər tələb olunan qaydada yazılmamışdır, tələb olunan minimum adam günü və faktiki ödənilən iş günü qeydə alınmamışdır və bu səbəbdən həmin 1977-1988-ci illər dövrünün iş stajına daxil edilməsi mümkünsüz hesab edilmiş, bu səbəbdən 25 il ümumi stajı yaranmadığı üçün güzəştli şərtlərlə pensiya hüququnun olmadığı bildirilmişdir. 1977-1988-ci illərdə kolxozdakı iş fəaliyyəti barədə əmək kitabçasında ətraflı qeyd olunmasına baxmayaraq, həmin kolxozun zorla qovulub çıxarıldığı, işğalçı Ermənistan ərazisində olması maraqlı şəxs tərəfindən nəzərə alınmamışdır. Belə ki, kolxozdaki iş fəaliyyəti üzrə minimum adam günu və faktiki ödənilən iş günü yalnız müvafiq sorğu verilməsi, müvafiq arxiv arayışlarının əldə edilməsi ilə bir daha təsdiqini tapa bilər. Nəzərə alınmalıdır ki, kolxozda iş günü, müddəti, qaydası, istirahət günləri, hər ili pullu məzuniyyət verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddəti keçmə qaydaları “X3 Qaydaları” ilə müəyyən edilə bilər. Ona aid konkret vəziyyətdə 1977- 1988-ci illərdə kolxozdaki iş fəaliyyətilə bağlı məlumatlar o vaxt qüvvədə olmuş müvafiq Əsasnamələrlə nizamlanır. Həmin Əsasnaməyə görə əmək kitabçası iş stajını təsdiq edən sənəd hesab edilir. Yenə həmin Əsasnaməyə görə əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, əmək xidməti siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki vəziyyətdə isə belə bir dəqiqləşdirmənin aparılması, arxiv arayışlarının, qeyd olunan sənədlərdən hər hansı birinin əldə olunması mümkünsüzdür. Göründüyü kimi, cavabdeh şəxsə təqdim etmiş olduğu əmək kitabçası 1977-1988-ci illərdə kolxozdaki iş fəaliyyəti üçün onun dəlilinin etibarlı hesab edilməsi üçün əsas götürülməli və ona pensiya təyin olunmalı idi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Filial, 12 iyul 2019-cu il tarixli, **********3 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçı, 1 yanvar 2006-cı il tarixinədək tələb edilən ümumi əmək stajı 25 ildən az təşkil edir. Həqiqətən də, iddiaçının əmək kitabçasından və hərbi biletindən görünür ki, onun 23 iyul 1988-ci ildən 01 yanvar 2006-cı il tarixinədək olan əmək stajı, hərbi xidmət dövrü də daxil olmaqla, 19 il 02 ay 04 gün təşkil edir. O ki qaldı, iddiaçının 1977-1988-ci illərdə kolxozda çalışdığı dövrə, bu müddətin əmək stajına daxil edilməsi mümkün deyildir. Ona görə ki, əmək kitabçasında iddiaçının kolxozda çalışdığı faktiki iş günü və tələb olunan minimum əmək gününə dair heç bir məlumat yoxdur. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə görə, “Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı hu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır". Digər tərəfdən, əgər iddiaçı 1977-ci ildən kolxozda çalışıbsa, niyə əmək kitabçası 27 dekabr 1985-ci ildə doldurulub? “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun yaşa görə tələbinin (57 yaş) iddiaçıya şamil edilə bilməsi üçün onun 1 yanvar 2006-cı ilədək 25 illik ümumi staja malik olması zəruri idi. Bu staja malik olmayan iddiaçının adı çəkilən qanuna istinadən 57 yaşdan pensiya tələb etmək hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 29 iyul 1977-ci il tarixindən 10 iyul 1988-cil tarixə kimi Amasiya rayonu Oxçooğlu kəndində yerləşən “1 May” kolxozunda sıravi işçi kimi fəaliyyətinin (04.0.1979-cu ildən xx.xx.1981-ci il tarixə kimi hərbi xidmət nəzərə allnmaqla) iş stajı hesab olunmaqla ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan, Amasiya rayonu, Oxçoğlu kəndində doğulmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş HЗ seriyalı ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-ci ildən xx.xx.1981-ci ilə qədər həqiq hərbi xidmət keçmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş ******* nömrəli Əmək Kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1988-ci ilə qədər kolxozda fəhlə, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədə sovxozda maldar, xx.xx.1989-cu ildən xx.xx.1990-ci ilə qədər fəhlə, xx.xx.1990-cı ildən hal-hazıradək Qaradğ sement zavodunda (hazırda Holcim (Azərbaycan)ASC) qreyder kranın maşinisti vəzifəsində işləyir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normaların tələblərinə görə, iddiaçının əmək kitabçasında olan məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalı və iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası iş stajını təsdiq edən əsas sənəd olduğundan, həmçinin həmin illər üzrə hər hansı arxiv arayışını əldə etmək mümkün olmadığından (iddiaçı Ermənistan Respublikasının ərazisində işləmişdir) həmin dövr onun sosial sığorta stajına daxil edilməlidir. Lakin, qeyd olunmalıdır ki, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının 1977-1988-ci “1 May” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi zamanı isə əmək kitabçasının məzmunu tədqiq olunmalıdır. Belə ki, əmək kitabçasındakı məlumatlardan iddiaçının 1977-1988-ci illərdə bütün il boyu işlədiyi, o cümlədən minimum adam günü normasını yerinə yetirdiyi müəyyən edilmir. Belə ki, əmək kitabçasında minimum adam günü norması öz əksini tapmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, 1979-1981-ci illərdə iddiaçının həqiqi hərbi xidmətdə olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF-nun Bakı şəhəri Qaradağ rayon şöbəsinin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli məktubunda iddiaçının əmək kitabçasına əsasən 1977- 1988-ci illərdə kolxozda olan iş stajı 5 il nəzərə alınmışdır (hansı əsas və üsulla qeyd edilən dövrün 5 il kimi nəzərə alınması qeyd edilməmişdir). Məhkəmə qeyd edir ki, iddiaçının 1977-1988-ci illərdə kolxozda olan iş stajı 5 il kimi nəzərə alınaraq ümumi iş stajına əlavə edilsə də belə, iddiaçının ümumi iş stajı 24 il 02 ay 04 gün təşkil etmiş olur. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən az olması (iddiaçının 1977-1988-ci illərdə kolxozda olan iş stajı 5 il kimi nəzərə alınmaqla) işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən az (24 il 02 ay 04 gün) ümumi iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 29 iyul 1977-ci il tarixindən 10 iyul 1988-cil tarixə kimi Amasiya rayonu Oxçooğlu kəndində yerləşən “1 May” kolxozunda sıravi işçi kimi fəaliyyətinin (04.0.1979-cu ildən xx.xx.1981-ci il tarixə kimi hərbi xidmət nəzərə allnmaqla) iş stajı hesab olunmaqla ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-955/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-955/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver