Məhkəmə qərarları › İş №2-1(112)-9557/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9557/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9557/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X2rşı “uşağın soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının Əhmədzadə deyil Əhmədov kimi yazılaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il təvəllüdlü X1 sonluğunun “zadə”dən “ov” soyad sonluğuna dəyişdirilməsini xahiş etmiş və bu halı onunla əsaslandırmışdır ki, hazırda qüvvədə olan qanunvericilik soyad sonluğunun “zadə”-dən “ov”-a dəyişdirilməsini istisna etməmişdir. Həmçinin, uşağın hər iki valideyinin soyad sonluğları “ov” (“ova”) olmuşdur ki, məhz bu səbəbdən uşağın soyad sonluğu valideyinlərin soyad sonluğuna uyğun olmalıdır. Qeyd olunan tələb ilə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5036 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 atası İddiaçı, anası isə X3r. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının uşağı X4 ilkin doğum haqqında akt qeydinə əsasən soyadı “-zadə” sonluğu ilə olmuşdur. Hazırda iddiaçı uşağının soyadının sonluğunu “-ov”a, hər iki valideynin soyadına uyğun olaraq dəyişdirilməsini istəyir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Uşağın 10 yaşı (xx.xx.2020-ci il təvəllüdlü) tamam olmamışdır. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4.Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 1.1.Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 5.1.Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2.Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3.Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4.Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10.Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə uşağın soyad sonluğuna növbəti dəfə dəyişiklik kimi qiymət verilmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, uşağın doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən, doğum haqqında şəhadətnaməsindən göründüyü kimi, uşağa “-zadə” sonluqlu soyad ilkin doğum haqqında akt qeydi aparılarkən verilmiş, sonradan soyad sonluğunun dəyişdirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir və bu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın da istinad etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dispozitiv formada müəyyən edilmişdir. İstinad olunan normanı məhdudlaşdırıcı və imperativ norma kimi qəbul edilə bilməz. Həmçinin həmin Qərarda “ov”, “- yev” sonluqlu soyadlara dəyişilməni qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasında yeni doğulan uşaqlara soyad verilərkən, valideynlərin soyadına uyğun olaraq “-ov”, “-yev” sonluqlu soyadların verilməsində hər hansı məhdududiyyət olmadığı halda, ilkin doğum haqqında akt qeydində digər sonluqlu və ya sonluqsuz ifadə formalarında olan soyadların sonluğunun (valideynlərin soyadına uyğun olaraq) “-ov” “-yev” olaraq dəyişdirilməsinə məhdudiyyətin tətbiq edilərək, “fərq qoyulması” ədalətli olmayan və qanunvericiliyə söykənməyən differensasiyanın aparılmasına gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Məhkəmə diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Hazırki işdə məhkəmə iddiaçınln tələbinin yetkinlik yaşına çatmayan övladının soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edir ki, əslində iddiaçının tələb etdiyi “Əhmədov” soyadı ilə övladının qeydə alınmış “Əhmədzadə” soyadı arasında böyük fərq yoxdur və qanunvericilikdə “lı”, “li”, “lu”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu soyadlarının sözün kökündən asılı olaraq “ov”, “yev” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilməsini qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı uşağının sonluğunun dəyişdirilməsi hüququna malik olduğundan və qanunvericilikdə soyad sonluğunun “ov”a dəyişdirilməsini istisna edən hallar mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının Əhmədzadə deyil Əhmədov kimi yazılaraq yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X5 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar