Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-958/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1006 saylı, 0.12 ha bağ sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bacısı Fərhad-zadə Nazilə Elmar qızının adına Şüvəlan qəsəbəsində 1006 saylı, 0.13 ha torpaq sahəsi olmuşdur. Sonradan həmin torpaq sahəsi bacısının və onun ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıqlarına əsasən onun adına rəsmiləşdirilmişdir. Bu razılıqlar əsasında o, xx.xx.2006-cı il tarixli ərizə ilə keçmiş Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmişdir. X2 və İstismarı Birliyinin bağ sahələrinin addan-ada keçirilməsi barədə xx.xx.2006-cı il tarixli, 22 nömrəli protokolu ilə sözügedən bağ sahəsi onun adına keçmişdir. Əri diplomat olduğundan və həmin ərəfədə X3 müşavir təyin olunduğundan onlar Vaşinqtona köçmüşlər və illər ərzində orada yaşamışlar. Ona görə də, o, adına tərtib edilən müqavilənin nüsxəsini götürə bilməmişdir. İllər keçdikdən sonra, o, həmin bağ sahəsini öz adına özəlləşdirmək istədikdə, cavabdehə müraciət etmiş və adına olan sənədlərin surətlərini istəmişdir. Cavabdeh sənədləri təqdim etməkdən imtina etsə də, onun adına keçməsi barədə sənədlərin olduğunu məktubda bildirmişdir. Onu da, bildirir ki, həmin torpaq sahəsi onun faktiki istifadəsindədir. Əvvəlcə onu vurğulamaq istəyir ki, ona bağ sahələrinin icrası ilə bağlı müvafiq dövlət qurumu zamanında qanunvericiliyə uyğun olaraq sənədlər vermişdir. Həmin sənədlər əsasında bu günə qədər bağ torpaq sahələri onun qanuni istifadəsindədir, həmin torpaq sahələrində hasarlar çəkmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1006 saylı, 0.1140 ha bağ sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia ərizəsində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********90 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan X2 və İstismarı Birliyi tərəfindən verilmiş bağın istifadəyə verilməsi haqqında 6125 saylı, xx.xx.2006-cı il tarixli müqavilənin hər iki nüsxəsi səlahiyyətli qurumun möhürü və imza ilə təsdiqlənməmiş, həmçinin istifadəçi tərəfindən imzalanmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilərən zaman məlum olmuşdur ki, torpaq sahəsi digər bağ sahəsi ilə ümumi hasar daxilindədir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin bir hissəsi Fərhad-zadə Elmar Mehdiyeviçin ********** nömrəli ərizə ilə 1006 a saylı bağ sahəsi kimi müraciət etdiyi sahə ilə üst-üstə düşür.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-Ş-0026/2-8/2024 **********90 nömrəli məktubla imtina edilmişdir.
9. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-Ş0026-8/2024 **********20 nömrəli məktubla bağ sahəsinə dair məlumat verilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21- 3-30/2-16768/2024 **********68 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1006 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən bağ sahəsi 1006 a saylı bağla ümumi hasar daxilindədir, ara sərhəd 3 sıra mişar daşı düzülərək ayrılıb. Ümumi ərazisinin darvazası var. Bağ sahibləri ailə üzvləridirlər. Ümumi hasar daxilində 1006a saylı bağa 1041 kv.m sahə qalıb. Bağ sahəsində 1 – talvarın bir hissəsi yerləşir, bağ sahəsinə dair təqdim olunmuş məktubun surəti əlavə olunmuşdur.
11. **********690 nömrəli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən ünvan 2 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinin adına sənədləşdirilərkən 0.13 ha torpaq sahəsi kimi yox, 0.1141 ha torpaq sahəsi kimi sənədləşməsinə razıdır, etiraz etmir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Məhkəmə araşdırması zamanı işin hallarının araşdırması zamanı müəyyən edilmişir ki, İdarənin arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 0.25 ha torpaq sahəsi olan 1006 saylı bağ sahəsi keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanılmış 6125 nömrəli müqavilə ilə Fərhad-zadə Mehti Mamedoviçin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. İcarədarın və ailə üzvlərinin razılığı ilə bağ sahəsinin 0.12 ha hissəsi digər şəxsin adına keçirilmiş və müqavilə ilə rəsmiləşdirilmişdir. Yerdə qalan 0.13 ha torpaq sahəsi olan 1006 saylı bağ sahəsi isə icarədarın və ailə üzvlərinin razılığı ilə Fərhad-zadə Nazilə Elmar qızının adına keçirilmiş və xx.xx.1997-ci il tarixli, 6125 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə ilə onun adına rəsmiləşdirilmişdir. Daha sonra Şüvəlan qəsəbəsi, 1006 saylı (0.13 ha) saylı bağ sahəsinin X1 adına keçirilməsi barədə Tağıyeva (Fərhadzadə) Nazilə Elmar qızı, X4, X6 notarial qaydada təsdiq edilmiş ərizələrlə və X5 xx.xx.2006-cı il tarixli ərizə ilə keçmiş Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmişlər. X2 və İstismarı Birliyinin bağ sahələrinin addan-ada keçirilməsi barədə xx.xx.2006-cı il tarixli, 22 nömrəli protokolu ilə sözügedən bağ sahəsi X1 adına keçirilmişdir. Həmin protokol əsasında Şüvəlan qəsəbəsi, 1006 saylı (0.13 ha) bağ sahəsinin istifadəyə verilməsi haqqında X1 adına xx.xx.2006-cı il tarixli 6125 nömrəli müqavilə iki nüsxədə tərtib edilmişdir. Lakin, tərtib edilmiş müqavilənin arxiv qovluğunda mövcud olan hər iki nüsxəsi səlahiyyətli qurumun möhürü və imzası ilə, həmçinin, iddiaçı tərəfindən imza ilə təsdiq edilməmişdir. Cavabdeh tərəfindən bu hal imtinanın əsası kimi göstərilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
22. Məhkəmə hesab edir ki, İdarənin arxivində olan müqavilənin arxiv nüsxəsində möhürün olmaması iddiaçının hüquqlarını məhdudlaşdırılan hal kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin özü tərəfindən də, verilmiş məlumatlara əsasən müəyyən edilir ki, mübahisəli bağ sahəsi iddiaçının adına qanuni əsaslarla - X2 və İstismarı Birliyinin bağ sahələrinin addan-ada keçirilməsi barədə xx.xx.2006-cı il tarixli, 22 nömrəli protokolu əsasında keçmişdir və həmin protokolun mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
23. Beləliklə, mübahisə predmetinə dair əsas ilkin hüquqmüəyyənedici sənəd olan iclas protokolunun mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
24. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
26. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının adına sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
27. Məhkəmə eləcə də, bağ sahəsinin ölçüsü ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddia olunan torpaq sahəsinin bir hissəsi Fərhad-zadə Elmar Mehdiyeviçin ********** nömrəli ərizə ilə 1006 a saylı bağ sahəsi kimi müraciət etdiyi sahə ilə üst-üstə düşməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi, qiymətləndirilə bilməz, belə ki, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək mübahisəli bağ sahəsinə dair hüquqların 0.13 ha hissədə deyil, 0.1140 ha ölçüdə qeydə alınması xahiş edilmişdir. Göründüyü kimi, iddiaçının yerdə qalan sahəyə dair hər hansı bir iddiası yoxdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1006 saylı, 0.1140 ha bağ sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva