Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9577/2025 28.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 172 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixli məktubda göstərmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması barədə məlumat mövcuddur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə xx.xx.2025-ci il tarixli sorğu verilmiş, lakin sorğuya cavab məktubu İdarəyə daxil olmamışdır. Neft quyularının mühafizə zonaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarı ilə tənzimlənir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lenin rayon X3 (indiki Sabunçu) xx.xx.1990-cı il tarixli, 34/74 saylı qərarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, döngə 2 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Lenin rayon X3 (indiki Sabunçu) xx.xx.1990-cı il tarixli, 34/74 saylı qərarına əsasən İddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, döngə 2 ünvanında yerləşən 1200 kv.metr torpaq sahəsi istifadəsinə verilmişdir. 1990-cı ildən hazırkı vaxtadək həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Lakin hazırda həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edən zaman, xx.xx.2025-ci il tarixli **********55 saylı imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması barədə məlumat mövcuddur, ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə xx.xx.2025-ci il tarixli sorğu verilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Socar İBnin məktubu ilə bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 222 saylı ləğv edilmiş neft-qaz quyusunun 51 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında (49 metr) ləğv edilmiş neft quyusunun olması barədə məlumat mövcuddur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinə xx.xx.2025-ci il tarixli sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 222 saylı ləğv olunmuş neft-qaz quyusunun 51 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Lenin rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cu il tarixli, 34/74 nömrəli qərarından görünür ki, Maştağa qəsəbəsi, M.Hüseyn-zadə küçəsi, döngə 2 ünvanında yaşayan vətəndaş İddiaçı Ələm oğluna fərdi yaşayış evinin tikilməsi üçün Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1 ünvanında yerləşən 172 saylı 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu (keçmiş Lenin) rayon XDS İK-nin 34/74 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Xanlar küçəsi, keçid 1, 172 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200,0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq iddiaçıya təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquq müəyyedici sənəd üzrə 0.12 ha, faktiki 0.1255 ha-dır. Torpaq sahəsi mişar daşı ilə sərhədlənmiş, bir tərəfi yol, üç tərəfi qonşudur. 0.12 ha torpaq sahəsi özüdə iki hissəyə bölünmüş ( 0.0586 ha, 0.0668 ha) ara sərhədinin bir hissəsi mişar daşı bir hissəsi metal tordur. 0.0586 ha torpaq sahəsi üzərində tikintialtı sahəsi 100.0 kv.m olan fərdi yaşayış evi, 0.0668 ha torpaq sahəsi üzərində tikintialtı sahəsi 175.7 kv.m olan fərdi yaşayış evi və həyət tikililəri inşa olunmuşdur. Sözügedən torpaq sahəsinin 0.0668 ha-sı ərizəçinin özünün və 0.0586 ha-sı qızının istifadəsindədir. İddiaçı hazırda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Qanunun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir. Lakin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-26208/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.12 ha təşkil edir. Torpaq sahəsi hasar daxilindədir. Sahə üzərində yaşayış evləri və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin yaxınlığında (49 metr) ləğv edilmiş neft quyusunun olması barədə məlumat mövcuddur. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi X2 Görülməsi Və X4 Agentliyinə müvafiq sorğu verilmiş, Agentliyin xx.xx.2025-ci il tarixli sorğuya cavab məkubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən ləğv olunmuş quyulardan yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrə qədər məsafə 75 metr müəyyənləşdirilmişdir. Aparılmış araşdırma zamanı ləğv edilmiş quyulardan qeyd olunan yaşayış evinə qədər məsafənin 49 metr olması müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərazi İdarəsinin məktubunun qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCARın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları xaricində, lakin 222 saylı ləğv olunmuş neft-qaz quyusunun 51 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məhkəmə tərəfindən təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0,10 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-108 mm-lik (istismara verildiyi tarix: 2012-ci il) yerüstü aşağı təzyiqli qaz xətti keçir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bəndə görə ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. İddiaçının istifadəsində olan torpaq sahəsi ləğv olunmuş quyudan 49 metr məsafədə yerləşdiyindən aydındır ki, cavabdeh həmin torpaq sahəsini iddiaçıya ayıra bilməzdi. Buna görə də məhkəmə hesab edir ki, 1990-ci il tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparıldığı sahə olmaqla, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşdiyindən iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-9577/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9577/2025
28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver