Məhkəmə qərarları › İş №2-1(112)-958/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-958/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-958/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı ailə üzvləri ilə birlikdə şəhid ailəsi kimi mənzil şəraitinin yaxşılaşdırılması üçün mənzil növbəsinə qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X3 1994-cü il tarixdə Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə göndərilmişdir. O, xx.xx.1995-ci il tarixdə Fizuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. O, şəhid ailəsi üzvüdür və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixli 002030 nömrəli vəsiqə verilmişdir. xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduqları Nəsimi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək şəhid ailəsi kimi mənzil növbəsinə qəbul edilməsi xahiş edilmişdir. Lakin, müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə əsassız və qanunsuz hesab edir. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə 1-ci növbədə təmin olunurlar.

3. Sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək onun ailə tərkibi ilə birlikdə ümumi qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq son dəqiqləşmiş iddia ərizəsinə uyğun olaraq iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 4/B-14-063 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunmaq səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsü-uçot norması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunduqdan sonra ərizəsində qeyd etdiyi məsələyə baxıla bilər.

10. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-40831/2023 **********31 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı adına ünvan 3, mənzil 112 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

11. 3 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş forma 2 arayışına əsaəsn İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Ailə tərkibi, oğlu – X5, gəlini – X6, nəvəsi - X7, qızı- X2 ibarətdir.

12. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 09 mart 2004-cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 112 saylı mənzilin ümumi sahəsi 46.0 kv.m, yaşayış sahəsi 30.5 kv.m, köməkçi sahəsi isə 15.5 kv.m-dir.

13. 2 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən İddiaçı 07 fevral 2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər aşağıdakılardır: xx.xx.1991-ci il təvəllüdlü X5, xx.xx.2000-ci il tarilxi X6, xx.xx.2022-ci il təvəllüdlü X7, xx.xx.1990-cı il təvəllüdlü X4.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir. 15 İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşayış sahəsini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində uçota alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə istinad edilməklə yaşayış sahəsinin minimal ölçüsü-uçot normasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmədiyinə istinad edilməklə imtina edilmişdir.

21. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

22. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılması normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli 459 nömrəli qərarı (-) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılması norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilsin.

24. Göründüyü kimi, mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən də, göründüyü kimi iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxsdir.

25. Məhkəmə cavabdehin imtina məktubunun əsası ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli Fərmanına əsasən 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq hüquqi aktın forması hal-hazırda təsdiqlənməmişdir. Buna görə də, yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı hüquqi aktların formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindn təsdiqlənməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə olan hal iddiaçının qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınma hüququ yarandığından, cavabdehin mənzil siyahısına alınmasından imtinası qanunsuz və əsasız olmuşdur.

26. Məhkəmə eləcə də qeyd edir ki, işdə olan cavabdehin imtina məktubu həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir.

27. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 09 mart 2004-cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 112 saylı mənzilin ümumi sahəsi 46.0 kv.m, yaşayış sahəsi 30.5 kv.m, köməkçi sahəsi isə 15.5 kv.m-dir. Hazırda iddiaçıya məxsus sözügedən ünvanda iddiaçı ilə birlikdə 5 nəfər qeydiyyatda olmaqla yaşayır və iddiaçının onunla birlikdə qeydiyyatda olmaqla yaşayan hər bir ailə üzvünə düşən sahə uçot normasından (16 m2) əksikdir. Belə ki, mənzilin ümumi sahəsi 46.0 kv.m-dən ibarət olmaqla adam başına düşən norma hazırda 9.2 kv.m (46.0 kv.m:5) təşkil edir.

28. Beləliklə, cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun, eləcə də, qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmuşdur.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir

30. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtina məktubu qanunsuzdur. Cavabdeh iddiaçının sosial vəziyyətini nəzərə alaraq onun statusuna uyğun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürməmişdir. Bu səbəbdən də, cavabdehin iddiaçının arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsin əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından məhkəmə icraatının gedişatında iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu göstərilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ailə tərkibi ilə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar