Məhkəmə qərarları › İş №2-1(112)-9557/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9557/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9557/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının müqavilə əsasında istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.m torpaq sahəsinin özəlləşdirilməsi və həmin torpaq sahəsinin mülkiyyətə verilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması və həmin torpaq sahəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlər sırasından çıxarılmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov Bələdiyyəsinin 13 oktyabr 2005-ci il tarixli 12 saylı iclas Protokolundan çıxarışa əsasən X4 5 il müddətinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.metr torpaq sahəsi səyyar ticarətlə məşğul olmaq üçün icarəyə verilmişdir. Bundan sonra, X1 həmin torpaq sahəsinə dair icarə müqaviləsi iddiaçının adına rəsmiləşdirilmiş, Bakı şəhəri Cavabdeh ilə iddiaçı arasında icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunur, dövlət tərəfindən müəyyən olunmuş vergi və rüsumlar vaxtında ödənilir. X6 14 may 2009-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri Cavabdeh 16 oktvabr 2018-ci il tarixli 04/203 saylı arayışında göstərilmişdir ki, iddiaçının istifadəsində olan və Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.m torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə bağlanmış 03 noyabr 2005-ci il tarixli, 58 saylı icarə müqaviləsinin müddəti 15 il müddətinə uzadılmışdır. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllədə yerləşən 300 kv.metr torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı Bakı şəhəri Cavabdehnə xx.xx.2024-cü il tarixli, Q-659 nömrəli ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2as protokolundan çıxarışa əsasən, Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanında yerləşən 300 kv.metr torpaq sahəsinə dair X7 ilə 15 il müddətinə icarə müqaviləsinin bağlanması Mülkiyyət və Texniki İnventarlaşdırma şöbəsinə tapşırılmışdır. X7 ilə cavabdeh arasında bağlanmış 03 noyabr 2005-ci il tarixli, 58 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən X5 icarəyə verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2008-ci ildə vəfat etmişdir. Məhkəmə sorğusu əsasən cavabdeh tərəfindən ünvan 2as protokolundan çıxarış və ona əlavə edilmiş sənədlər məhkəməyə göndərilmişdir. Həmin iclas protokolundan çıxarışdan görünür ki, Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanında yerləşən 300 kv.metr torpaq sahəsinə dair iddiaçı ilə 15 il müddətinə icarə müqaviləsinin bağlanması Mülkiyyət və Texniki İnventarlaşdırma şöbəsinə tapşırılmışdır. Tərəflər arasında bağlanmış 03 noyabr 2005-ci il tarixli, 58 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.m torpaq sahəsi cavabdeh tərəfindən iddiaçıya icarəyə verilmişdir. Müqaviləyə torpaq sahəsinin cizgisi əlavə edilmişdir. Cavabdehin 16 oktyabr 2018-ci il tarixli, 04/203 saylı arayışında qeyd edilmişdir ki, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən və iddiaçının istifadəsində olan 300 kv.metr torpaq sahəsinə görə onunla Nərimanov Bələdiyyəsi arasında bağlanmış 03 noyabr 2005-ci il tarixli, 58 saylı icarə müqaviləsi 15 il müddətinə uzadılmışdır. Cavabdehin 07 may 2024-cü il tarixli 03/190 nömrəli imtina məktubunda göstərilmişdir ki, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 2096-cı məhəllədə yerləşən 300 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi mümkün deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Öncə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdə uyğunsuzluq vardır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 2as protokolundan çıxarışa əsasən, Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanında yerləşən 300 kv.metr torpaq sahəsinə dair X7 ilə 15 il müddətinə icarə müqaviləsinin bağlanması Mülkiyyət və Texniki İnventarlaşdırma şöbəsinə tapşırılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 58 nömrəli müqavilə X7 ilə cavabdeh arasında bağlanmışdır. Məhkəmə sorğusu əsasında isə cavabdeh tərəfindən məhkəməyə göndərilən sənədlərdən görünür ki, bələdiyyənin 13 oktyabr 2005-ci il tarixli, 12 saylı iclas protokolundan çıxarışda Nərimanov rayonu Dərnəgül qəsəbəsi 2096-cı məhəllə ünvanında yerləşən 300 kv.metr torpaq sahəsinə dair iddiaçı ilə 15 il müddətinə icarə müqaviləsinin bağlanması Mülkiyyət və Texniki İnventarlaşdırma şöbəsinə tapşırılmış, həmçinin cavabdehlə iddiaçı arasında xx.xx.2005-ci il tarixli, 58 nömrəli müqavilə bağlanmışdır. Göründüyü kimi eyni torpaq sahəsinə dair eyni tarixli və nömrəli müqavilə cavabdehlə həm iddiaçı arasında, həm də iddiaçının atası X7 arasında bağlanmışdır. Bu isə həmin müqavilənin həqiqiliyinin şübhə altına alınması üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 28 oktyabr 2008-ci ilədək qüvvədə olmuş redaksiyasında göstərilmişdir ki, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanuna həmin tarixdə edilmiş dəyişikliyə əsasən 9.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir “Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. Göründüyü kimi, bələdiyyə torpaqları yalnız müvafiq istisnalar nəzərə alınmaqla yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə fiziki şəxslərin mülkiyətinə verilə bilər. Eyni zamanda qanunvericilik bələdiyyə tərəfindən mülkiyyətində olan torpaqların hər hansı hüquqla (mülkiyyət, icarə, istifadə hüququ) hüquqi və fiziki şəxslərə verilməsini öhdəlik kimi nəzərdə tutmamışdır. Bu səbəbdən iddiaçı icarəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə ərizə ilə bələdiyyəyə müraciət edə və bələdiyyə qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində torpağı iddiaçının mülkiyyətinə verə bilər. Məhkəmə tərəfindən isə cavabdehin üzərinə belə bir öhdəlik qoyula bilməz. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinası iddiaçının hüquqlarını pozmadığından iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsinə qarşı “torpaq sahəsinin mülkiyyətə verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar