Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9571/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 İdarəsinə qarşı "əmlakın geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ağcabədi rayonu ərazisindəki “Aran-1” su nasos stansiyasında onun şəxsi vəsaiti ilə alınaraq quraşdırılmış su nasosu, transformator, onun dinamosu və 2500 metr uzunluğunda 250 m.m. diametrli sink tərkibli metal boruların qanunsuz olaraq cavabdehlərin - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin və onun X4 İdarəsinin balansına keçirildiyini nəzərə alaraq, həmin əmlakların iddiaçıya qaytarılması öhdəliyinin (vəzifəsinin) cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırlıq icraatı çərçivəsində məhkəmə iclası 11 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili X2 işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 mübahisənin ərazi aidiyyətinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh X4 İdarəsinə məlumat verilməsinə baxmayaraq, o öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən göründüyü kimi, qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: meliorasiya - torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır; irriqasiya (suvarma) - təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndistexniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir; meliorasiya sistemləri - meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinləridir; irriqasiya (suvarma) sistemləri - suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir; İddia ərizəsindən görünür ki, iddiaçı hazırda Ağcabədi rayonunun Aran kəndində yerləşən ona məxsus torpaq sahəsinin suvarılmasına xidmət edən su nasosu, transformator, onun dinamosu və 2500 metr uzunluğunda 250 m.m. diametrli sink tərkibli metal boruların cavabdeh X4 İdarəsinin əməkdaşları tərəfindən İdarənin balansına keçirildiyini iddia edərək həmin əmlakların ona qaytarılmasını xahiş edir. İddiaçının tələb etdiyi bu əmlak meliorasiya və irriqasiya sistemləri olmaqla yerləşdiyi əraziyə xidmət edir və həmin ərazi ilə bağlıdır. Belə olan halda məhkəmə tərəflərin məhkəməyə əlçatanlığının, işə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi baxımından hesab edir ki, torpaq sahəsinin yerləşdiyi Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi olduğundan, hazırkı mübahisəyə baxmağa həmin Məhkəmə səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 İdarəsinə qarşı "əmlakın geri qaytarılması" barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-9571/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9571/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver