Məhkəmə qərarları › İş №2-1(112)-9564/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9564/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9564/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X4) qarşı “torpaq sahəsinə dair planölçünün tərtib edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran Bələdiyyəsinin 17 aprel 2003-cü il tarixli, № 09/687 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 0,32 hektar torpaq sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib edilərək, hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X4 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində adi cəlbetmə qaydasında hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 888 saylı ərizə ilə Sabunçu rayonu, Nardaran Bələdiyyəsinə müraciət edərək, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi 0,32 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayonu Nardaran Bələdiyyəsinin 17 aprel 2003-ci il tarixli, 09/687 saylı qərarı ilə iddiaçıya Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi 0,32 hektar bələdiyyəyə məxsus olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış və bələdiyyənin idarə edilməsi şöbəsinə alqı-satqı müqaviləsi bağlanması tapşırılmışdır. Həmin torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında Sabunçu rayonu Nardaran Bələdiyyəsi ilə torpağın alqı-satqısına dair 09/687 saylı, 17 aprel 2003-ci il tarixli müqavilə imzalanmış və ayrılan torpaq sahəsinin planı da tərtib olunaraq bələdiyyənin möhürü və bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndismemarının imzası ilə təsdiq olunmuşdur. Torpaq sahəsinə görə bələdiyyənin büdcəsinə pul ödənilmiş və bu barədə ödəniş qəbzi də mövcuddur. Eyni zamanda bələdiyyəyə qeyd edilən torpaq sahəsinin vergisi ödənilmişdir. Ərizəyə əlavə edilmiş Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 26 dekabr 2024-cii il tarixli cavab məktubundan görünür ki, Sabunçu rayonu Nardaran Bələdiyyəsinin 17 aprel 2003-cü il tarixli, 09/687 saylı qərarı və ona əlavə edilmiş sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının mübahisəsiz olaraq sahiblik və istifadəsindədir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla, Kürdəxanı qəsəbə hüdudları daxilində Ləhiş bağ massivinin ərazisində yerləşir. Təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. Torpaq sahəsinin ətrafindakı sahələr bağ sahəsi kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun sənədlərlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, sahənin bir hissəsi **********51 reyestr nömrəsi ilə X1 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09/687 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində 0,32 hektar bələdiyyəyə məxsus torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılması qərara alınmışdır. Surəti iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2003-cü il tarixli, 09/687 saylı müqaviləyə əsasən Sabunçu rayonu Nardaran bələdiyyəsi Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində 0,32 hektar torpaq sahəsini hər sot üçün 12,32 manat müqabilində iddiaçıya satmışdır. Bakı şəhəri Nardaran bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Nardaran Bələdiyyəsi 2010-cu ildən fəaliyyət göstərməyə başladığından 2003-cü ildə hər hansı sənəd verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin qonşuluğunda **********14 reyestr nömrəli, **********09 reyestr nömrəli, **********11 reyestr nömrəli daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktubla mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışın verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə və faktiki olaraq sahəsi 0,32 ha təşkil edir. Göstərilən torpaq sahəsinin sərhədləri 1 tərəfdən qonşu hasarı, qalan tərəflərləri şərtidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Sabunçu rayonu Nardaran bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09/687 saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Cavabdehin iddiaçının müraciətinə dair imtinası iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən göründüyü kimi iddiaçı Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 09/687 saylı qərarı ilə ona Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi 0,32 ha torpaq sahəsinin ayrılmasına əsaslanaraq həmin torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabehin imtinasını o təşkil etmişdir ki, sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla, Kürdəxanı qəsəbə hüdudları daxilində Ləhiş bağ massivinin ərazisində yerləşir. Təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. Torpaq sahəsinin ətrafindakı sahələr bağ sahəsi kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun sənədlərlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, sahənin bir hissəsi **********51 reyestr nömrəsi ilə X1 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Öncə qeyd edilməlidir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması haqqında verilmiş xx.xx.2003-cü il tarixli, 09/687 saylı qərarın həqiqiliyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Nardaran bələdiyyəsinin cavab məktubunda göstərilmişdir ki, Nardaran Bələdiyyəsi 2010-cu ildən fəaliyyət göstərməyə başladığından 2003-cü ildə hər hansı sənəd verilməsi mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna cavab məktubuna əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Göründüyü kimi Bakı şəhəri Sabunçu rayonu Nardaran bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması haqqında verilmiş xx.xx.2003-cü il tarixli, 09/687 saylı qərarın arxiv nüsxəsi nə Dövlət Arxivinin Bakı Filialında, nə də Nardaran Bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Digər tərəfdən də, 2010-cu ildə fəaliyyət göstərən Nardaran bələdiyyəsi 2003-cü ildə iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar qəbul edə bilməzdi. Bütün bu hallar iddiaçı tərəfindən məhkəməyə surəti təqdim edilmiş həmin qərarın mötəbərliyinin şübhə altına alınmasına səbəb olur. Məhkəmə tərəfindən iddiaçının göstərdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onlar əsasında duran hüquq müəyyənedici sənədlərin məhkəməyə göndərilməsi cavabdehdən xahiş edilmişdir. Məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşən bir neçə torpaq sahəsinə dair müvafiq bağçılıq sənədləri əsasında vətəndaşların mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə hesab edir ki, yalnız dövlət mülkiyyətində olan torpaq sahələri müvafiq bağçılıq sənədləri əsasında vətəndaşa ayrıla bilər. Demək ki, həmin ərazidəki torpaq sahələri dövlət mülkiyyətindədir. Bu halın həqiqliyi cavabdehin etiraz ərizəsi ilə də təsdiq olunur. Göründüyü kimi göstərilən hallar iddianın rədd edilməsi üçün əsas olmuş və kifayət etmişdir. Belə ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. İddiaçıya torpaq sahəsi ayrılması barədə qərarın arxiv nüsxəsi mövcud deyildir. Məhkəmə qeyd edir ki, həmin qərarın arxiv nüsxəsi mövcud olmuş olsaydı belə Nardaran bələdiyyəsinin dövlət mülkiyyətində olan torpaq sahəsini vətəndaşa ayırmaq kimi səlahiyyəti olmadığından torpaq sahəsinin qanuni əsaslarla ayrılmaması müəyyən edilmiş olacaqdı. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçünün tərtib edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar