Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-959/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X1) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7544/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail rayon İcra hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 250 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və fərdi evin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının əcnəbi olduğunu əsas gətirərək hüquqmüəyyənedici sənədin verilməsindən və qeydiyyatdan imtina etmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi iddiaçıya ayrılan zaman o, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 2008-ci il tarixli arayışından görünür ki, iddiaçı Sahil qəsəbəsi E.Quliyev küçəsi 57 saylı yataqxananın 141 saylı mənzilində qeydiyyatda olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cvabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********61 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bütövlüklə neft və su kəmərlərinin mühafizə zonasında yerləşir. Həmçinin, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin cizgi ilə sahənin faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcuddur. Belə ki, cizginin göstərilən sahəyə aidiyyəti yoxdur. Eləcə də, torpaq sahəsinə digər fiziki şəxsin (X1) müraciəti mövcuddur. Qeyd olunanlarla yanaşı, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 250 nömrəli, xx.xx.1999-cu il tarixili Sərəncamında və yerləşmə cizgisində ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna 18 aprel 2024-cü il tarixli cavab məktubu ilə iddiaçı barəsində Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 250 saylı sərəncamın və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli, 250 nömrəli sərəncamından görünür ki, İcra hakimiyyəti başmçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində mövcud olan köhnə bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş faktiki sahə 510 kv.m təşkil edir. Faktiki sahənin 102 kv.m-i və üzərindəki tikililərin bir hissəsi yeraltı su xəttinin mühafizə zonasıdır. Sahənin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir. Həmçinin sahə tamamilə neft kəmərinin mühafizə zolağındadır. Eyni zamanda sahədən təqribi 3.5 metr aralıdan 80-mmlik orta təzyiqli yeraltı qaz xətti keçir. Cavabdeh tərəfindən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar və ortofoto görüntüsü təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 26 yanvar 2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü göstərilməmiş, faktiki ölçüsü isə 510 kv.metr təşkil etmişdir. Ərizəçinin nümayəndəsi tərəfindən faktiki göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla, dörd tərəfdən daş hasar və tikililərin çöl daş divarı ilə sərhədlənib. İki tərəfi qonşu sahə, iki tərəfi yoldur. Torpaq sahəsi üzərində iki ədəd iki mərtəbəli+mansardlı təmir tikinti işləri aparılan yaşayış evi və həyət tikilisi vardır. Torpaq sahəsinin sərəncamında və cizgisində sahə göstərilməyib, yerləşmə cizgisində perimetrik ölçülər və dəqiq istinadlar qeyd olunmayıb. Faktiki göstərilən torpaq sahəsinin şimal hasarından 1 metr aralı məsafəsindən və sahənin az bir hissəsi daxilindən (daxildən keçən hissəsi torpaq qatı ilə üstü örtülmüşdür) diametri 325 mm-lik boru xətti keçir. Cavabdehin 3 fevral 2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 510 kv.m təşkil edir, iddiaçının nümayəndəsi tərəfindən faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla, dörd tərəfdən daş hasar və tikililərin çöl divarı ilə sərhədlənmişdir. Torpaq sahəsinin üzərində iki ədəd yaşayış evi və köməkçi tikili mövcuddur. Sahəyə dair sənəd təqdim edilməyib. Sahənin şimal hasarından 1 metr aralı məsafəsindən və sahənin az bir hissəsi daxilindən (daxildən keçən hissəsi torpaq qatı ilə üstü örtülmüşdür) diametri 325 mm-lik boru xətti keçir. Faktiki olaraq göstərilən 510 kv.metr torpaq sahəsinin koordinatları əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 510 kv.m sahənin 102.0 kv.m hissəsi və üzərindəki tikililərin bir hissəsi yeraltı su xəttinin mühafizə zonasıdır. Həmçinin sahənin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir. Sahə tamamilə neft kəmərinin mühafizə zolağındadır. Eyni zamanda sahədən təqribi 3,5 metr aralıdan 80-mmlik orta təzyiqli yeraltt qaz xətti keçir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, xx xxxxxx 1964-cü ildə Azərbaycan Respublikasının İmişli rayonunda anadan olmuş İddiaçı hər hansı bir dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı 2017-ci ildən etibarən Rusiya Federasiyasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında ölkə ərazisinə giriş-çıxışı qeydə alınmışdır. Cavabdehin iddiaçının müraciətinə verdiyi imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999cu il tarixli, 250 nömrəli sərəncamı ilə İcra hakimiyyəti başmçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib edilmiş akta və yerləşmə cizgisinə əsasən Badamdar qəsəbəsində mövcud olan köhnə bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin sərəncama əsaslanaraq qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd alınmasını tələb edir. Cavabdehin imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: 1. İddiaçı əcnəbidir. 2. Torpaq sahəsi bütövlüklə neft və su kəmərlərinin mühafizə zonasında yerləşir.
3. Təqdim edilən yerləşmə cizgisində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmiş, həmçinin cizgi ilə sahənin faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq mövcuddur. 4. Torpaq sahəsinə digər fiziki şəxsin (X1) müraciəti mövcuddur. Torpaq Məcəlləsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər (3.3). Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (48.3). Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (49.4). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 fevral 1999-cu il tarixli sərəncamı ilə torpaq sahəsi ayrılarkən o, Azərbaycan Respubıikası vətəndaşı olmuşdur. O, 2017-ci ildən sonra Rusiya Federasiyası vətəndaşlığını qəbul etmişdir. Yəni, torpaq sahəsi iddiaçıya qanunvericiliyin tələblərinə uyğun ayrılmışdır. Bu səbəbdən onun hazırkı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün maneə yoxdur. Lakin, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi 1 il müddətinə özgəninkiləşdirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Eyni zamanda torpaq sahəsinin ortofoto görüntüsündən də görünür ki, həmin sahənin ətrafında çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Məhkəmə sorğusu əsasında həmin sahənin ətrafında yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş ilkin sənədlər məhkəməyə göndərilmişdir. Həmin səndlərlərdən görünür ki, qeyd edilən torpaq sahəsinin qonşuluğunda yerləşən bir çox sahələrə Səbail rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya 1999-cu ildə ayrılmışdır. Həmin vaxt isə qeyd olunan ərazinin neft kəmərinin mühafizə zonasına düşdüyünü sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh is bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yerləşmə sxemində olan uyğunsuzluqla bağlı cavabdehin dəlilinə gəldikdə qeyd edilməlidir ki, imtinanın həmin əsası formal xarakter daşıyır. Belə ki, bağ sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və həmin sahə ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Xəritədə olan uyğunsuzluğun aradan qaldırılması isə cavabdehin vəzfəsidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ona verilmiş torpaq sahəsi ilə sahəsinə və yerləşmə yerinə görə tam uyğunluq təşkil edir. Cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 1999cu il tarixli, 250 nömrəli sərəncamı sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərindəki iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 510 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Emin Abdullayev