Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9570/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “aylıq müavinətlərin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri-Cəbrayıl rayonundan məcburi köçkün X4, 30.05.2009-cu il təvəllüdlü oğlu X6 və 17.05.2013-cü il təvəllüdlü X5 vahid aylıq müavinətlərinin bərpa edilməsini və bu vəzifənin icrasının aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 12 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il təvəllüdlü olmaqla Cəbrayıl rayonundan məcburi köçkün Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində məskunlaşmışdır.O, 2017-ci ilədək rəsmi olaraq qardaşı Cəbrayıl rayonundan məcburi köçkün olan X7 ailə üzvü kimi qeydiyyatda olmuşdur. Faktiki olaraq isə o, 2013-cü ildən etibarən öz ailə üzvləri ilə birlikdə, yəni həyat yoldaşı X9, X11 və X12 ilə birlikdə Binəqədi qəsəbəsində ayrıca təsərrüfatda yaşayır.Lakin o, təsərrüfatının ayrılmasını 2017-ci il rəsmiləşdirilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin 11.08.2021-ci il tarixli arayışında da qeyd edilmişdir ki, o, 2013-cü il tarixdən ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşayır.O, özü dövlət qulluqçusu olduğu üçün onun özünə münasibətdə məcburi köçkün kimi vahid aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır.Lakin eyni zamanda onun ailə üzvlərinin də vahid aylıq müavinətləri də dayandırılmışdır.Bununla bağlı aidiyyəti üzrə etdiyi müraciətə cavab olaraq Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısı Aparatından cavab verilmişdir ki, onun təsərrüfatını ayırmağına dair sənədlər 2019-cu ilin oktyabr ayının hesabatına əlavə edilərək Azərbaycan Respublikasının Qaçqın və X8 üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin əvvəllər qardaşı ilə bir təsərrüfatda olduğu əsas gətirilərək ailə üzvlərinin də vahid aylıq müavinətləri bərpa edilməmişdir.Həmçinin onun ailə üzvlərinin aylıq müavinətlərinin ləğv edilməsinə əsas səbəb olaraq isə qardaşı Rəşad Vəliyevin adına mənzil olması göstərilmişdir.Dövlət orqanının bu cavabını və ümumiyyətlə onun ailə üzvlərinin məcburi köçkün kimi aylıq müavinətlərinin bərpa edilməməsini əsassız, qanunsuz və ədalətsiz hesab edir.Belə ki, onun qardaşının təsərrüfatında qeydiyyatda qalmağı nə onun, nə də ailə üzvləri üçün ciddi fərq yaratmadığı üçün o, 2013-cü ildə faktiki təsərrüfatını ayıranda bu məsələni rəsmiləşdirməyə lüzum duymamışdır. Hazırda onun ailə üzvlərinin hüquqlarının qeyd edilən səbəblərə görə pozulması yolverilməzdir. Hesab edir ki, dövlət orqanı bu məsələyə lazimi səriştəlilik göstərmədən yanaşmış və işin faktiki hallarını yetərli qədər araşdırmamışdır.Belə ki, əgər bir məcburi köçkün ailəsi 2013-cü ildən etibarən təsərrüfatını qardaşının təsərrüfatından ayırmışsa, lakin zərurət olmadığı üçün bu məsələ rəsmiləşdirilməyibsə, bu baxımdan inzibati orqan hətta diskresion səlahiyyətlərindən də istifadə edərək məsələni insan hüquqlarının bərpası üzərindən həll etməli olduğu halda bunu etməmiş, əksinə şəxsləri hüquqlardan məhrum etmişdir. Qeyd edilənlərə əsasən, şəhid ailəsinin mənzil növbəsinə götürülməsi və siyahının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, 30.05.1989-cu il təvəllüdlü iddiaçının həyat yoldaşı X9 tam fəaliyyət qabiliyyətli fiziki şəxsdir. X9 tam həcmdə mülki fəaliyyət qabiliyyətinə malik olduğundan, məhkəmə prosesində iddiaçı qismində özü çıxış etməli və onun adından hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı etibarnamə təqdim olunmalı idi. Lakin müvafiq iddia tələbi X4 adından yox, məhz İddiaçı adından irəli sürülmüşdür. Həmçinin etibarnamə iddia ərizəsinə qoşma qismində əlavə olunaraq məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən İddiaçı müvafiq iddia tələbi məhkəmə tərəfindən mümkün sayılmamalıdır.Komitədə yaradılmış məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən İddiaçı və X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə müəyyən edilməmişdir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Şəxsin məcburi köçkün statusunu isə ona Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan “məcburi köçkün vəsiqəsi” təsdiq edir. Bununla yanaşı şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır.Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının ailə üzvlərinə vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 2013-cü il tarixdən ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşayır. Faktiki olaraq isə o, 2013-cü ildən etibarən öz ailə üzvləri ilə birlikdə, yəni həyat yoldaşı X9, X11 və X10 ilə birlikdə Binəqədi qəsəbəsində ayrıca təsərrüfatda yaşayır. Lakin o, təsərrüfatının ayrılmasını 2017-ci ildə rəsmiləşdirmişdir.İddiaçı öz ailə üzvləri ilə birlikdə 2013-cü il tarixdən ayrıca təsərrüfatda olmaqla ünvan 1 ünvanında yaşadığını bildirsə də, məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən iddiaçının qardaşı X14, 2014-cü və 2016-cı illər üçün tərtib olunmuş adlı siyahılara əsasən kommunal güzəştlərdən Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 4 ünvanı üzrə istifadə etmişdir. Aparılmış araşdırma zamanı X7 müxtəlif vaxtlarda Sumqayıt şəhəri, Novxanı bağ massivi 4962, Abşeron rayonu, Hökməli qəsəbəsi, ünvan 3i ünvanlarında yerləşən torpaq sahələrinə, 2016-cı il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən olunmuşdur. Göründüyü kimi İddiaçı qardaşı X14 ilə təsərrüfatını ayırmadan öncə R.K.Vəliyev mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir.X2 yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1-ci bəndi nəinki məcburi köçkün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri-Cəbrayıl rayonundan məcburi köçkün X4, 30.05.2009-cu il təvəllüdlü oğlu X6 və 17.05.2013-cü il təvəllüdlü X5 vahid aylıq müavinətlərinin bərpa edilməsini və bu vəzifənin icrasının aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqın və X8 üzrə Dövlət Komitəsinə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Məhkəmə həmçinin, həm İnzibati Prosessual Məcəlləsinin, həm də Mülki Prosessual Məcəlləsinin normalarına istinad edir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 31.1-ci və 31.2-ci maddələrinə əsasən, İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Mülki Prosessual Məcəlləsinin 69-1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci və 74.2-ci maddələrinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir Şərh olunan maddələrin normalarına görə, məhkəmədə nümayəndəlik vətəndaşların məhkəmə müdafiə hüququnun həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Fiziki şəxslərin hüquqları məhkəmədə, vəkil və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən qorunur. Nümayəndə iddiaçının hüquqlarını təmsil etmək üçün etibarnamədən əlavə, onun iddiaçının yaxın qohum olması halı mövcüd olmalıdır. Həmçinin, iddia qaldırmaq hüququ iddiaçının özünü məxsus olmalı, məhkəmə iclaslarında təmsil etmək hüququ isə etibarnamə üzrə səlahiyyətli nümayəndəyə aid olmalıdır. İddiaçının həyat yoldaşı X9 tam fəaliyyət qabiliyyətli fiziki şəxs olduğundan, məhkəmə prosesində iddiaçı qismində özü çıxış etməli və onun adından hazırkı iddia tələbinin irəli sürülməsi üçün İddiaçı etibarnamə təqdim olunmalı idi. Lakin iddia tələbi X4 adından deyil, yalnız İddiaçı adından qaldırılmışdır. Həmçinin İddiaçı X1 nümayəndəsi olmasını təsdiq edən etibarnaməni məhkəməyə təqdim etməmişdir. Bundan əlavə mübahisə üzrə aydınlaşdırılmalı olan digər məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehə bağlı məsələdir. İşin hallarından görünür ki, iddiaçı cavabdeh kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsini qeyd etmişdir. Halbuki iddiaçıya Məhkəmə tərəfindən cavabdehin dəqiqləşdirilməsinin zəruriliyi bildirilmiş, lakin iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsini təqdim etməmişdir.Hazırkı iddia tələbi üzrə cavabdehlik daşıyan orqan yerli icra hakimiyyəti orqanıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Həmin Qaydanın 4-cü bəndinə əsasən məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş adlı siyahılar əsasında ödənilir. Filial müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərə ödəniş kartları vasitəsilə ödəyir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinət əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda müvəkkil bankın filiallarına təsdiq edilmiş adlı siyahılar əsasında ödənilir. Belə olan halda, Məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi arasında publik hüquq münasibətindən irəli gələn inzibati mübahisə yaranmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı aşkar olunmamış, həmçinin iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi ilə subyektiv hüquqa malik olan şəxs müvafiq rayon icra Hakimiyyətinə müraciət etməli, müraciətinə imtina edildiyi halda cavabdeh qismində yerli icra hakimiyyəti orqanını göstərərək, məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “aylıq müavinətlərin bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim : Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-9570/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9570/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver