Məhkəmə qərarları › İş №2-1(112)-9580/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9580/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9580/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin geri qaytarılması və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin geri qaytarılması və s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılırmışdır ki, qanunvericiliyin tələbinə əsasən mənzil əldə etmiş şəxslərlər "xxxx" MMC arasında 15 gün ərzində alqı-satqı müqaviləsi bağlanılmalıdır ki, onunla MMC arasında da mənzilin alqı-satqısına dair 07 oktyabr 2022-ci il tarixdə müqavilə bağlanılmış və onun tərəfindən 82653 manat pul vəsaiti bank vasitəsi ilə satıcıya ödənilmişdir. Lakin, alqı-satqı zamanı "xxxx" MMC-nin vəzifəli şəxsləri vətəndaşlara mənzil güzəştli satıldığı üçün ödənilmiş ƏDV-nin 30 faizinin qaytarılmasının nəzərdə tutulmadığı və bu səbəbdən də vergi orqanına müraciətin ehtiyac olmadığını bildirmişdir. Bu ərəfədə iddiaçı tərəfindən 195 çağrı mərkəzinə də müraciətlər edilmişdir. Lakin, sonradan 2023-cü ilin mart ayında həmin mənzilərlə bağlı da ƏDV geri qaytarmanın mümkün olduğu məlum olmuşdur. Belə ki, 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, çoxsaylı müraciətlər nəzƏrə alınmaqla güzəştli mənzil sistemi vasitəsi ilə əldə edilmiş mənzillərlə bağlı da ƏDV-nin geri qaytarılmasına razılıq əldə edilmişdir. Göründüyü kimi ƏDV-nin geri qaytarılması barədə razılıq müqavilə bağlanılandan çox sonradan ödənilməsi olması barədə razılıq olunmuş, lakin həmin razılıq barədə mənzil almış şəxslərə heç bir məlumat verilməmiş, təkcə MMC-də şikayət ərizəsi olan şəxslərə məlumat verilmişdir. İddiaçı, qeyd edir ki, bu barədə məlumat əldə etdikdən dərhal sonra 30 mart 2023-cü il tarixdə alqı-satqı ilə bağlı ödəniş sənədlərini əlavə etməklə ƏDV-nin geri qaytarılması barədə müraciət etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən satıcıya mənzilin dəyəri olan pul vəsaiti nağdsız qaydada 10 oktyabr 2022-ci il tarixdə ödənilmişdir. Portal 21 noyabr 2022-ci il tarixdə istifadəyə verilmişdir ki, iddiaçı 90 günlük müddət bitdikdən sonra ƏDV-nin nəzərdə tutulan hissəsinin geri qaytarılması barədə müraciət etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Mübahisələndirilən 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, alqı-satqı müqaviləsinə əsasən tam şəkildə ödənişin edildiyi tarixdən 90 günlük müddət keçdikdən sonra müraciət vergi orqanına edildiyindən müraciətin təmin edilməsindən imtina edilmişdir. 07 fevral 2023-cü il tarixli başqa bir şəxsə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən göndərilmiş məktubda qeyd edilmişdir ki, çoxsaylı vətəndaş müraciətlərinin olması nəzərə alınmaqla mənzillər əldə etmiş vətəndaşların ƏDV-nin qaytarılması ilə bağlı müraciətlərinin müsbət həll edilməsi istiqamətində Dövlət Vergi Xidməti ilə razılıq əldə edilmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə mənzil alıcı İddiaçı Həsən oğlu tərəfindən alınmışdır. Ödəniş sənədlərindən görünür ki, mənzilin dəyəri 10 oktyabr 2022-ci il tarixdə həyata keçirilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı iddiaçı 30 mart 2023-cü il tarixdə müraciət etmişdir. İqtisadiyyat Nazirliyinin məktubundan görünür ki, iddiaçı və onun oğlu tərəfindən ƏDV-nin bir hissəsinin geri ödənilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. Dövlət Vergi Xidmətinin rəsmi internet saytından çıxarışlardan görünür ki, 25 noyabr 2022-ci il tarixdən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı portalın istifadəyə verildiyi barədə məlumatlandırma həyata keçirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. Vergi Məcəlləsinin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından da göründüyü kimi istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş, bu iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, ƏDV-nin qaytarılması ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Adıçəkilən Qaydaların tələbindən də müəyyən edildiyi kimi qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq müraciət edilməsi nəzərdə tutulsa da, cavabdehin də bildirdiyi kimi, müraciət edilməsi ilə bağlı portal xx.xx.2022-ci il tarixdən istifadəyə verilmişdir ki, bu səbəbdən də 90 günlük müraciət müddəti də portalın istifadəyə verildiyi vaxtdan hesablanmalıdır. İşin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin müraciət iddiaçı tərəfindən 30 mart 2023-cü il tarixdə, yəni portalın istifadəyə verildiyi vaxtdan da 90 günlük müddət bitdikdən sonra edilmişdir ki, məhkəmə hesab edir ki, konkret qanunvericiliyin tələblərinə uyğun olaraq da müddətin göstərilən formada ötürülməsi müraciətin təminindən imtina üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı müraciətin gec edilməsini onunla əsaslandırmağa çalışır ki, MMC tərəfindən onun güzəştli mənzillə bağlı müraciət edilməsinə ehtiyac olmadığını bildirmiş, vergi orqanının Çağrı Xidmətinə müraciəti də heç bir səmərə verməmiş, 2023-cü ilin mart ayının axırında ona məlum olmuşdur ki, çoxsaylı şikayətlər əsasında məhz güzəştli mənzillərin alınması ilə bağlı da Dövlət Vergi Xidməti ilə razılıq əldə edilmiş və ödənişlərin ediləcəyi barədə məlumat əldə etmişdir ki, bundan sonra dərhal cavabdehə müraciət edərək ƏDV-nin bir hissəsinin geri qaytarılmasını tələb etmişdir. Məhkəmə isə, cavabdehin təqdim etdiyi sənədlər də daxil olmaqla iş materialları ilə müəyyən etmişdir ki, iddiaçının ümumiyyətlə qeyd etdiyi nömrələrdən Çağrı Xidmətinə hər hansı müraciəti mövcud olmamış, portalın istifadəyə verilməsi ilə bağlı rəsmi internet hesabında məlumatlandırma həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, vergi orqanı məlumatlandırma ilə bağlı öz vəzifəsini səlahiyyətinə uyğun olaraq təqdim etmiş hesab edilməlidir. İddiaçının qeyd etdiyi, güzəştli mənzillərlə bağlı razılığın gec əldə edilməsi dəlili ilə bağlı bildirilməlidir ki, yuxarıda adıçəkilən Qaydanın tələbindən də göründüyü kimi müraciətin təmini ilə yanaşı rədd edilməsi halı da öz təsbitini tapmışdır ki, həmin imtinadan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilməsi imkanı aradan qalxmamışdır. Cavabdeh iddiaçının qeyd etdiyi əsasla müraciətin təminindən imtina etmiş olarsa həmin imtina güzəştli mənzillərlə bağlı hər hansı istisnanın olmadığı mövqeyi müdafiə edilməklə şikayət instansiyasına və ya məhkəmə şikayət vermə imkanı mövcud olmuşdur ki, iddiaçı belə bir istisnanın cavabdeh tərəfindən tətbiqi qənaətində olmasına istinad edərək müraciət etməmişdir ki, məhkəmə 90 günlük müddət ötməməklə imtinanın qanunsuzluğu əsası ola biləcək həmin halın müddətin ötməsi ilə bağlı hər hansı təsiri olmadığı qənaətindədir. Başqa sözlə iddiaçı cavabdehin ehtimal etdiyi imtinası ilə bağlı məhkəməyə müraciət edə bilərdi ki, həmin halın istisna edilməsini hər hansı vətəndaşa göndərilən məktubdan öyrəndiyinə istinad edərək müddətin üzrlü səbəbdən ötürülməsinə istinad etməsi Qaydanın konkret tələbinin nəzərə alınmamasını özündə ehtiva edə bilməz.

Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar