Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-959/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyriyaşayış sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının zirzəmisində 4217.92 kv.m qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının zirzəmisində ona məxsus 4217.92 kv.m qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsinə dair 28.02.2020-ci il tarixli müraciətinə cavabdeh tərəfindən 01.05.2020-ci il tarixli, **********87 saylı məktubla həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından və çıxarışın verilməsindən əsassız olaraq imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır. “xxxx” MMC ilə onun arasında bağlanan 10.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının zirzəmisində 4217.92 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənildiyinə görə "xxxx” MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. O, həm müqavilənin, həm də maliyyə arayışının əslini cavabdehə təqdim etmişdir. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin plan-cizgisi və həmin yaşayış binasının 13 fevral 2020-ci il tarixli, 117/1 saylı istismara icazə sənədi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/07- 631 saylı, 17 fevral 2020-ci il tarixli məktubunun təsdiq olunan surətləri də cavabdehə təqdim olunmuşdur. Həmin ünvanda yerləşən binanın istismara qəbul olunduğu cavabdeh tərəfindən mübahisələndirilmir, çünki bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında dərc olunmuşdur. Bu halda, müqavilə və maliyyə arayışının əsli cavabdehə təqdim olunduğundan ərizəyə əlavə edilən sənədlərin surət olduğuna dair cavabdehin arqumenti tamamilə əsassızdır. Qeyri-yaşayış sahəsinin sənədlə 4217,92 kv.m göstərildiyi halda, faktiki olaraq 3520,4 kv.m təşkil etdiyi barədə iddia da əsassızdır. Onun müraciəti ilə əlaqədar cavabdehin nümayəndəsi ümumiyyətlə obyektdə olmamış və ölçü aparmamışdır. Digər tərəfdən, binanın zirzəmi hissəsini təşkil edən həmin qeyri-yaşayış sahəsi 13 fevral 2020-ci il tarixli, 117/1 saylı istismara icazə sənədi əsasında 4217,92 kv.m həcmində qəbul edilmişdir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun onun adıına dövlət qeydiyyatına alınması barədə ərizəsinə imtina onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlər təşkilati-hüquqi forması MMC olan "xxxx” MMC tərəfindən verilmişdir. Sənədlərdən göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 4217.92 kv.m qeyri-yaşayış sahəsi ona satılmış, sahənin dəyəri onun tərəfindən ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Eyni zamanda bina istimara qəbul edilmişdir. Cavabdehin imtina ilə bağlı cavabında istinad etdiyi yaşayış binasına «xxxx» MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanılmış 10.02.2017-ci il tarixli müqavilə ilə «xxxx» MMC inşa etdiyi binadakı mənzilin dəyərini almaqla satmışdır. Ona görə də həmin qeyri-yaşayış sahəsinə dair «xxxx» MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ 12.02.2017-ci il tarixli müqaviləyə əsasən ona keçmişdir. Digər tərəfdən, o, ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən və sahəsi müvafiq şəkildə 155.90 kv.m, 455.5 kv.m, 240.8 kv.m və 379.9 kv.m olan dörd qeyri-yaşayış sahəsini «xxxx» MMC-dən almış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahələri dövlət qeydiyyatına alınmış və ona bu barədə dövlət reyestrindən çıxarışlar verilmişdir, buna görə sahənin əvvəl «xxxx» MMC-nin adına qeydiyyata alınması baradə heç bir tələb irəli sürülməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı biri cavabdehin imtina məktubunda göstərilməmiş, mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, qeyd olunan qeyri-yaşayış sahəsi "xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşir və qeyri-yaşayış sahəsinə dair sənədlər "xxxx” MMC tərəfindən təsdiq edilmişdir. Həmin yaşayış binasına "xxxx” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin qeyri-yaşayış sahəsi sənədlə 4217.92 kv.m göstərilsə də, faktiki olaraq 3520.4 kv.m təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01.05.2020-ci il tarixli **********87 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi ünvanında yerləşən qeyriyaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, 04.03.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən qeyri-yaşayış sahəsinin "xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri- yaşayış sahəsinə dair sənədlərin "xxxx” MMC tərəfindən təsdiq edildiyi məlum olmuşdur. Sözügedən yaşayış binasına "xxxx” MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra ərizəçi tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Həmçinin məlumat üçün bildiririk ki, qeyri-yaşayış sahəsi sənədlə 4217.92 kv.m göstərilsə də, faktiki olaraq 3520.4 kv.m təşkil edir. İş materiallarında olan alıcı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 10.02.2017-ci il tarixli müqaviləyə əsasən "Cəmiyyət” ünvan 3 ünvanında 1 saylı binanın, zirzəmisində, qeyri-yaşayış sahəsini "Alıcı"ya verməyi, "Alıcı" isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür (ümumi sahə 4217.92 m2). İş materiallarında olan “xxxx” MMC-nin 10.02.2017-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının zirzəmisində 4217.92 m2 sahəsi olan qeyri-yaşayışa görə borcu yoxdur. İş materiallarında olan çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verilməsi barədə 13.02.2020-ci il tarixli 117/1 saylı sənəddən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2439-cu məhəllə, Əlif Hacıyev küçəsi 40A (1 saylı bina), 1 girişli zirzəmili, 16 (+texniki) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.04.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən binada 5 ədəd qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 240.8 kv.m olan qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına 29.11.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (əsas alıcı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 30.05.2017-ci il tarixli müqavilə və maliyyə arayışı). Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 455.5 kv.m olan qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına 29.11.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (əsas alıcı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 02.03.2017-ci il tarixli müqavilə və maliyyə arayışı). Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 155.90 kv.m olan qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına 05.12.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (əsas alıcı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 10.06.2017-ci il tarixli müqavilə və maliyyə arayışı). Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 6, yeni qaydalarla AZ1060, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 379.9 kv.m olan qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına 10.12.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (əsas alıcı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 02.05.2017-ci il tarixli müqavilə və maliyyə arayışı). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 10.02.2017-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC ünvan 3 ünvanında 1 saylı binanın zirzəmisində ümumi sahə 4217.92 kv.m qeyri-yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş qeyriyaşayış sahəsinin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin 10.02.2017-ci il tarixli maliyyə arayışına əsasən iddiaçının ünvan 3 ünvanında yerləşən 1 saylı yaşayış binasının zirzəmisində 4217.92 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə görə borcu yoxdur. İddiaçı həmin qeyri-yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, ərizəyə əlavə olunmuş sənədlərin surət olması, həmin qeyri-yaşayış sahəsinin "xxxx” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyi və qeyri-yaşayış sahəsinə dair sənədlərin "xxxx” MMC tərəfindən təsdiq edildiyi, həmin yaşayış binasına "xxxx” MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra iddiaçı tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparıla bilməsi, qeyri-yaşayış sahəsinin sənədlə 4217.92 kv.m göstərilsə də, faktiki olaraq 3520.4 kv.m təşkil etməsi əsas gətirilməklə cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, həmin ünvanda həmin binada yerləşən 5 ədəd qeyriyaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçmişdir, onlardan 4 qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və bütün hallarda əsas kimi iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqavilə və maliyyə arayışı çıxış edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan qeyri-yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 4217,92 kv.m olan qeyri-yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-959/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-959/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver