Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9589/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1429/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən, barəsində əsassız olaraq hesablanmış vergi borcu və faizləri ilə bağlı öhdəliklərin götürülməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə inzibati akt qəbul edilməsi ilə bağlı öhdəliyin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Bakı şəhəri X8 üzrə Baş idarəsi ilə əvəz edilməsi və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 11 mart 2022-ci il tarixli, **********962200 saylı, 11 mart 2022-ci il tarixli, **********965300 saylı və 05 aprel 2022-ci il tarixli, **********097000 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-393/2024 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Babuşov X3 Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 3(001)-679/2022 saylı qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 398-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin qərər Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1429/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 3(001)-679/2022 saylı qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, İ.Hacıyev küçəsi, 20 Q-də yerləşən fərdi yaşayış evinin həyətində olan iki otaqlı evin əvvəlki aylar üzrə kirayə haqları nəzərə alınmadan yalnız bir aylıq kirayə haqları, yəni ümumilikdə 420 manat əsas götürülərək, onun bir aylıq vergi haqlarının ödənilməməsi halı müəyyən edilməklə təqsirli bilinərək barəsində vurulmuş ziyanın 2 misli, yəni 840 manat məbləğində inzibati tənbeh növü kimi cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1429/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsinin haqlı olaraq törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etdiyi hesab edilmişdir. Sözügedən məhkəmə qərarlarına baxmayaraq bu halla bağlı vergi orqanı onu qayananasının X2 vərəsəsi kimi nəzərdən keçirmiş, mənzillərin bu günə qədər onun tərəfindən kirayəyə verildiyi nəticəsinə gəlmiş və barəsində 4842,70 manat vergilər və 1223.27 manat faizlər üzrə, ümumilikdə 6065.97 manat vergi borcu müəyyən etmişdir. Halbuki, X4 iddiaçının qaynanasıdır. O, “COVİD-19” infeksiyasına yoluxaraq qəflətən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsilə vergi orqanına müraciət edərək, qeyd edilənləri nəzərə alaraq sözügedən əsassız olaraq hesablanmış vergi borcu və faizləri ilə bağlı öhdəliklərin üzərindən götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin vergi orqanı onun müraciətini baxılmamış saxlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək həmçinin bildirdi ki, onun İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək 840 manat cərimə edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarının qəbul edilməsindən təxminən 20-25 gün sonra vergi orqanına getmişdir. Həmin vaxt hazırda mübahisələndirilən qərarların mövcudluğundan məlumatlı olub və qərarların surətləri ona verilib. O, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verib. Həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb. O, hüquqi məlumatsızlıq səbəbindən elə hesab edib ki, həmin 840 manat cəriməni ödədiyi təqdirdə məsələ bitəcəkdir. Bu səbəbdən həmin cəriməni ödəyib və vergi borcunun hesablanması haqqında qərarları mübahisələndirməyib. Lakin, sonradan bilib ki, həmin qərarlar üzrə də hesablanmış vergi borcu ondan tələb edilir. Qeyd edilənlərə əsasən iddiaçı ididanın mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən qərarların mübahisələndirmə müddətinin ötürüldüyünü bildirərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 11 mart 2022-ci il tarixli **********962200 saylı, 11 mart 2022-ci il tarixli **********965300 saylı və 05 aprel 2022-ci il tarixli **********097000 saylı qərarlarının ləğv edilməsini tələb edir. Yəni, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-də göstərilmişdir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.1). Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər (32.1). Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən qərarlar barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********965300 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:22:47-də, xx.xx.2022-ci il tarixli **********962200 nömrəli qərar xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:22:52-də, xx.xx.2022-ci il tarixli **********097000 nömrəli qərar isə xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:23:11də oxunmuşdur.İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, qərarların mübahisələndirilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarının qəbul edilməsindən təxminən 20-25 gün vergi orqanına getdiyini, həmin vaxt hazırda mübahisələndirilən qərarların mövcudluğundan məlumatlı olduğunu və qərarların surətlərinin ona verildiyini bildirmişdir. Göründüyü kimi iddiaçı vergi orqanının qərarlarının 2022-ci ilin aprel ayında ona verildiyini məhkəmə iclasında da etiraf etmişdir. Bu da iddiaçı tərəfindən həmin qərarları mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü bir daha təsdiq edir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9589/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9589/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver