Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-959/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı nümayəndəsi, eyni zamanda vəkili X3 (Ünvan: Bakı şəhəri, Nizami küçəsi, Naxçıvanski küçəsi 54, 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: 13 saylı vəkil bürosunun vəkili), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin nümayəndəsi X1 (Ünvan:Yasamal rayonu, 1-ci Alatava 79; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi, baş məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı cavabdeh tərəfindən Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasında, yəni nəticə etibarı ilə üzərinə düşən vəzifə öhdəliklərini tam yerinə yetirilməsində (pensiyanın yenidən hesablamaması, fərqin müəyyən edilməmsi , yeni pensiya məbliqinin müəyyən edilməməsi və s.) göstərdiyi hərəkətsizliyi, eyni zamanda, “X4 “Koller” Kollektivində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyanın yenidən hesablandıqda yeni pensiya məbləğinin -ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil edir?» sorğusuna cavab olaraq təhrif olunmuş məlumatlar verməklə qərarın tam icra olunmamasına, o cümlədən pensiyanın yenidən hesablandıqda heç bir fərq məbləğinin yaranmamasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və bü cür hərəkətlərə son qoyulması; cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3 000 manat və mənəvi ziyana görə 2 000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsi hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş maddi ziyana görə 3 000 manat və mənəvi ziyana görə 2 000 manat kompensasiya ödənilməsi barədə qərar çıxarılması; cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Bədəlov Firdovsi hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1938-ci ildə anadan olmuşdur və hal-hazırda 81 yaşı var. ona xx.xx.1999-cu ildə yaşa görə pensiya təyin edilmiş və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək fəaliyyətini davam etdirdiyinə görə hesablanmış pensiya məbləğinin 50%-i miqdarında vəsait almışdır. 2017-ci ilin sentyabr ayından başlayaraq əmək fəaliyyətini tam dayandırdı və pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Səbail rayon şöbəsinə müraciət etdi. Məlumat üçün qeyd edir ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin «Məcburi dövlət sosial sığorta haqqı barədə» 88\04\26-2994 saylı, 27 may 2008-ci il tarixli Arayışı və əmək kitabçasından çıxarışı da təqdim etmişdir. Lakin, X8 Səbail rayon şöbəsi onun rəsmi müraciətinə 1708\173 saylı, xx.xx.2018-ci il tarixli məktubla cavab verərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanmasından imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli, 2- 1 (81)- 155/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya “Koller” Kollektivində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin (yəni- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin) üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-825\2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə- Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş; 1 saylı Bakı İnzibati- iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81 )-155\2019 saylı, qərarı 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmiş,” 1999-cu il tarixdən başlayaraq” sözləri “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün" sözləri ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-2190/2019 N-li, 07 avqust 2019-cu il tarixli Qərarı ilə- İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş; Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmiş; Həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən əvvəlki üç il üçün” sözləri “xx.xx.2006-il tarixdən” sözləri ilə əvəz edilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunması üçün- 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)- 115V2019 N-İi xx.xx.2019-cu il tarixli məktubu ilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə müraciət edilmiş və qərarın xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyi, eyni zamanda qərarın icra olunması barədə məhkəməyə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri cənab Bədəlov Firdovsinin imzası ilə təsdiq olunmuş, **********3 N2-İİ, xx.xx.2019-cu il tarixli, iddiaçıya ünvanlanmış cavabında bildirilmişdir ki, “....Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2190/2019 Ns-li, 07 avqust 2019-cu il tarixli Qərarına əsasən 5 il 9 ay 28 gün sığorta stajına əlavə olunmuşdur.xx.xx.2006-cı il tarixdən əlavə olunmuş sığorta stajı əsasında pensiyanızın məbləğini yenidən hesablayarkən heç bir dəyişiklik nəzərə alınmamışdır. Belə ki, pensiyanız hesablanan zaman mövcud iş stajınız orta əmək haqqınızın maksimal faizini (85%-i) təşkil etmişdir. Nəzərə almağınızı xahiş edirik.” Məhkəmə zamanı iddiaçının nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş illəri sosial sığorta stajına daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dair Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(102)-2190/2019 saylı qərarı ilə İddiaçı “Koller” kooperativində xx.xx.1987-xx.xx.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı icra edilmişdir. İddiaçı və onun vəkili X2 Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2190/2019 saylı qərarının icrası ilə bağlı 1 saylı Bakı Ərazi şöbəsinə müraciət emişlər. Tərəf və onun vəkilinin sorğularına cavab olaraq bildirilmişdir ki, icrası tələb olunan məhkəmə qərarına əsasən İddiaçı “Koller” kooperativində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövr onun iş stajına əlavə olunmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən əlavə olunan 5 il 9 ay 28 gün iş stajı nəzərə alınmaqla İddiaçı pensiyasını yenidən hesablayarkən onun pensiyasının məbləğində heç bir dəyişiklik qeydə alınmamışdır. Belə ki, əvvəlki iş stajı əsasında pensiyasının məbləği hesablanarkən mövcud iş stajı orta aylıq əmək haqqının maksimal faizini (85%-i) təşkil etdiyindən, əlavə olunan 5 il 9 ay 28 gün iş stajının əsasında pensiyasının məbləğini yenidən hesablayarkən iş stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyətə görə pensiyasının məbləğində dəyişiklik qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən 17 may 2011-ci il tarixli, 128-İVQD saylı dəyişikliklə əlaqədar olaraq 2006-cı il yanvarın 1-dək pensiya çıxmış şəxslərin sığorta stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyət aradan qaldırılmış və bu Qanununa aşağıdakı maddələr əlavə olunmuşdur. 26.3.1-ci maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixdən yenidən hesablanır. 26.3.2-ci maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 26.3.3-cü maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. xx.xx.2011-ci il tarixdən İddiaçı pensiyasını xx.xx.2006-cı ilədək mövcud olan 44 il 10 ay sığorta stajı əsasında yenidən hesablayarkən yenidən hesablanmış pensiya məbləği ((44 il 10 ay) x 1,94 = 86,98 + 85=171,98 manat) mövcud pensiyanın məbləğindən (689,78 manat) az olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3.3-cü maddəsinin tələbinə uyğun olaraq daha yüksək pensiya məbləği əsas götürülmüşdür. Bu səbəbdən də sığorta stajı əsasında onun pensiyasını yenidən hesablayarkən pensiyasının məbləğində dəyişiklik olmamışdır.İddia ərizəsində qeyd olunur ki, cavabdehin rəhbəri cənab Bədəlov Firdovsinin marağı çərçivəsində olmuşdur ki, pensiya məbləği yenidən hesablananda “Koller” kooperativində aldığım əmək haqqı və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmasın. İddiaçıya məlumat üçün bildiririk, 1987-1991-ci illərdə məcburi dövlət sosial sığorta haqqı anlayışı olmayıb. Digər tərəfdən Firdovsi Bədəlov özəl bir firmanın deyil, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini, mövcud qanun və digər normativ hüquqi aktların icrasına nəzarəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun bir şöbəsinin rəhbəridir. 1 saylı Bakı Ərazi şöbəsində vətəndaşlar qəbul edilmir və vətəndaşların müraciətlərinə 1 saylı Bakı “DOST” mərkəzi vasitəsi ilə baxılır. Yəni, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin müdiri Firdovsi Bədəlov əhalinin sosial müdafiəsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tələb və tapşırıqlarını səlahiyyətləri daxilində yerinə yetirir. İddiaçı “Koller” kooperativində xx.xx.1987-xx.xx.1993-cü illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2190/2019 saylı qərarı 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən icra edilmiş və məhkəmə qərarının icrası barədə iddiaçıya, onun vəkilinə və məhkəməyə rəsmi məlumat verilmişdir. İddiaçı iddiası özünün şəxsi qənaətinə əsaslanmış formal mülahizələrdən ibarətdir. Görəsən, dövlət siyasətini həyata keçirən yerli orqanın rəhbərindən maddi ziyana görə-3000 manat və mənəvi ziyana görə-2000 manat məbləğində iddiaçının kompensasiya tələbi hüquqi əsasla və hansı meyarla müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlannın pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri- əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “03 noyabr 2008-ci il tarixli, 7 N-li Qərarında qeyd olunur ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-d maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunlann cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun." Məhkəmə zamanı cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova; iş N 2-1(81)-155/2019) iddianın təmin edilməsi; iddiaçıya “Koller” koperativində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə 1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarı ilə cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli qərarının “1999-cu il tarixdən başlayaraq pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin" hissəsində “1999-cu il tarixdən başlayaraq” sözlərinin “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri ilə əvəz edilməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki,Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2190/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2019-cu il tarixli qərarının dəyişdirilməsi, həmin qərarda “iddiaçının müraciət etdiyi vaxtdan - xx.xx.2017-ci il tarixdən - əvvəlki üç il üçün” sözləri “xx.xx.2006-il tarixdən” sözlərinin ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı və onun vəkili yuxarıda qeyd edilən məhkəmə qərarının icrası ilə bağlı cavabdeh orqana müraciət etmişdirlər. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının və onun vəkilinin müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07.08.201-cu il tarixli, 2-1 (102)-2190/2019 saylı qərarına əsasən yuxarıda qeyd olunan dövr (5 il 9 ay 28 gün) vətəndaş İddiaçı sığorta stajına əlavə olunmuşdur. Əlavə olunan sığorta stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən pensiya məbləği yenidən hesablanarkən heç bir dəyişiklik alınmamışdır. Belə ki, vətəndaş X5 həmin dövr üçün pensiyası hesablanan zaman ümumi iş stajı nəzərə alınmaqla pensiyanın məbləği orta aylıq əmək haqqının 85 faizi (maksimum) məbləğində nəzərə alınmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının Pensiya uçot vərəqini (N 610456) məhkəməyə təqdim edir və məhkəməPensiya uçot vərəqinin əslinə baxış keçirərək surətini iş materiallarına əlavə edir. İş materiallarından görünür ki, məhkəmə qərarı əsasında əlavə olunan sığorta stajı əsasında pensiyasını yenidən hesablayarkən iddiaçının pensiyasının məbləğində heç bir dəyişiklik qeydə alınmamışdır. Belə ki, iddiaçının əvvəlki iş stajı əsasında pensiyasının məbləği hesablanarkən mövcud iş stajı orta aylıq əmək haqqının maksimal faizini (85%-i) təşkil etdiyindən, əlavə olunan 5 il 9 ay 28 gün iş stajının əsasında pensiyasının məbləğini yenidən hesablayarkən iş stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyətə görə pensiyasının məbləğində dəyişiklik qeydə alınmamışdır. İş materiallarından görünür ki, xx.xx.1938-ci il təvəllüdlü İddiaçı xx.xx.1999-cu il tarixdən şöbədən yaşa görə əmək pensiyası alır. Pensiya təyin olunduğu vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12ci, 17-ci və 78-ci maddələrinin tələbləri əsasında pensiya təyin olunmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin birinci abzasına əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının 60 faizi məbləğində (25 il stajı olduğu təqdirdə) təyin edilirdi. Bu maddənin 3-cü abzasına əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minumum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. 5-ci abzasa əsasən isə tələb olunan iş stajından artıq hər tam ilə görə hesablanmış əlavə orta aylıq əmək haqqının 85%-dən artıq ola bilməz. Həmin Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta aylıq əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Bu səbəbdən də ona pensiya təyin edilərkən orta aylıq əmək haqqının (570,21 manat) 51 manatdan (orta aylıq əmək haqqının 3 misli) yuxarı olmayan hissəsi nəzərə alınmışdır. Həmçinin həmin dövrdə onun iş stajı 39 il təşkil etdiyindən orta aylıq əmək haqqının 85% miqdarında (39-25=14x2=28+60=88) pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən 06 noyabr 2007-ci il tarixli, 474-İİİ QD saylı Qanuna əsasən 26.2-ci maddəyə əlavə olunmuş qeydə görə 01 yanvar 2008-ci ildən orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılır və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. İş materiallarından görünür ki, Qanuna edilmiş yuxarıda qeyd edilən dəyişikliyə əsasən iddiaçının pensiyasında xx.xx.2008-ci ildə tam orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmış, pensiyasının sığorta hissəsi 25,32 manatdan 466,65 manata qaldırılmış (570,21-51=519,21x85%=441,33+25,32=466,65) və nəticədə pensiyasının məbləği 85,32 manatdan 541,65 manata qaldırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən 17 may 2011-ci il tarixli, 128-İVQD edilən dəyişikliklə əlaqədar olaraq 2006-cı il yanvarın 1-dək pensiya çıxmış şəxslərin sığorta stajının yuxarı həddinə tətbiq edilən məhdudiyyət asradan qaldırılmış və bu Qanununa aşağıdakı maddələr əlavə olunmuşdur: 26.3-1-ci maddəyə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 01 iyul 2011ci il tarixdən yenidən hesablanır. Həmin Qanunun 26.3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 01 iyul 2011-ci il tarixdən yenidən hesablanmasında nəzərə alınır. Həmin Qanunun 26.3-3-cü maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixdən İddiaçı pensiyasını xx.xx.2006-cı ilədək mövcud olan 44 il 10 ay sığorta stajı əsasında yenidən hesablayarkən yenidən hesablanmış pensiya məbləği ((44 il 10 ay) x 1,94 = 86,98 + 85 = 171,98) mövcud pensiyanın məbləğindən (689,78) az olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-3-cü maddəsinin tələbinə uyğun olaraq daha yüksək pensiya məbləği əsas götürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı icrası tələb olunan məhkəmə qərarında göstərilən dövr üçün pensiyası hesablanan zaman ümumi iş stajı nəzərə alınmaqla pensiyanın məbləği orta aylıq əmək haqqının ən yüksək həddi üzrə, yəni 85 faizi (maksimum) məbləğində nəzərə alındığından, həmçinin iddiaçının hazırkı iddia tələbinin hüquqi əsası olmadığından, hazırkı iddia təmin olunmamalıdır. Odur ki, məhkəmə cavabdehin iddiaçının və onun vəkilinin müraciətinə verilən cavabı qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı cavabdeh tərəfindən Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasında, yəni nəticə etibarı ilə üzərinə düşən vəzifə öhdəliklərini tam yerinə yetirilməsində (pensiyanın yenidən hesablamaması, fərqin müəyyən edilməmsi, yeni pensiya məbliqinin müəyyən edilməməsi və s.) göstərdiyi hərəkətsizliyi, eyni zamanda, “X4 “Koller” Kollektivində xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə xx.xx.2006-cı il tarixdən başlayaraq pensiyanın yenidən hesablandıqda yeni pensiya məbləğinin -ay üzrə, eləcə də illər üzrə nə qədər təşkil edir?» sorğusuna cavab olaraq təhrif olunmuş məlumatlar verməklə qərarın tam icra olunmamasına, o cümlədən pensiyanın yenidən hesablandıqda heç bir fərq məbləğinin yaranmamasına yönəlmiş hərəkətlərinin qanunsuz hesab edilməsi və bü cür hərəkətlərə son qoyulmasına dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-959/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-959/2020
05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver