Məhkəmə qərarları › İş №2-1(112)-9554/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9554/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9554/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin hərəkətlərinin qanunsuz sayılması, yetkinlik yaşına çatmayan X4 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 52 saylı evin, 86 saylı, yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev giriş 414,M3, M1 mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi, 52 saylı evin, 86 saylı, yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev Giriş 414,M3, ml mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 28 mart 2024-cü il tarixli, Dİ-1001364 nömrəli Alqı-satqı və ipoteka müqaviləsi əsasında X5 almışdır. Sonra həmin mənzilə dair dair Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 01 aprel 2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən X8 öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. İddiaçı bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, yetkinlik yaşına çatmayan X7 qeydiyyatda qalıbdır. Onun iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Yetkinlik yaşına çatmayan uşağ yəni X4 Bakı şəhəri, Nizami rayonu,, B.Nuriyev küçəsi, 52 saylı evin, 86 saylı mənzildən qeydiyyatan çıxarılması ilə bağlı Bakı şəhərı Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir, lakin müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9554/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il təvəllüdlü X7 ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 52 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, Giriş 414, M3, m1) ünvanında yerləşən sahəsi 64.72 kv.m olan 86 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2909 saylı məktubuna əlavə olunan notariat işinin təsdiq olunmuş surətindən görünür ki: - Dİ-1001364 nömrəli xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı və İpoteka Müqaviləsi ilə satıcı X8 (ipoteka saxlayan Azərbaycan Beynəlxalq Bankı” ASC) Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 52 ünvanında yerləşən ümumi sahəsi 64.72 kv.m olan 3 otaqlı 86 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2015-ci il təvəllüdlü X7 ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-52/2-22185/24 nömrəli məktubunda bildirilmişdir ki, X7 azyaşlı olduğundan onun adına fərdi uçot kartoçkası tərtib olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 17589/24 nömrəli məktubunda bildirilmişdir ki, X7 xx.xx.2016-cı il tarixdən ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı məktubda bildirilmişdir ki, Nizami RPİ-nin X3 ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, "Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır. yaşayış yerinı dəyişdikdə yeni yaşayış yerı üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü esasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X6 ünvan 7 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 52 (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, Giriş 414, M3, m1) ünvanında 86 saylı mənzilin xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi xx.xx.2015-ci il təvəllüdlü X7 mənzilin keçmiş mülkiyyətçisinin azyaşlı qohumudur. Belə ki, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı və İpoteka Müqaviləsi ilə satıcı X1 mənzili alıcı İddiaçı satmış, müqavilədən sonra hələ xx.xx.2016-cı il tarixdən qeydiyyatda olan X7 həmin ünvanda qeydiyyatda qalmışdır. Üçüncü şəxsin həmin ünvanda yaşadığına dair sübut təqdim edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X2 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da o hazırkı mülkiyyətçinin ailə üzvü deyil, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X4 ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X4 ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar