Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9568/2022 05.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1Ə: 1.İşin halları İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********792400 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli, **********792400 saylı qərarı əsasında kameral vergi yoxlaması ilə iddiaçıya 11550 manat gəlir vergisi hesablanmışdır. Həmin qərardan iddiaçı inzibati qaydada şikayət versə də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********580200 saylı qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği və cavabdehin qərarı əsassız və qanunsuzdur. Belə ki, iddiaçı fərdi sahibkar olaraq vergi ödəyicisi kimi xx.xx.2015-ci il tarixində vergi uçotuna alınmış və fəaliyyət kodu “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların" pərakəndə satışı olmuşdur. Bir müddət sahibkar kimi fəaliyyət göstərsə də, sonradan işlərində yaranan problemlər səbəbindən fəaliyyəti dayanmış və faktiki olaraq fəaliyyət göstərməmişdir. 10 iyun 2020-ci il tarixli, AK-006/20 saylı alqı-satqı müqaviləsi ilə tanışı X5 məxsus “MERCEDES BENZ E200D AMG” markalı avtomobili vaxtı olmadığı üçün onun xahişi ilə və ona vermiş olduğu nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında “X12" Məhdud Məsuliyyətli Cəmiyyətinə onun xeyrinə 110 000 AZN qiymətinə, 03 iyul 2020-ci il tarixli, AK-009/20 saylı alqı-satqı müqaviləsi əsasında özünə məxsus və şəxsi istifadəsində olan “PORSCHE CAYENNE” minik markalı avtomobili “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə 153000 AZN qiymətinə və 21 iyul 2020-ci il tarixli, 06/31/28/DLİZ saylı alqı-satqı müqaviləsi əsasında tanışı Q.Nicata məxsus “MERCEDES BENZ S500” minik markalı avtomobili vaxtı olmadığı üçün onun xahişi ilə və ona vermiş olduğu nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında “AVTOLİZİNQ" Məhdud Məsuliyyətli Cəmiyyətinə onun xeyrinə 83500 AZN qiymətinə satmışdır. Cavabdeh bütün bu satış əməliyyatlarından əldə edilən gəlirə iddiaçının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir kimi qiymət verərək ona 11550 AZN məbləğində gəlir vergisi hesablamışdır. Yuxarıda qeyd olunduğu kimi avtomobillərin alqı-satqısının həyata keçirildiyi dövrdə iddiaçının bir sahibkar kimi faktiki fəaliyyəti olmamış, özünə məxsus və şəxsi istifadəsində olan avtomobilin satışını həyata keçirmiş və həmin avtomobilin onun sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır. Həmçinin, şəxsi avtomobilinin sahibkarlıq fəaliyyətində istifadə edilməsi ilə bağlı Dövlət Vergi Xidmətində hər-hansı mötəbər sübut mövcud deyildir. Bu səbəbdən həmin avtomobilin satışından əldə etdiyi gəlir iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayaraq əldə edilmiş gəliri olmaqla gəlir vergisindən azaddır. Digər iki avtomobilə gəldikdə isə həmin avtomobillər ümumiyyətlə iddiaçının mülkiyyətində olmamış, iddiaçı onları yalnız şəxsi tanışlıq zəminində üçüncü şəxslərin xahişi əsasında, onların xeyrinə və onlar tərəfindən verilən etibarnamələr əsasında satışını həyata keçirmiş, buradan hər hansı gəlir əldə etməmişdir. Digər tərəfdən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixli **********580200 №li qərarında “alğı-satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq iddiaçının adının qeyd olunması faktı" aparılan əməliyyatların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və vergi üstünlüyü əldə etmək üçün aparılan əməliyyat kimi qiymətləndirilməsi üçün əsas kimi gətirmişdir. Lakin müqavilədə təmsilçilik hüququ barədə qeydin olub-olmaması faktiki olaraq iddiaçının həmin nəqliyyat vasitələrini mülkiyyət hüququ ilə deyil, etibarnamə əsasında alıcılara satdığı, alqı-satqı müqaviləsində nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində göstərilmiş məlumatların qeyd olunması (ban nömrəsi, buraxılış ili və s.), alıcıların qeydiyyat şəhadətnaməsi ilə tanışlığı və həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olmadığını bilmələri ilə bağlı gerçəkliyi dəyişdirmir. Alqı-satqı müqavilələrində hər-hansı qeydin olmaması, həmin müqavilələrdən əldə edilmiş gəlirin faktiki sahibinin iddiaçı olmadığı faktını inkar etmək üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı ərizəsində 3 ədəd minik avtomobili satdığını, satılmış avtomobillərdən birinin öz şəxsi avtomobili, digərlərinin isə tanışlarının olduğunu, maşınların satılmasından əldə olunan gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olduğunu və həmin gəlirin vergidən azad olduğunu bildirmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 346500,0 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq müvafiq dövr üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********121500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və. araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 11550,0 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********792400 nömrəli Qərar qəbul olunmuşdur. Fərdi sahibkar tərəfindən vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********881100 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********882800 nömrəli) inzibati şikayətlər verilmiş və vergi orqanının 03 fevral 2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 346500,00 manat gəlir, “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarına uyğun olaraq şərti rentabellik norması nəzərə alınmaqla 11550,00 manat gəlir vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən "X12" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2020-ci il tarixdə EAA seriyalı 064814 nömrəli elektron alış aktına əsasən 110000,0 manat dəyərində “Mercedes Benz E220D AMG” markalı, xx.xx.2020-ci il tarixdə EAA seriyalı 086467 nömrəli elektron alış aktına əsasən 153000,0 manat dəyərində “Porsche Cayenne” markalı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) xx.xx.2020-ci il tarixdə EAA seriyalı 077621 nömrəli elektron alış aktına əsasən 83500.0 manat dəyərində “Mercedes Benz S500” markalı, ümumilikdə 3 sayda, 346500.0 manat dəyərində avtomobillərin təqdim edilməsi, eyni zamanda fərdi sahibkar tərəfindən 2019-cu il ərzində gömrük dəyəri 46509,0 manat olan X11 Glide (ban nömrəsi- 1HD1KBC19KB653138) nəqliyyat vasitəsinin idxal edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X6 tərəfindən verilmiş etibarnamə əsasında **-ST-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220D AMG markalı avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin "X12" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi, X2 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220D AMG markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi və şəxsi mülkiyyətində olan **-ZR-*** dövlət qeydiyyat nişanlı, Porsche Cayenne markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən "X12" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edildiyi müəyyən edilmişdir. Eyni zamanda uçot baza məlumatlarına əsasən yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın mülkiyyətində 88 sayda avtonəqliyyat vasitələrinin (86 minik, bir motosiklet və bir qoşqu) olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu ildə idxal olunmuş dəyəri 46509,0 manat olan 1HD1KBC19KB653138 ban nömrəli nəqliyyat vasitəsinin (motosiklet) sahibkarın mülkiyyətində olmadığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı adları yuxarıda qeyd olunan hüquqi şəxslərə xx.xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək 2020-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri: bağlanmış müqavilələr, alış aktları, bank hesablarından çıxarışı (bank tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarını (bank tərəfindən təsdiq edilmiş şəkildə), alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları, ilkin sənədlərin təsdiq edilmiş surətlərinin xx.xx.2022-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi bildirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı bağlanmış müqaviləni, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktını və pul vəsaitinin fərdi sahibkara ödənilməsini təqdim edən ödəmə tapşırığını araşdırmaya təqdim etmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən elektron alış aktları ilə təqdim olunmuş avtomobil nəqliyyatı vasitələrinin alqı-satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq İddiaçı adının qeyd olunduğu, avtomobillərin alqısatqı müqaviləsinə əsasən ondan alındığı qeyd olunmuşdur. Beləliklə vergi ödəyicisinin 3 sayda müxtəlif markalarda avtomobillərin şəxsi istifadəsində olmamasını iddia etməsinə, etibarnamə əsasında şəxsi tanışları olan şəxslərin avtomobil nəqliyyatı vasitələrinin satılmasına köməklik göstərməsini bildirməsinə, yalnız 1 avtomobilin şəxsi mülkiyyətində olmasını və təqdim etməsini qeyd etməsinə, sahibkarlıq fəaliyyətindən gəlir əldə etmədiyini bildirməsinə baxmayaraq, təqdim edilmiş alqı-satqı müqavilələrində təmsilçilik hüquq barədə qeyd yazılmadan “Satıcı" olaraq fərdi sahibkarının adının qeyd edilməsi, fərdi sahibkarın əvvəlki illərdə də analoji fəaliyyətlə məşğul olması, adına qeydiyyatdan keçmiş və etibarnamə ilə istifadəsinə verilmiş avtomobil nəqliyyatı vasitələrinin sayının çox olmasının şəxsi istifadə təyinatına uyğun olmadığını şərtləndirməsi, qeyd olunanların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, “Lizinq" şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun internet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması halları da vergi orqanı tərəfindən qəbul olunmuş Qərarın tamamilə qanunvericiliyə uyğun formada tərtib olunduğunu sübut edir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə Qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydasına uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixli **********792400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:24:19-də elektron qutuda oxunmuşdur. Vergi ödəyicisinə təqdim olunmuş qərar Asan imza ilə imzalanmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdehin xx.xx.2021-ci il tarixli **********792400 saylı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 2020-ci il üçün gəlir vergi üzrə 11.550 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********580200 saylı 03 fevral 2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********792400 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı X2 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” markalı avtonəqliyyat vasitəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. AD № 163803 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-ON-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz S500 markalı minik avtomobili xx.xx.2018-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. 10 iyun 2020-ci il tarixli, AK-006/20 saylı alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı X5 məxsus “MERCEDES BENZ E200D AMG” markalı avtomobilini “X12" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. AD № 575791 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-SR-*** dövlət qeydiyyat nişanlı, MERCEDES BENZ E200D AMG” markalı minik avtomobili xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyata alınmışdır. 03 iyul 2020-ci il tarixli, AK-009/20 saylı alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı özünə məxsus **-ZR-*** dövlət qeydiyyat nişanlı “PORSCHE CAYENNE” minik markalı avtomobili “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. AD № 778280 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-ZR-*** dövlət qeydiyyat nişanlı, “PORSCHE CAYENNE” minik markalı avtomobili markalı minik avtomobili iddiaçının adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X6 ona məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200D AMG” markalı nəqliyyat vasitəsi üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək hüquqlarını xx.xx.2020-ci il tarixə qədər iddiaçıya vermişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarına görə kameral vergi yoxlaması nəticəsində cavabdehin xx.xx.2021-ci il tarixli, **********792400 saylı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2020-ci il üçün 11.550 manat məbləğində gəlir vergisi hesablanmışdır. Daha sonra iddiaçının inzibati şikayətinə baxılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********580200 saylı 03 fevral 2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarı ilə həmin qərar dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı cavabdehin qərarını məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən: 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək. 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmadığından və qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərar). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya mübahisələndirilən qərarla vergi hesablanmasına əsas olan əməliyyatlar iddiaçının sahibkarlıq fəaliyyəti bağlı olmamışdır. Belə ki, iddiaçının özünə məxsus olan **-ZR-*** dövlət qeydiyyat nişanlı “PORSCHE CAYENNE” minik markalı avtomobili “X12” MMC-yə, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında X5 məxsus **-SR- *** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ E200D AMG” markalı nəqliyyat vasitəsini və X2 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ S500” markalı nəqliyyat vasitəsini "xxxx" MMC-yə satması sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Çünki, iddiaçının özünə məxsus olan və etibarnamə əsasında ona verilmiş nəqliyyat vasitələrini satarkən iddiaçı qanun və müqavilə əsasında malik olduğu mülkiyyət hüququnun tərkin hissəsi olan sərəncam vermək hüququnu reallizə etmişdir. Bu aktların icrası zamanı iddiaçı tərəfindən hər hansı gəlir əldə etmək məqsədi daşımamışdır. Vergi orqanı tərəfindən də bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Qanunverciliyin göstərilən normalarının hazırki işə tətbiqi zamanı da müəyyən edilir ki, iddiaçı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı gəlir əldə etmək məqsədilə deyil, qanun əsasında ona verilən hüquqlardan öz şəxsi məqsədilə istifadə etmişdir. Həmin hüquqların icrası qanunun tələblərinə riayət edilməklə icra edildiyi üçün vergi orqanın mübahisələndirilən qərarı qanunsuz olmuşdur. Vergi Məcəlləsinin aşagıdakı maddələrinə əsasən: 49.5. vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. 62.1. hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 94.0.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə vergi məbləğlərinin hesablanmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Mübahisələndirilən qərarların inzibati icraat hüququ ilə bağlı olan, yəni formal-hüquqi tərəfinə gəlincə qeyd etmək lazımdır ki, onların qəbulu zamanı icraat qüsurlarına yol verilmişdir. Belə ki, inzibati orqan, xüsusilə inzibati icraatda iştirak edən şəxsləri inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə (“İnzibati icraat haqqında” Qanunun 51.1-ci maddəsi) və onların dinlənilmə hüququnu təmin etməyə (“İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsi) borcludur. Cavabdeh isə baxılan iş üzrə yuxarıda qeyd olunan formal müddəaları pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2ci maddəyə görə, qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə, işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda şərh edilən qanunvericiliyin normaları pozulmuş, müvafiq inzibati aktların qəbul edilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********792400 saylı qərarı ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci, 109-cu və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********792400 saylı qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva