Məhkəmə qərarları › İş №2-1(112)-9552/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9552/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9552/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ehtiyata buraxılmağı haqqında əmrin ləğv edilməsi və iddiaçının əvvəl tutduğu X1 taboru komandirinin Döyüş hazırlığı üzrə müavini vəzifəsindən ehtiyata buraxılmağı vəzifəsinin AR Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə müvafiq əmrin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək AR Müdafiə Nazirliyində, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək AR Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək AR Silahlı Qüvvələrində, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək AR Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmət keçmiş, AR DSX rəisinin xx.xx.2021-ci il tarixli, 2153 №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) əsasən mayor hərbi rütbəsində ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək AR Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsində X1 taboru komandirinin Döyüş hazırlığı üzrə müavini vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət keçərkən 44 günlük Vətən Müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. xx.xx.2021-ci il tarixdə özünün də xəbəri və razılığı olmadan aşağı vəzifəyə-N №-li hərbi hissədə kəşfiyyat taborunda bölük komandiri vəzifəsinə keçirilmişdir. Bu isə nəticədə ona təyin edilmiş əmək pensiyasının aşağı məbləğdə təyin olunmasına gətirib çıxarmışdır. Bölük komandiri vəzifəsinə təyin olunmağından onun xəbəri olmamışdır. Belə ki, ehtiyatda olan zabit hərbi biletinin 7-ci səhifəsində yazılmış qeyddə göstərilir ki, o, xx.xx.2021-ci il tarixdə N №-li hərbi hissədə kəşfiyyat tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Halbuki, əslində həmin hərbi hissədə kəşfiyyat taborunda bölük komandiri vəzifəsinə təyin edilmiş olmuşdur. Bu barədə yalnız 2025-ci ilin yanvar ayının sonlarında ona təyin edilmiş pensiyanın azlığından şübhələnərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına zəng edərkən bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ehtiyata buraxılmağı haqqında əmrin ləğv edilməsi və əvvəl tutduğu X1 taboru komandirinin Döyüş hazırlığı üzrə müavini vəzifəsindən ehtiyata buraxılmağı barədə müvafiq əmrin verilməsi xahişi ilə AR Dövlət Sərhəd Xidmətinin rəisinə ərizə ilə müraciət etmiş, bugünədək müaciəti cavabsız və nəticəsiz qalmışdır.

3. Məhkəmənın iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndələri iddianın mümkün sayılmamasını xahiş etmişdirlər.

II. İddianın mümkünlüyü

5. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

6. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə cavabdehin xx.xx.2021-ci il 057 saylı əmrin ləğv edilməsinə yönəlmişdir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Mübahisələndirilən əmr xx.xx.2021-ci il tarixli olsa da, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə hərbi biletində edilmiş qeydlərdə müvafiq dəyişiklik aparılması üçün tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin əmrin ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 603 ş/h nömrəli əmri barədə iddiaçıya təqdim edilməsi tarixi dəqiq müəyyən olunmasa da, iddiaçı qeyd edilən tarixdən (çevik hərəkət taboru komandinini döyüş hazırlığı üzrə müavini) xidmətini davam etdirmir, xidmətinə həmin tarixdən xitam verildiyi və digər vəzifəyə (tabor komandiri) təyin oolunduğu ona bəllidir, belə ki, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması və s. onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.

15. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, sözügedən xx.xx.2021-ci il tarixli əmr barədə elə həmin gün məlumatlı olmuşdur.

16. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım barədə məktub ünvanlamış, həmin məktubla buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi təklif olunsa da, sözügedən hüquqi yardım iddiaçı tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək buraxılmış prosessual müddətin bərpası ilə bağlı əsaslandırılmış ərizənin təqdim edilməsi iddiaçıya təklif edilmişdir. İddia ərizəsində göstərilir ki, iddiaçı bu barədə 2025-ci ilin yanvar ayının sonlarında ona təyin edilmiş pensiyanın azaldılması nəticəsində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından əldə etdiyi məlumata əsasən bildiyini qeyd etmişdir. Məhkəmə qeyd edilən dəlili ən azı 1 ildir ki, ötürülmüş müddətin bərpası üçün üzrlü və əsaslı hesab etmir. Odur ki, əmrin mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.

17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir.

18. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar