Məhkəmə qərarları › İş №2-1(112)-9576/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9576/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9576/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 4 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cü il tarixli, №İ3/705 saylı qərarı əsasında Azərbaycan Milli Elmlər X1 “Mineral” bağcılıq birliyinin 14 noyabr 1999-cu il tarixli, 10 saylı protokolundan çıxarışdan görünür ki, Əzizbəyov rayonu Türkan bağlar massivində “Mineral” bağcılıq yoldaşlığının 114№-li sahəsi (1100 kv.m) İnstitutda 1979-cu ildən işləyən X3 (bundan sonra – iddiaçı) verilməsi qərara alınmışdır. “Mineral” bağcılıq birliyi tərəfindən iddiaçıya Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cü il tarixli, №İ3/705 saylı qərarı ilə Geologiya İnstitunun əməkdaşlarına ayrılmış sahədən 114№-li bağ – torpaq sahəsinin sxemi verilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası “Mineral” bağcılıq birliyinin xx.xx.2009-cu il tarixli, №114A nömrəli arayışından görünür ki, o həqiqətən 14 iyun, 1989-cu ildən Azərbaycan Milli Elmlər X2 “Mineral” bağcılıq birliyinin üzvüdür. “Mineral” bağcılıq birliyinin sahəsində 114 nömrəli bağ sahəsi iddiaçıya məxsusdur. İddiaçıya bağclılıq yoldaşlıq üzvlüyü kitabçası verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı iddia tələbi təmin olunmuş, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Türkan bağ massivində V xəttə yerləşən 114 saylı torpaq sahəsində yerləşən cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehlər X7 və X7 tərəfindən müştərək qaydada öz hesablarına sökülməsi və cavabdehlər tərətindən həmin torpaq sahəsinə hər hansı maneələrin edilməsinin onlara qadağan edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən “114” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizələr ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci il tarixli ərizələr ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müraciətlə bağlı xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, “...idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir. idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq birliyinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir”. Cavabdeh xx.xx.2025-ci il tarixli müraciətlə bağlı 1.04.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, “...təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 117/2024 saylı mülki işlə bağlı İdarə tərəf qismində cəlb edilməmiş və üzərinə hər hansı öhdəlik qoyulmamışdır”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Əzizbəyov r-nu, indiki Xəzər rayonu Türkan bağ massivində Bakı ş., XDS İK-nin 20.01,1989-cu il tarixli 13/705 saylı Qərarı və “Mineral” b/b-nin xx.xx.1999-cu il tarixli 10 saylı Protokolu ilə ayrılmış 1100 kv. m. olan 114 saylı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Bakı şəhəri DƏDRX-in 1 saylı ərazi idarəsinə müraciət etdikdə mütəxəssis tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi qonşu tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və hasara alınmışdır. Bu və arxivdə sənədlərin aşkar edilməməsi səbəbindən qeydiyyatın aparılması mümkünsüz olmuşdur. Yaranmış vəziyyətlə bağlı Bakı ş., Xəzər Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edir və Məhkəmə xx.xx.2024 tarixdə 2(003)-177/2024 saylı müvafiq qətnamə çıxararaq iddianı təmin edir. Məhkəmə qətnaməsi tam olaraq icra edilmişdir. Cavabdehin imtinası əsassızdır və hüquqaziddir. Belə ki, heç kim həmin toıpaq sahəsinin İddiaçıya məxsus olmasını mübahisələndirmir, bütün əsasverici sənədlər mövcuddur və İddiaçı tərəfindən təqdim edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər XDS İK-in xx.xx.1989-cü il tarixli, №İ3/705 saylı qərarı əsasında Azərbaycan Milli Elmlər X1 “Mineral” bağcılıq birliyinin 14 noyabr 1999-cu il tarixli, 10 saylı protokolu ilə iddiaçıya, Əzizbəyov rayonu Türkan bağlar massivində “Mineral” bağcılıq yoldaşlığının 114№-li sahəsi ayrılmışdır. Bağçılıq birliyi tərəfindən iddiaçıya üzvlük kitabçası verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. Həmin torpaq sahəsində digər şəxslər tərəfindən tikili inşa edilmiş, iddiaçı bu səbəbdən Bakı şəhər Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(003)- 117/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia tələbi təmin olunmuş, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində Türkan bağ massivində V xəttə yerləşən 114 saylı torpaq sahəsində yerləşən cavabdehlər tərəfindən tikilmiş qanunsuz tikili cavabdehlər X7 və X7 tərəfindən müştərək qaydada öz hesablarına sökülməsi və cavabdehlər tərətindən həmin torpaq sahəsinə hər hansı maneələrin edilməsi qadağan edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməllidir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi adına olan “Mineral” bağcılıq birliyinin 14 noyabr 1999-cu il tarixli, 10 saylı Protokolundan çıxarışı və üzvlük kitabçasını təqdim edir. Eyni zamanda iş materiallarında olan “Mineral” bağçılıq birliyinin siyahısında İddiaçıQ adı qeyd edilmiş, adın qarşısında 114 nömrəli, sahəsi 1100 kv.m olan torpaq sahəsi qeydi aparılmışdır. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq birliyinin üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir; 2) İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə olunduğu müəyyən edilmişdir; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən arxiv qovluğuna əsasən bağçılığın üzvlərinin ilkin siyahısında iddiaçının adının olmaması işin mübahisələndirilməyən halıdır. Cavabdeh imtina edərkən bu siyahıya istinad edir. Lakin cavabdehin özü tərəfindən təqdim edilən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC tərəfindən təsdiqlənmiş arxiv sənədlərindən müəyyən edilir ki, iddiaçı Azərbaycan Milli Elmlər X1 “Mineral” bağcılıq birliyinin 14 noyabr 1999-cu il tarixli, 10 saylı iclasında bağçılığa üzv qəbul edilmiş və ona bağçılığın ərazisindın 114 saylı bağ sahəsi ayrılmışdır. Həmçinin təqdim edilən arxiv sənədlərində bağçılığın üzvlərinin yenilənmiş siyahısında iddiaçının adı mövcuddur (74-cü sıra). Digər tərəfdən həmin bağa dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Qeyd edilən sənədlər cavabdeh İdarə təərfindən məhkəməyə təqdim edilən bağçılığın arxiv qovluğunda da mövcuddur. Belə olan halda, cavabdehin birinci imtina dəlili əsassızdır. Məhkəmə 2-ci halla bağlı məhkəmə qeyd edir ki, sözegedən ünvanda digər şəxslər tərəfindən tikili inşa edilməsi ilə bağlı iddiaçı Bakı şəhər Xəzər rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qeyd edilən hal, yəni torpaq sahəsinin başqa şəxsin istifadəsində olması, iddiaçının mülkiyyət hüququnun reallaşdırılmasına mane olmamalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “Mineral” bağçılıq birliyinin sahəsi 1100 kv.m olan 114 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar