Məhkəmə qərarları › İş №2-1(112)-9592/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9592/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9592/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçı Hüseynova (Taskıran) Valeta Elyaz qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüseynova (Taskıran) Valeta Elyaz qızı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il tarixində Ermənistan SSR-nin Hrazdan rayonu, Misxana kəndində doğulmuşdur. Onun vaideynləri də Ermənistanda doğulmuşlar. Ailədə 2 qardaş, 2 bacı olmuşlar. İddiaçı 1988-ci ildə ailəsiylə birlikdə Ermənistandan qaçqın düşmüşdür. İddiaçı xx.xx.1989-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır, lakin hüquqi savadsızlıqdan faktiki olaraq Ermənistan SSRnin vətəndaşı olaraq qalmışdır. Onun atası X8 Ermənistan SSR-də yaşadıqları vaxt orada vəfat etmişdir. X1 qaçqın kimi Bakıya gəldikdən sonra xx.xx.2002-ci il tarixdə Bakıda vəfat etmişdir. X2, qardaşları X6, X7 Azərbaycan Respublikasının vətəndaşlarıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh onun digər ölkə - Ermənistan SSR vətəndaşlığını təsdiq edən pasporta malik olduğunu əsas götürərək “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarı qəbul etmişdir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) faktiki olaraq Azərbaycanda yaşamaqla Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olmuş, hüquqi savadsızlığından şəxsiyyət vəsiqəsi almamışdır. Bundan əlavə, valideynlərindən anası vəfat etsə də, Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1965-ci ildə Ermənistanda doğulduğu, Ermənistan SSRİ tərəfindən verilmiş Vİİİ-SL seriyalı 650169 nömrəli pasporta malik olduğu müəyyən edilmişdir. Habelə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunanlara əsasən şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılır. Şəxs eyni zamanda 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması barədə də araşdırmaya heç bir sənəd təqdim etməmişdir. Göründüyü kimi, sözügedən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunan şəxslərin təsir dairəsinə düşmür. Eyni zamanda qeyd olunur ki, iddiaçı hazırda Türkiyə vətəndaşı olmaqla heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus 816302 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə Ermənistan SSR, Hrazdan rayonu, Misxana kəndində doğulmuşdur, atası X8, anası X3r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən iddiaçı keçmiş SSRİ pasport məlumatlarına əsasən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması” haqqında xx.xx.2025-ci il tarixli ******* saylı qərara əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İşdən görünür ki, iddiaçı Ermənistan SSRİ tərəfindən verilmiş Vİİİ-SL seriyalı 650169 nömrəli pasporta və ******* saylı SSRİ pasportuna malik olmuşdur. **********8 saylı Türkiyə Cumhuriyyəti şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı hazırda Türkiyə Respublikası vətəndaşıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, hazırkı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət anlayışları fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 15-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı məsələləri tənzimləyir. Göründüyü kimi şəxs doğulduğu andan Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. Eyni zamanda əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş şəxs yenidən vətəndaşlığa bərpa edilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi isə “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanır. Həmin maddədə qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. İddiaçı yuxarıda qeyd edilən Qanunun 5-ci maddəsinin birinci bəndinə əsaslanaraq Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istəyir. Həmin maddənin məzmunundan görünür ki, şəxs həmin Qanunun qüvvəyə mindiyi günə qədər Azərbaycan Respublikasının vətəndaşlığında olubsa və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olubsa, vətəndaşlığa mənsubiyyəti tanına bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. Belə ki, Ermənistan SSR ərazisində doğulmuş və Ermənistan SSR-nin pasportuna malik olmuşdur. Bu səbəbdən Qanunun qeyd edilən müddəalarına əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (1.2.). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (1.3.). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (2.1.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (4.4.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlıdır. Həmin maddədə göstərilir ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Göründüyü kimi iddiaçı xx.xx.1965-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, Ermənistan SSRİ tərəfindən verilmiş Vİİİ-SL seriyalı 650169 nömrəli pasporta malik olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmiş və hal-hazırda Türkiyə Respublikasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması iddiaçının ikili vətəndaşlığının meydana çıxmasına səbəb olar. Bu isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsi ilə ziddiyyət təşkil etmiş olar. İddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər ki, bununla bağlı qanunvericilikdə ayrıca prosedur müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Hüseynova (Taskıran) Valeta Elyaz qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar