Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9571/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “yerquruluşu planına düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “yerquruluşu planına düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlarına dair xx.xx.2024-cü il tarixli yerquruluşu planına düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Bakı şəhəri Qaradağ rayonu, Səngəçal Bələdiyyəsi tərəfindən həmin əmlaka görə vergi ödəyicisi kimi xx.xx.2016-cı il tarixli şəhadətnamə əsasında qeydiyyata alınmışdır. Obyekt "xxxx" ASC ilə bağladığı müqavilə əsasında elektrik enerjisi təchizatı ilə təmin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən 2023-cü ildə qeyri-yaşayış obyektinin “Layihəyə uyğunluğu barəsində “Texniki Rəy” verilmişdir. Həmin ərəfədə “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 elektron qaydada daxil olmuş müraciətilə əlaqədar xx.xx.2023-cü il tarixli cavab məktubunda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə məxsus qaz xətləri və qaz qurğularının mövcud olmadığı qeyd olunmuşdur. Müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış binasının dövlət torpaq kadastrında və daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatlarına dair xx.xx.2024-cü il tarixli yerquruluşu planı tərtib edilmişdir. Həmin yerquruluşu planında qeyri-yaşayış binasının yaxınlığında yerüstü qaz xəttinin mövcud olduğu, aidiyyəti qurumun rəyinin alınmasının məqsədəuyğun olduğu qeyd olunmuşdur. Qeyri-yaşayış obyektinin qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixdə Dövlət Neft Şirkətinə ərizə ilə müraciət etmişdir. Həmin qurum tərəfindən qeyri-yaşayış obyektinin xx.xx.2024-cü il tarixli yerquruluşu planında göstərilən koordinatları əsasında araşdırma aparıldığı xx.xx.2024-cü il tarixlə məktubla bildirilmişdir. Həmin məktubda sözügedən qeyri-yaşayış binasının 0,30 metrlik məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarına olan yanmayan materialdan olan dayaqlar üzərində quraşdırılmış d-76 mm-lik və 0,70 mm-lik məsafəsindən d-159 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərlərinin keçdiyi bildirilmişdir. Daha sonra tərəfindən qeyri-yaşayış obyektinin yerquruluşu planında düzəliş edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda yuxarıda qeyd etdiyi “SOCAR”-ın xx.xx.2024-cü il tarixli məktubuna istinad edilərək “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsinə əsasən aşağı təzyiqli qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafənin 2 metr müəyyən olduğu” göstərilmişdir. Cavabdehin tabe olduğu baş idarəyə eyni məzmunlu müraciətinə də cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli eyni imtina məktubu verilmişdir. Buna görə də həmin imtina ilə yerquruluşu planında düzəliş edilməsinin məqsədəuyğun olmadığı qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 5 nömrəli əlavəsi heç də aşağı təzyiqli qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər məsafə qeyd olunmuşdur. Bu təhrif olunmuş istinaddır. Çünki həmin 5 nömrəli əlavədə konkret olaraq qeyd olunan göstəricilər yoxdur. Dayaqlar üzərində çəkilmiş yerüstü qaz kəmərlərindən binalara və tikintilərə qədər olan horizontal üzrə minimum işıq məsafəsi, (metr) qeyd olunmuş, həmin əlavənin “Qeydlər” hissəsində aşağıdakı məzmun qeyd olunmuşdur: “Əgər dayağın hündürlüyü elektrik xəttinin hündürlüyündən artıqdırsa, qaz kəməri ilə elektrik xətti arasındakı məsafə qaz kəməri dayağının hündürlüyündən az olmamalıdır. Cədvəldə göstərilən binalardan olan məsafə, TN və Q 11-37-76-nın 4.18-19 bəndlərinin tələblərinə uyğun olaraq, həmin binaların divarları və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanını ləğv etmir.” Cavabdehin etirazları: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, təqdim edilmiş “SOCAR”-ın 07 mart 2024-cü il tarixli, 14-2/2-M-8xxxx/2024 nömrəli məktubunda qeyri-yaşayış obyektinin 0.30 metrlik məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-76 mm-lik və 0.70 mm-lik məsafəsindən isə d-159 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərlərinin keçdiyi göstərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış binasının 0,30 metrlik məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarına olan yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış d-76 mm-lik və 0.70 mm-lik məsafəsindən isə d- 159 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Həmin əlavənin “Qeydlər“ hissəsinə əsasən, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq binaların divarları və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanı istisna edilmir. Tikinti Norma və Qaydalarının ll-37-76-nın 4.18-ci bəndinə əsasən, aşağı və orta təzyiqli qaz boru kəmərlərinin çəkilişini odadavamlıq dərəcəsi 4-cü dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları ilə və ayrıca inşa edilmiş yanmayan sütunlar (dayaqlar) üzərində nəzərdə tutmağa yol verilir. 1 saylı Bakı Ərazi İdarəsinin 2023-cü il tarixli yerquruluşu planında “Kommunikasiya xətləri və mühafizə zonaları barədə məlumat” hissəsində göstərilmişdir ki, magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir (Qeyri-yaşayış binasının yaxınlığında yerüstü qaz xətti mövcuddur. Aidiyyəti qurumun rəyinin alınması məqsədəuyğundur). Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”: 1.1. Bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 2.1. Bu Qaydalar, mədən və mədəndaxili boru kəmərləri və kollektorlar da daxil olmaqla, təbii süni karbohidrogenli qazları, kondensat, sıxılmış karbohidrogenli və mayeləşdirilmiş qazları, digər sıxılmış karbohidrogenləri nəql edən magistral boru kəmərlərinin mühafizəsini təmin edir. 2.2. Bu Qaydaların şamil edildiyi magistral boru kəmərlərinə aşağıdakılar daxildir: şaxələnmiş qollarla, bağlayıcı armaturlarla, təbii və süni maneələrdən keçən keçidlərdə, kompressor stansiyalarına qoyulmuş qovşaqlarla, təmizləyici qurğuların qəbul və buraxma qovşaqları ilə, qaz sərfi qovşaqları ilə metanolu daxil edən qurğularla birlikdə boru kəmərləri; boru kəmərlərini paslanmadan mühafizə edən elektrokimyəvi mühafizə, texnoloji rabitənin qurğuları və xətləri, boru kəmərlərinin telemexanika ləvazimatları; məsafədən idarə edilən bağlayıcı armaturların, boru kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının elektrik ötürücü xətləri və elektrik təchizatı cihazları; yanğından mühafizə ləvazimatı, boru kəmərlərinin eroziyaya qarşı mühafizə qurğuları; kondensatın saxlanması və qazsızlaşdırılması üçün tutumlar, sıxılmış karbohidrogenlərin buraxılması üçün yeraltı anbarlar; boru kəmərlərinin istismarında xidməti xətt qurğuları; boru kəmərləri boyunca yerləşən daimi yollar, vertolyot meydançaları, kəmərlərə gedən yollar, boru kəmərlərinin yerlərini göstərən fərqləndirici və xəbərdaredici nişanlar; əsas və aralıq kompressor və qazpaylayıcı stansiyalar avtomobillərə sıxılmış qazdoldurma stansiyaları; yeraltı qazsaxlama stansiyaları. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin 2023-cü il tarixli yerquruluşu planında “Kommunikasiya xətləri və mühafizə zonaları barədə məlumat” hissəsində göstərilmişdir ki, magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir (Qeyri-yaşayış binasının yaxınlığında yerüstü qaz xətti mövcuddur. Aidiyyəti qurumun rəyinin alınması məqsədəuyğundur). Cavabdeh yerquruluşu planında sözügedən qeydin daxil edilməsini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2024-cü il tarixli məktubu ilə izah etmişdir. Halbuki həmin məktubda göstərilmişdir ki, sözügedən qeyri-yaşayış binasının 0,30 metrlik məsafəsindən “Azəriqaz” İstehsalat Birliyinin istismarına olan yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış d-76 mm-lik və 0.70 mm-lik məsafəsindən isə d-159 mm-lik aşağı təzyiqli yerüstü qaz kəmərləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 5 nömrəli əlavəsinə əsasən, təhlükəsizlik tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr, orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 5 metr müəyyən olunmuşdur. Həmin əlavənin “Qeydlər“ hissəsinə əsasən, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq binaların divarları və örtükləri üzrə qaz kəmərlərinin çəkilməsi imkanı istisna edilmir. Tikinti Norma və Qaydalarının ll-37-76nın 4.18-ci bəndinə əsasən, aşağı və orta təzyiqli qaz boru kəmərlərinin çəkilişini odadavamlıq dərəcəsi 4-cü dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları ilə və ayrıca inşa edilmiş yanmayan sütunlar (dayaqlar) üzərində nəzərdə tutmağa yol verilir. Göründüyü kimi, həmin məktubda sözügedən obyektin magistral boru kəmərlərinin mühafizə zolağında yerləşməsi qeyd edilməmiş, aşağı təzyiqli yerüstü qaz kəmərlərinin keçməsi bildirilmişdir. Odur ki, yerquruluşu planına düzəliş edilməsi tələbində iddiaçı haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektinə dair 2023-cü il tarixli yerquruluşu planında “Kommunikasiya xətləri və mühafizə zonaları barədə məlumat” hissəsində qeydə (magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir (Qeyri-yaşayış binasının yaxınlığında yerüstü qaz xətti mövcuddur. Aidiyyəti qurumun rəyinin alınması məqsədəuyğundur).) düzəliş edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən qeyri-yaşayış obyektinə dair 2023-cü il tarixli yerquruluşu planında “Kommunikasiya xətləri və mühafizə zonaları barədə məlumat” hissəsində qeydə (magistral boru kəmərlərinin mühafizə zolağında yerləşir (Qeyri-yaşayış binasının yaxınlığında yerüstü qaz xətti mövcuddur. Aidiyyəti qurumun rəyinin alınması məqsədəuyğundur).) düzəliş edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-9571/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9571/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver