Məhkəmə qərarları › İş №2-1(112)-959/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-959/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-959/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 03.11.1978-ci il tarixdən 19.05.1996cı il tarixinə kimi keçmiş Bakı Alüminium-Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi, usta vəzifələrində, daha sonra isə, 19.05.1996-cı il tarixdən 15.09.2005-ci il tarixinə kimi həmin zavodun 5 nömrəli sexində rəis vəzifəsində işləməsinin nəzərə alınaraq ona güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək,onun 03.11.1978-ci il tarixdən 19.05.1996-cı il tarixinə kimi keçmiş “Bakı Alüminium –Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi, usta vəzifələrində, daha sonra isə, 19.05.1996-cı il tarixdən 15.09.2005-ci il tarixinə kimi həmin zavodun 5 nömrəli sexində rəis vəzifəsində işləməsini nəzərə alaraq, ona güzəştli şərtlərlə 57 yaşından pensiya təyin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini (iddia ərizəsinə dəqiqləşməni) onunla əsaslandırmışdır ki, 27.01.2021-ci il tarixdə DMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına güzəştli şərtlərlə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmiş, 15.04.2021-ci il tarixdə **********2 sayılı məktubla onun ərizəsinə imtina cavabı verilmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların : kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Onun əmək stajı, fəaliyyət və yaşı yuxarıda göstərilən Qanuna əsasən, güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Belə ki, o, 03.11.1978-ci il tarixindən 19.05.1996-cı il tarixinə kimi keçmiş “Bakı Alüminium -Yayma” zavodunda, yəni indiki “Şüvəlan ASC”-də Sürüdülmə sexində 2ci dərəcəli sürüməçi, tökməçi, usta vəzifələrində çalışmışdır. Daha sonra isə 19.05.1996-cı il tarixindən 15.09.2005-ci il tarixinə kimi həmin zavodun 5 nömrəli sexində rəis vəzifəsində işləmişdir. Keçmiş “Bakı Alüminium -Yayma” zavodunda, yəni indiki "xxxx" ASC”-də 19.02.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və t 12 kartoçkaları da yanmışdır. Bu səbəbdən də, zavod ona əlavə sənd təqdim edə bilmir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 06.05.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 03.06.2021-ci il tarixli **********7 saylı iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun ümumi iş stajı 25 ildən az (23 il 9 ay 23 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18148,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın əsassız olduğu üçün təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: - Xəzər RPİ tərəfindən 10.07.2012-cu il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus НЗ seriyalı ******* №li hərbi biletində aparılmış qeydlərə əsasən iddiaçı 24.11.1976-ci il tarixdən 25.10.1978-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ seriyalı 242917 nömrəli əmək kitabçasının surətindən (notarial qaydada tərcümə və təsdiq olunmuş) müəyyən olunur ki, İddiaçı 03.11.1978-ci ildə Bakı yüngül metalların emalı zavoduna Sürüdülmə sexinə 2-ci dərəcə ilə sürüməçi vəzifəsinə qəbul edilmişdir (Əmr № 113-k, 03.11.1978-ci il); 10.07.1979-cu ildə Şin prokatı sexinə 2-ci dərəcə ilə tökməçi işinə keçirilmişdir (Əmr № 104-k, 10.07.1979-cu il); 14.01.1980-ci ildə 3 saylı sahəyə 3-cü dərəcəli tökməçi vəzifəsinə keçirilmişdir (Əmr № 08-k, 14.02.1980-ci il); 02.03.1981-ci ildə ştat cədvəlinə uyğun olaraq şin prokatı sexinə usta vəzifəsinə keçirilmişdir ( Əmr № 16-k, 02.03.1981-ci il); Az SSR Nazirlər Sovetinin 19.06.1986-cı il tarixli 205 saylı qərarına əsasən Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır (Əmr № 92-k, 05.08.1986-ci il); 19.05.1996-cı ildə 5 nömrəli sexə stat cədvəlinə əsasən rəis vəzifəsinə təyin olunmuşdur (Əmr № 21-k, 19.05.1996-ci il); 29.09.2000-ci il tarixdə AR İqtisadi İnkişaf Nazirliyinin 29.09.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən “Bakı Alüminium Yayma” zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. 15.09.2005-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (Əmr № 11, 15.09.2005-ci il); 29.09.2005-ci il tarixdə Azərittifaqın “Kəndkooptədarükemal” meyvə tərəvəz bazası- Meyvə anbarına 1,0 ştat vahidilə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 19, 19.09.2005-ci il);12.01.2007-ci il tarixdə öz xahişi ilə vəzifəsindən azad edilmişdir ( Əmr № 02 , 12.01.2007-ci il). Əzizbəyov RDYMH-nin 36-cı YMB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 19.02.2013-cü il tarixli “Yanğın haqqında ilkin akt”ın surətindən müəyyən olunur ki, 19 fevral 2013-cü il tarixdə "xxxx" ASC-də baş vermiş yangın nəticəsində cəmiyyətdə saxlanılan arxiv materialları yanmışdır. FHN-nin BYNX-nin 4-cü ərazi DYNİ-nin DYNŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş 21 fevral 2013-cü il tarixli “Yanğın haqqında akt”dan görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cəmiyyətin fəaliyyəti 2000-ci ildən dayandırılmışdır. Xəzər rayon Polis İdarəsi 1-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Telman Göyçayev tərəfindən qəbul olunmuş 20.03.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, "xxxx" ASC-nin sədri X2 4-cü DNYİ-nə verdiyi ərizədə müəssisənin 2000-ci ildən fəaliyyətinin və həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsinin dayandırıldığını bildirmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli 1 saylı Güzəştli arayışda qeyd olunmuşdur ki, İddiaçı 03.11.1978-ci il tarixdən 10.07.1979-cu il tarixədək əlvan məftil çəkən vəzifəsində işləmişdir. Vəzifəsinin adı məftilçəkən İİ bölmə Vİİİ, kod-2092304a-11487; 10.07.1979-cu il tarixdən 02.03.1981-ci ilədək əlvan metal sökücüsü (sökücü) vəzifəsində işləmişdir. 02.03.1981-ci il tarixdən 19.05.1996-cı il tarixə kimi əridici sexində usta vəzifəsində işləmişdir. Vəzifəsi-usta, siyahı İ, bölmə Vİİ, kod1072101b-23187. Arayış ИТ-İ ******* №-li əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 18 yanvar 2021-ci il tarixli 1 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı 03.11.1978-ci ildən 15.09.2005-ci il tarixədək Bakı Alüminium Yayma Zavodunun bazası əsasında yaradılmış "xxxx" ASC-də işləmişdir. Arayış ИТ-İ ******* №-li əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib edilmişdir. İddiaçı hazırki tələblə cavabeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdehin 15.04.2021-ci il tarixli **********2 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun ümumi iş satjı 25 ildən az (23 il 9 ay 23 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18.148,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 17.01.2022-ci il tarixli **********71000 saylı məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin uçot-qeydiyyat məlumat bazasına əsasən "xxxx" ASC (VÖEN **********) 21.09.2003-cü il tarixdən vergi orqanında qeydiyyata alınmış, 14.10.2021-ci il tarixdən 14.10.2026-cı il tarixədək fəaliyyəti dayandırılmışdır. Hal-hazırda müəssisənin fəaliyyəti dayandırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08.02.2022-ci il tarixli **********89 saylı məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin 29.09.2000-ci il tarixli, 222 nömrəli sərəncamı ilə Metallurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri 10.11.2020ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı aid məlumatlar (əmrlər və s.) mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin olunmasından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının ümumi iş staji 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla onun qanunda nəzərdə tutulmuş 57 yaşı 15.05.2015-cı ildə tamamlanmışdır. İş materiallarından göründüyü kimi 57 yaşı 15.05.2015-ci ildə tamam olmuş iddiaçının ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün pensiya ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12,6 aydan az olmamalı olduğu təqdirdə bu hissədə şərtlər ödənilmir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı sosial sığorta stajının olması ilə bağlı məhkəməyə əmək kitabçasını və əmək kitabçasında olan məlumatlar əsasən "xxxx" ASC tərəfindən verilmiş arayışları təqdim etmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun işlədiyi dövrlər aşağıdakı kimi olmuşdur: 03.11.1978-15.09.2005 və 29.09.2005-12.01.2007-ci illər. İddiaçının əmək kitabçasında 03.11.1978-15.09.2005-ci illərdə işlədiyi müəssisə kimi qeyd olunan Bakı Alüminium Yayma zavodunun bazasında Dövlət Əmlakı Nazirliyinin 29.09.2000-ci il tarixli sərəncamı ilə "xxxx" ASC-nin yaradıldığını, cəmiyyət yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı aid məlumatların (əmrlər və s.) mövcud olmadığını və müəssisənin rəhbəri tərəfindən müəssisənin 2000-ci ildən fəaliyyət göstərmədiyi barədə verdiyi izahatı nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin dövrlər ümumilikdə 21 il 10 ay 26 gün (03.11.1978-ci ildən 29.09.2000-ci ilədək) kimi nəzərə alınmalıdır. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 1 ay 17 gün (24.11.1976- 25.10.1978=1 il 11 ay 19 gün+ 03.11.1978-29.09.2000=21 il 10 ay 26 gün + 29.09.2005-01.01.2006=3 ay 2 gün) təşkil etmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər üçün müəyyən olunmuş azı 25 il işləməsi şərti iş üzrə ödənilmir. Bu səbəblərdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar