Məhkəmə qərarları › İş №2-1(112)-9562/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9562/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9562/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək 18 №-li X7 Məktəbində təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci ilədək Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Ona məxsus olan əmək kitabçasından görünür ki, xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və xx.xx.1997-ci il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. Həqiqi hərbi xidmət müddəti, təhsil müddəti və əmək kitabçasında göstərilən iş stajı müddəti nəzərə alınmaqla onun ümumilikdə iş stajı 27 il 28 gün təşkil edir. Əmək pensiyasının təyin edilməsi üçün sənədlərini DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, attestatının və hərbi biletinin surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1975ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrlər də nəzərə alınmaqla) 24 il 5 ay təşkil edir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən mübahisə edilən dövrlərin cəmi 2 il 8 ay 10 gün (xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il) təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1983-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-dəki xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək iddiaçının adına əmək haqqı hesablanmadığı aşkar olunmuşdur. Tərəflərindən "xxxx" ASC-yə sorğu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Sorğuya gələn cavab barəsində məhkəməyə məlumat veriləcəkdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur; 387 nömrəli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1970-xx.xx.1972-ci illərdə 18 №-li texniki-peşə məktəbində təhsili almışdır; НВ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1978cı illərdə hərbi xidmət keçmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 may 2022-ci il tarixli, **********2 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, attestatının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 24 il 5 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-dəki xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək adına əmək haqqı hesablanmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: "xxxx" ASC xx.xx.2022-ci il tarixli məktubla İddiaçı "xxxx" X3 Məişət və X4 zavodunda əmək fəaliyyətinə dair sənədləri (1995-ci il üzrə əmək haqqı cədvəlləri) məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 755 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət konserninin tabeliyində olmuş Məişət Malları zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2011-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1997-ci il tarixinə hazırlanmış sənədlərə əsasən bildirilmişdir ki, müraciətində qeyd olunan iddiaçı X1 adı əmək kollektivinin üzvü kimi (vəzifəsi-maşinist, 1997-ci il tarixinə iş stajı-25 il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun sığorta stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının xx xxxxxx 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 11 dekabr 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (təhsil və hərbi xidmət dövrü daxil olmaqla) 24 il 5 aydır. Cavabdeh iddiaçının xx.xx.1995-xx.xx.1997-ci illərdə işlədiyi dövrü (ümumilikdə 2 il 8 ay 7 gün) sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrlərdə iddiaçının adına əmək haqqı hesablanmadığı aşkar edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlilləri əsassız hesab edir. Əvvəla, iddiaçının "xxxx" X3 Məişət və X4 zavodunda (hazırda "xxxx" ASC) işlədiyi 1995-ci ilə dair əmək haqqı cədvəlləri məhkəmə araşdırması zamanı əldə olunmuş və iş materiallarına əlavə edilmişdir. İkincisi isə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1997-ci il tarixinə hazırlanmış sənədlərdə X1 adı əmək kollektivinin üzvü kimi (vəzifəsi-maşinist, 1997-ci il tarixinə iş stajı-25 il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının "xxxx" X3 Məişət və X4 zavodunda (hazırda "xxxx" ASC) işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar