Məhkəmə qərarları › İş №2-1(112)-958/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-958/2022

24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-958/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xarici dövlətdə aldığı ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xaricdə təhsil almaqla diplomunun tannmasına dair ərizə ilə müraciət etmiş və bu barədə imtina almışdır. Müxtəlif vaxtlarda eyni tələbi irəli sürməklə ərizələr versə də hər dəfə imtina olunur. Sonuncu dəfə sənədləri qəbul etmiş və yenidən 2017-ci ildə verilmiş imtinaya istinad edilmişdir. Həmin imtinada da tamamilə əsassız olaraq diplomu tanınmamışdır. Diplom və təhsili “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na tam uyğundur. Həmin Qaydaların hansı hissəsində uyğunsuzluq olduğu ona bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1. ekspertiza-xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2. xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.2-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır”. Azərbaycan Respublikasının 30 sentyabr 1997ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyi müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini bilmə səviyyəsinin aşağı olması halı onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış “Avropa regionu üzrə Tanınma Təlimatı”nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 311 nömrəli Qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin 2.1.48-ci bəndinə əsasən, təlimin nəticələri - təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən, təlimin nəticələrinin qiymətləndirilməsi - müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.43-cü maddəsinə görə təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə görə, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə əsas olan şərtlərdən biri də, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğudur. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativhüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Qeyd olunanları nəzərər alaraq İddiaçı Təhsildə X3rşı Ukrayna Respublikasının Beynəlxalq Slavyan Universiteti tərəfindən ona verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə təqdim edərək X9 Universiteti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X9 Universiteti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli diplomun apostil olunmuş azərbaycan dilinə tərcümə olunmaqla təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı X9 Universitetini 2013-cü ildə bitirərək “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin X4 ünvanladığı xx.xx.2017-ci il tarixli, K-21/03-ANİ nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə övladınız İddiaçı ali təhsil sahəsində ixtisasının tanınması barədə daxil olmuş xx.xx.2017ci il tarixli, K-148 nömrəli ərizənizə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində baxılmışdır. Bildirilir ki, nostrifikasiya proseduruna uyğun olaraq xarici ali təhsil müəssisələrinin verdiyi sənədlərin sahibləri ilə tədris dilində ixtisasa dair söhbətin aparılması üçün müsahibələr təşkil olunur. İddiaçı xx.xx.2016-cı il tarixdə müvafiq müsahibədə iştirak etmiş, lakin İdarənin ekspert qrupu tərəfindən onun aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Dəfələrlə İddiaçı təkrar müsahibəyə dəvət olunmasına baxmayaraq o, gəlməkdən imtina etmişdir. Adıçəkilən vətəndaşın ali təhsil ixtisasının tanınması barədə yekun rəy müvafiq müsahibədə iştirakından sonra veriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli, 1486/ANİ-K-5275 nömrəli məktubda bildirilmişdir ki, xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması yə ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş K-5275 nömrəli, xx.xx.2015-ci il tarixli ərizənizə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən sizin aldığınız ixtisas üzrə bilik səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2-ci maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq Ukrayna Respublikası Beynəlxalq Slavyan Universiteti tərəfindən sizin adınıza verilmiş Dİ 039163 nömrəli, xx.xx.2013-cü il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, müşavir Həsən Həsənli, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bu aktı ondan ötrü tərtib etmişlər ki, texniki nasazlıq səbəbindən istifadəyə yararsız hala gəlmiş “Seagate” markalı sərt diskə TSİİ-nin əməkdaşları tərəfindən texniki baxış keçirilmiş, lakin bütün cəhdlərə baxmayaraq sərt diskdəki məlumatların bərpa olunması mümkün olmamışdır. Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, müşavir Həsən Həsənlinin aparat rəhbəri Muxtar Məmmədova ünvanladığı xx.xx.2019-cu il tarixli, xx-xx- 5777 nömrəli məktubda bildirilmişdir ki, texniki nasazlıq səbəbindən xx.xx.2017xx.xx.2019-cu il tarixlərində Nostrifikasiya ilə bağlı keçirilən müsahibələrin video görüntülərinin yer aldığı “Seagate” markalı sərt disk istifadəyə yararsız hala düşmüşdür. Bu səbəbdən sözügedən sərt disk Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə göndərilmiş və burada İdarənin əməkdaşları tərəfindən texniki baxışdan keçirilmişdir. TSİİ-nin yekun rəyinə əsasən bütün cəhdlərə baxmayaraq sərt diskdəki məlumatların bərpa edilməsi mümkün olmamışdır. Göstərilənlər nəzərə alınaraq zərurət yarandığı hallarda qeyd olunan dövrə aid müsahibələrin video görüntülərinin məhkəməyə təqdim edilməsinin mümkün olmayacağını nəzərə almağınız xahiş olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, K-10946/04-AN nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli, K-10946/01 nömrəli, xx.xx.2019-cu il tarixli, K-10946/02 nömrəli və xx.xx.2019-cu il tarixli, K-10946 nömrəli ərizələrinizlə əlaqədar olaraq bildirilir ki, müraciətinizə baxılması zamanı əlavə məlumatların əldə edilməsi zərurəti yarandığı üçün “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən müraciətinizə baxılamsı müddəti 30 iş günü uzadılmışdır. Təhsildə Keyfiyyət Təminatı X1 ünvanladığı xx.xx.2020-ci il tarixli, K-6625/03- TKTA nömrəli məktubda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, K-6625 nömrəli, xx.xx.2020-ci il tarixli, K-6625/01 nömrəli, xx.xx.2020-ci il tarixli, K-6625/02 nömrəli ərizələrinizlə əlaqədar olaraq bildirilir ki, müraciətçi İddiaçı xx.xx.2015-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə müvafiq məlumat verilmiş və xx.xx.2017-ci il tarixli, 1486/ANİ-K-5275 saylı məktub elektron ərizəsində qeyd etdiyi ünvana göndərilmişdir. Məlumat üçün bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər. Təhsildə Keyfiyyət Təminatı X1 ünvanladığı xx.xx.2021-ci il tarixli, K-4432/03- TKTA nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2021-ci il tarixli, K-4432 və xx.xx.2021-ci il tarixli, K-4432/01 nömrəli ərizələrinizə cavab olaraq bildirilir ki, övladınız İddiaçı elektron müraciətinin nəticəsi barədə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na daxil olan “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıyası) onlayn yoxlanılması” elektron xidməti vasitəsilə məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər. Belə ki, sizin 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) müraciət etmək hüququnuz vardır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Slavyan Universitetinin xx.xx.2022-ci il tarixli, 10-18-202 nömrəli məktubunda bildirilmişdir ki, X9 Universiteti ali təhsil müəssisəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2013-cü il tarixli Дİ 039163 nömrəli “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr diplomunun “Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-958/2022 saylı inzibati iş üzrə İddiaçı rus dili üzrə biliklərinin yoxlanılması Bakı Slavyan Universitetinin mütəxəssisi dos. G.A.Məhərrəmova-Ağayeva tərəfindən aparılmışdır. Həmin məktubla göndərilmiş mütəxəssis tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, 2-1(112)-958/2022 nömrəli iş üzrə iddiaçının İddiaçı rus dili üzrə bilik səviyyəsini müəyyən etmək məqsədi ilə iddiaçı üçün 3 mərhələdən ibarət müsahibə keçirilmişdir. Müsahibənin nəticələrinə əsaslanaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 958/2022 nömrəli iş üzrə cavab verərək bildirilir ki, İddiaçı tədris dilini (rus dilini) bilik səviyyəsi qənaətbəxş hesab oluna bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 2009-2013-cü illərdə X9 Universitetində “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bakalavr dərəcəsi üzrə təhsil aılmış, ona bu barədə xx.xx.2013-cü il tarixdə Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli diplom verilmişdir. İddiaçı qeyd edilən diplom üzrə ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, cavabdeh iddiaçının bundan əvvəl Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş K-5275 nömrəli, xx.xx.2015-ci il tarixli ərizəsinə baxılarkən onun Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edildiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona verilmiş xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi müraciətə “İnzibati İcraat haqqında” Qanunun 34-cü maddəsinə əsasən deyil, xx.xx.2021ci il tarixli imtina məktubu ilə mahiyyəti üzrə cavab verdiyini, iddiaçının iddia ərizəsini həmin cavabdan 30 gün keçməmiş xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı məcburetmə haqqında iddia növünə aid olan 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. “Təhsil haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın: -2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. -4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; - peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: -ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; -xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı X9 Universiteti tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, iddiaçı X9 Universitetində “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə tam bakalavriat kursunu bitirmişdir və Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir. X9 Universiteti tərəfindən iddiaçıya verilmiş diplom xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Ukrayna Elm Təhsil Nazirliyi tərəfindən xx.xx.2014-cü il tarixdə 52318-14 nömrəsi ilə apostil edilmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının diplomunun tanınmasından və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsindən imtinasının əsas və yeganə dəlili iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması, bu halın onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilməməsidir. Məhkəmə hazırkı icraatda hesab edir ki, iddiaçının tədris dilini bilmə səviyyəsi ilə bağlı dəlilin diplom üzrə ixtisasın tanınmasından imtinaya əsas olub-olmaması baxımından yoxlayarkən aşağıdakı məqamlar nəzərə alınmalıdır: İ. İddiaçının diploma əlavəsindən görünür ki, iddiaçı rus dilində təhsil aldığı 66 fənn üzrə “kafi” və ya “yaxşı” qiymətlərlə bitirmişdir. Başqa sözlə, tədris dilini, müvafiq fənləri mükəmməl bilməsi tələb olunmasa da iddiaçı hələ həmin dövrdə malik olduğu dil biliyi ilə ixtisas üzrə fənləri mənimsəmişdir ki, təhsil aldığı universitet onun diplom əlavəsində nəzərdə tutulmuş fənlər üzrə biliklərinin qənaətbəxş olduğunu qəbul edərək onu “kafi” və yaxud “yaxşı” qiymətlər üzərindən qiymətləndirərək yekunda ona bakalavr dərəcəsini bitirməsi barədə diplom təqdim etmişdir. İİ. İddiaçı 2013-cü ildə aldığı diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh hələ 2015-ci ildə onunla aparılmış müsahibənin nəticəsinə istinadən iddiaçının dil bilmə səviyyəsinin qənaətbəxş olmadığına istinad edərək imtina cavabı vermişdir. İddiaçının müraciətləri ilə bağlı təqdim edilmiş sonrakı cavab məktublarında iddiaçı ilə yenidən müsahibə keçirildiyi müəyyən olunsa da lakin qeyd edilən müsahibələri əks etdirən videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh TKTA iddiaçının hələ 2015-ci ildə etdiyi müraciətə baxılan zaman iddiaçı ilə aparılmış müsahibəni əks etdirən görüntüləri əks etdirən “Seagate” markalı sərt diskin zədələndiyini, diskdəki məlumatların bərpa edilə bilmədiyini əsas gətirməklə diski məhkəməyə təqdim edə bilməmişdir. Bununla əlaqədar məhkəmənin 2-1(112)-6295/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı X9 Universiteti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizəsinə (müraciətinə) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən baxılması üçün 2 (iki) aylıq müddət təyin edilməsi, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il tarixli, 00-05-613/TKTA nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6295/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı Ukrayna Respublikasının Beynəlxalq Slavyan Universiteti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, Dİ seryalı № 039163 diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Aparılan ekspertiza zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün onun tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, iddiaçının tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı sözügedən universitetdə 2009-2013-cü ilərdə təhsil almış, cavabdeh imtina əsası olan dil bilmə səviyyəsinin hələ 2015-ci ildəki müraciəti zamanı qənaətbəxş olmamasını sübut edə bilməmiş, yalnız bu dəlili həmin müsahibənin üzərindən 6 ilə yaxın bir müddət keçdikdən sonra hazırkı məhkəmə icraatında 2021-ci il tarixdə məhkəmənin təşəbbüsü ilə keçirilmiş müsahibəyə və müsahibənin nəticəsi olaraq təqdim etdiyi diskdəki görüntülərə istinadən əsaslandırmışdır. Halbuki, nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı 2013-cü ildən 2021-ci il tarixə 8 ilə yaxın müddət keçmişdir. İddiaçı Ağsu şəhərində yaşayır, qeyd edilən 8 ildə ictimai həyatında, ailə, məişət, iş və s. müxtəlif sahələrdə tədris dili olmuş rus dilindən mütəmadi olaraq istifadə etməmiş, rus dili ilə məşğul olmasına zərurət də olmamışdır. Tədris dilini keçən 8 ildə həyatın müxtəlif sahələrində -gündəlik və ya mütəmadi olaraq istifadə etmədiyi, üzərindən uzun müddət keçdiyi halda dil bilgilərinin zəifləməsi mümkündür və ağlabatandır. Bu baxımdan iddiaçının 2013-cü ildə təhsilini başa vurması zamanı dil bilmə səviyyəsi ilə 2021-ci ildə müraciəti zamanı dil bilmə səviyyəsi eyniləşdirilə və ya müqayisə edilə bilməz. Məhz qeyd edilən bu məqamları ön planda tutaraq məhkəmə qərardadın icrası ilə əlaqədar təqdim edilmiş müsahibəni əks etdirən videogörüntülərdə iddiaçının tədris dilində verilmiş sualları kifayət qədər anlaması, sualların mahiyyətinə uyğun cavablandırmasını qənaətbəxş hesab etmişdir. Üstəlik məhkəmə icraatı dövründə bu sahədə ixtisaslamış ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin mütəxəsissi vasitəsilə iddiaçı müsahibə edilmiş, nəticə olaraq mütəxəssis tərəfindən verilmiş rəydə İddiaçı rus dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Beləliklə, iddiaçı tədris yükünü yerinə yetirdiyi, tədris dilini qənaətbəxş hesab edildiyi halda mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan və işi faktiki hallarına əsasən hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı X9 Universiteti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X9 Universiteti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş Дİ 039163 nömrəli, 113/13 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar