Məhkəmə qərarları › İş №2-1(112)-956/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-956/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-956/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı kimi təqaüd pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı kimi təqaüd pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ödənilməli olan 9710 manat təqaüd pulunun iddiaçıya ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, O, 1991-ci ildən Azərbaycan Qarabağ özünü müdafiə dəstəsində vuruşmuşdur. 2014-cü ildən başlayaraq "Müharibə veteranı" adının və vəsiqəsinin ona verilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Müraciəti Bakı 2 Saylı İnzibati məhkəməsinə olmuşdur. Həmin gündən haşalayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hüquqlarının pozulması ilə bağlı xx.xx.2021-ci il tarixli, 2-1(112)3914/2021 saylı tarxidə Bakı İnzibati Məhkəməsinin yekun qərarı ilə ona " Müharibə veteranı" adının və vəsiqəsinin verilməsin üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmuşdur. 15 sentynbar 2021-ci il tarxidən ona "Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. 2007 -ci ildən 2018-ci ilə kimi hər ay 55 manat müharibə vetranlarına pul ödənilmişdir. Həmin dövrdə o, müharibə vetranı kimi 6110 manat təqaüd almalı idi. 2018-ci ildən başlayaraq Müharibə vetranlarına hər ay Prezident təqaüdü olaraq 80 manat verilir. 2018-ci ildən , 2021-ci ilin sentyabr ayına kimi ödənilməli olan təqaüd 3600 manat təşkil edir. Birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qanunvericiliyin tələblərin pozduğu üçün 9710 manat almalı olduğu təqüddən məhrum olunduğunu bildirir. 9710 manat təqüd pulunun ala bilməmədiyinə səbəb ona qanuna zidd olaraq "Müharibə vetranı" adının və vəsiqəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərfindən ona verilməməsi olmuşdur. Bildirir ki, rəsmi olaraq o Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 04 yanvar 2022-ci il tarxidə müraciət etmişdir və müraciəti xx.xx.2022-ci il tarxidə müdafiə nazirliy tərəfindən rəsmi olaraq qəbul edimişdir. Artıq bir aydan çoxdur ki, müraciət etdiyi Azərbaycan Respublikası Müadfiə Nazirliyi onun müraciətinə cavab vermir. Belə olan halda o, məcbur olub cavab almadan Bakı İnzibati Məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi qəbzdən də görünür ki, 04 yanvar 2022-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir və 10 yanvar 2022-ci il tarxində onun göndərdiyi ərizə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çatmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 02.02. 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli 2-1(112)-7567/2022 saylı Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi dəqiqləşdirilmiş və iddia tələbi “1760 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “təqaüd pulunun ödənilməsi’ tələbinə dair iddiasının mümkün sayılmasın. Hesab edirik ki, İddia verilərkən AR İnzibatİ-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə riayət edilmədiyindən iddia mümkünsüz sayılmalıdır. Belə ki, hazırki iddia AR inzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair’’ Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.3-cü maddəsinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati iş üzrə qeyd etmək zəruridir ki. iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyul 2021-ci il tarixli 2-1(112J-3914/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, qərar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən icra edilərək iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsi verilmişdir. İddiaçının hazırkı tələbi-təqaüd verilməsi bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətinə aid olmadığından, iddia verilərkən iddianın mümkünlük şərtlərindən olan iddianın ona cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair imperativ tələbi pozulduğundan iddia mümkün sayıla bilməz.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciət ərizəsinin surəti; - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - 089423 nömrəli, xx.xx.2021-ci il tarixli iddiaçıya məxsus müharibə veteranı vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etiraz məktubu. - iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3914/2021 nömrəli qərarı.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halları və iş materiallarından müəyyən olunur ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müracət etmiş, onun müraciətinə formal olaraq cavabdeh orqan tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir. İmtinadan narazı qalan iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3914/2021 saylı qərarına əsasən iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması” tələbinə qarşı iddiası təmin edilmiş, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı əsasında xx.xx.2021-ci ildə Müdafiə Nazirliyi tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Hazırkı iş üzrə iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona təzminat (kompensasiya) ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının ərizəsinə cavab verməmiş və iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının hazırkı tələbi-təqaüd verilməsi bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətinə aid olmadığından, iddia verilərkən iddianın mümkünlük şərtlərindən olan iddianın ona cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair imperativ tələbi pozulduğundan iddia mümkün sayıla bilməz. Belə ki, cavabdehin imtina dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. Nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati orqana müraciət edilmədiyi hallarda iddianın mümkünlüyü məsələsinə baxılarkən şəxsin məhkəmə qaydasında müdafiə hüququ, həmin hüququn səmərəliliyi və prosessual məhkəmə qənaəti prinsipi nəzərə alınmalıdır. Bu zaman həmçinin mübahisə ilə bağlı işin xüsusiyyətləri, o cümlədən inzibati orqana müraciət edilməməsinin səbəbləri, məhkəmə icraatının hansı mərhələdə olması, müvafiq müraciətin məhkəmə icraatinin gedişində mümkünlüyü və buna cavabdehin münasibəti, cavabdehin müraciətlə bağlı imtinasının əsasları məhkəmə tərəfindən nəzərə alınmalı və qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, bu qaydada dəqiqləşdirmə mübahisəyə baxılmasının ağlabatan müddətlərdə yekunlaşması və prosessual qənaətə nail olmaq baxımından da yolveriləndir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. İddia tələblərinin dəqiqləşdirilməsi baxımından nəzərə alınmalı mühüm bir məqam da, dəqiqləşdirilmiş tələbə münasibətdə cavabdeh inzibati orqana müraciət edilib- edilmədiyi və bununla bağlı onun mövqeyidir. Hazırkı mübahisə üzrə işə baxılarkən, iddiaçı, məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə (poçt göndərişinin verilməsi haqqında xəbərnamə, poçt göndərişinə dair qəbz, ərizə) sübut etmişdir ki, işin məhkəmə icraatı gedişində inzibati orqana müvafiq tələblə müraciət etmiş və ona uyğun ümumiyyətlə cavab verməmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosialməişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı: 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir; ...

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Yuxarıda da qeyd olunan “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 1 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 1 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanununun 89.2-ci maddəsin əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1- maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş) İşin faktiki hallarından da görünür ki, iddiaçı müharibə veteranı statusu və vəsiqəsinin verilməsi tələbi ilə 2019-cu ilin noyabr ayında müraciət etmiş, lakin inzibati orqan ərizəsini təmin etməkdən imtina etmişdir. Daha sonra iddiaçı məhkəmədə müharibə veteranı statusu və vəsiqəsi verilməsi tələbi ilə iddia qaldırmış və onun tələbi məhkəmə qərarı ilə təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrası olaraq İddiaçı xx.xx.2021-ci il tarixində veteren statusu və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda göstərilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və ödənişdədir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Güründüyü kimi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 3914/2021 nömrəli qərarı ilə inzibati orqan tərəfindən əsassız olaraq iddiaçıya onun müraciət etdiyi vaxtdan “müharibə veteranı statusu və vəsiqəsi” verilmədiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi məhkəmə qaydasında təmin edildiyindən ona müraciət etdiyi vaxtdan veteran statusunun verilməməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş və cavabeh inzibati orqanın təqsirli hərəkətləri nəticəsində (hüquqa zidd) iddiaçı vaxtında almalı olduğu veteran statusundan irəli gələn təminatlardan (təqaüddən- əldə etməli olan faydadan) məhrum olmuşdur. Məhkəmə kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı iddiaçının yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, 2019-cu il noyabr ayı tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə almalı olduğu 1760 manat məbləğində (22 ay x 80 manat=1760) faydadan məhrum olduğundan və bu cavabdeh inzibati orqanın təqsirli (hüquqa zidd) hərəkətləri nəticəsində baş verdiyindən, əldə çıxmış fayda ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcud olduğundan ona həmin məbləğdə ziyanın dəyməsi məhkəmə tərəfindən müəyyən olunur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 1760 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir. qanunvericiliyə uyğun məbləğlərdə müharibə veteranı müavinətinin hesablanıb dəfəyə ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1760 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar