Məhkəmə qərarları › İş №2-1(112)-9563/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9563/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9563/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə qəbul edilməyi barədə əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi vəzifəsinin cavabdeh orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur, Bakı şəhərində yaşayır. 2015-ci ildə ailə qurmuş, hal-hazırda ailəlidir, heç yerdə işləmir. 2019-cu ilin dekabr ayında oğlu anadan olmuşdur. Uşağın doğulmasına görə dövlət tərəfindən verilən birdəfəlik müavinəti almaq məqsədilə 3 saylı Yasamal “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq şöbəsinə müraciət etmişdir. Həmin şöbədə Nazirliyin X5 işəgötürən barədə məlumatlar bölməsində iddiaçının "xxxx" MMC-də işləməyi haqqında məlumatın olması və mövcud qaydalara görə müavinətin yalnız işçinin maaş kartına köçürmək yolu ilə ödənilməyin mümkün olduğu bildirilmişdir. Lakin iddiaçı həmin şöbənin işçilərinə "xxxx" MMC adlı şirkəti tanımadığını, heç bir zaman orada işləmədiyini və təbii ki maaş kartının olmadığını bildirmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti 12 saylı region üzrə X9 müraciət etmiş və aşağıdakı məzmunda 24.01.2020-ci il tarixli, **********9 saylı cavab məktubu almışdır: "xxxx" MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 işəgötürən barədə məlumatlar bölməsindəki telefon nömrələri işləmədiyindən əlaqə saxlamaq mümkün olmamışdır. Eyni zamanda sahibkar X10 EİS-də qeyd olunmuş qeydiyyat ünvanına 08.01.2020-ci il tarixli rəsmi dəvət məktubu göndərilmişdir. Lakin poçt həmin məktubu “imtina edilib” qeydi ilə geri qaytarmışdır. Bildirilmişdir ki, “01.01.2021-ci il tarixədək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il tarixli 845-VQD nömrəli Qanununa əsasən qeyd olunan məsələnin tərəflərindən yerində araşdırılması mümkün deyil. Bu səbəbdən müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır”. Aldığı cavab iddiaçını qane etmədiyindən tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli, 2(011)-4829/2020 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı işə qəbul edilməyi haqqında X1 məlumatın silinməsi barədə cavabdehlər - "xxxx" MMC-nin və X10 üzərinə öhdəlik qoyulmuşdur. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin 16.07.2021-ci il tarixli, 17/74-22965/9 saylı məktubu ilə icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə və "xxxx" MMC-yə ünvanlanmış, X10 yaşayış yeri məlum olmadığına görə onun barəsində axtarış elan edilmişdir. X13 Xidmətinin 28.07.2021-ci il tarixli, **********7 saylı cavab məktubu ilə iddiaçıya tövsiyə olunmuşdur ki, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi hüququnun sözügedən xidmətə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə işəgötürən "xxxx" MMC-nin direktoru X8 Azərbaycan Respublikasının ərazisində olduğunu müəyyən edərək 12.10.2020-ci il tarixli, 2(011)-4829/2021 nömrəli qətnaməsinə əsasən əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin işəgötürənin üzərinə qoyulmasını qət etmişdir. Həmin qətnamə qüvvəyə mindikdən sonra İcra şöbəsinə yönəldilmiş və İcra şöbəsi sözügedən qətnamənin icrasının cavabdeh tərəfindən həyata keçirilməsini təmin etmək məqsədilə borclunun axtarılması haqqında qərar qəbul edərək aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 27.3 və 27.4-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Borclu fiziki şəxsin və uşağın axtarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi məsələ Bakı şəhəri Xətai Rayon Məhkəməsində öz həllini tapmış və qətnamənin icrası ilə bağlı lazımi hərəkətlər İcra şöbəsi tərəfindən həyata keçirilməkdədir. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların sistemə daxil edilməsi ilə bağlı tələblər fərdi əmək mübahisəsi olduğu və bu mübahisələr mülki xarakter daşıdığı halda iddiaçı mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində X13 Xidmətini cavabdeh kimi göstərərək, işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Nəzərinizə çatdırılır ki, Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti haqqında Əsasnamə”yə əsasən X13 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsininin xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi kimi öhdəliklərinin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. Əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildinşi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları və iddiaçının tələbinin Xidmətin səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. İddiaçı məhkəmə iclasında şəxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş X2 Sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, işəgötürənin tam adı - "xxxx" MMC, “işçi barədə məlumatlar” hissəsində İddiaçı, işçinin vəzifəsi - Məşğulluq təsnifatı üzrə qeydiyyatçı menecer, əmək müqaviləsi üzrə menecer, əmək müqaviləsinin bağlandığı tarix - 01.12.2018, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix - müddətsiz. Arayış xxxxxxx000200 əmək mqaviləsi bildirişi üzrə hazırlanmışdır. Arayışın etibarlılıq müddəti - 22.11.2021. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin İddiaçı ünvanladığı 28.07.2021-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, sizin Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(011)-4829/2020 saylı, 2020-ci il 12 oktyabr tarixli qətnaməsinə əsasən əmək müqaviləsi bildirişinin X2 sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində etibarsız edilməsi ilə bağlı müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətində baxılmışdır. Bildirilir ki, sizin eyni məzmunlu müraciətinizə 18.03.2021-ci il tarixli, **********1 nömrəli məktubla cavab verilmişdir. Bildirilir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsində əmək müqaviləsi bildirişinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməsi üçün əsas nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X13 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi hüququnun X13 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilərək əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci bəndinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X2 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin X5 qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. -6.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X5 elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.1-ci bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə X2 sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi əmək müqaviləsinin bağlanılması, əmək müqaviləsində dəyişiklik edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin X2 sisteminə daxil edilməsi bilavasitə işçi ilə əmək müqaviləsi bağlamış işəgötürənin səlahiyyətinə aiddir. Qanunvericilik X9 işəgötürənin əvəzinə əmək müqaviləsi bildirişini X2 sisteminə daxil etmək vəzifəsini deyil, bilavasitə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin X2 sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsinə nəzarət etmək səlahiyyətini tanımışdır. İşin hallarından da görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsini həmin müəssisədən tələb etmək əvəzinə, tələbi cavabdeh inzibati orqana qarşı irəli sürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; -288-ci maddəsinin “a”, “k” bəndlərinin tələblərinə əsasən bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi; -289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; -294-cü müddəsinin birinci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; -297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. İş materiallarından da görünür ki, iddiaçı artıq yuxarıda göstərilən normaların tələbinə uyğun olaraq "xxxx" MMC-yə və X6rşı iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə iddia qaldırmışdır. Həmin mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4829/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı işə qəbul edilməsi haqqında X1 məlumatın silinməsi barədə cavabdehlər "xxxx" MMC-nin və X10 üzərinə öhdəlik qoyulmuşdur. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış, 25.12.2020-ci il tarixdə icra vərəqi tərtib edilərək icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Xətai rayon İcra şöbəsinin 22.01.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə borclu X14 barəsində axtarış elan edilmiş, icra edilməsi üçün Xətai Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinə göndərilmişdir. Göründüyü kimi mülki iş üzrə mübahisəyə hüquqi qiymət verilmiş, işəgötürənin müvafiq məlumatın silinməsi öhdəliyinin icra edilməsi üçün icra sənədi verilmiş, hazırda mülki işin davamı olaraq icra sənədi icra mərhələsindədir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi cavabdeh Xidmətin qanunla üzərinə qoyulmuş vəzifəsi olmadığından həmin vəzifənin icra edilməsi inzibati məhkəmə icraatında tələb edilə bilməz. İddiaçının hüquqi marağının mülki məhkəmə icraatında məhkəmə qətnaməsinin icrası gedişində öz həllini tapması mümkün və qanunidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar