Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9594/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş B19 seriyalı, 139322 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək, müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-xx.xx.2019-cu illərdə Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində müəssisələrin iqtisadiyyatı ixtisası üzrə qiyabi əsaslarla ali təhsil almış və iddiaçıya ali təhsil haqqında diplom verilmişdir. Təhsil müddətində iddiaçı dərslərdə və imtahanlarda iştirak etmişdir. İddiaçıya verilmiş bakalavr diplomundan görünür ki, o ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə “müəssisələrin iqtisadiyyatı" bakalavr dərəcəsi verilmişdir. Diploma olan əlavədən görünür ki, tədris müddətində yaxşı, kafi və məqbul qiymətləri almışdır. İddiaçıya hər il tədris müddəti başlamazdan əvvəl dərslərdə iştirak etməsi üçün arayışlar təqdim edilmişdir, həmin arayışda da tədris müddətləri əks edilmişdir. İddiaçı təhsilini bitirdikdən sonra Azərbaycan Respublikasına qayıtmış və ölkəmizdə öz peşəsi üzrə fəaliyyət göstərmək niyyətindədir. O, diplomunun tanınması və ona müvafiq şəhadətnamə verilməsi üçün cavabdeh orqana elektron ərizə ilə müraciət etmişdir. Lakin, cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavab məktubunda qeyd olunur ki, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində 180- 240 saat nəzərdə tutulur. Tədris müddətinin ən azı üçdə ikisində ənənəvi’təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələb edilir. Qeyd olunanlara əsasən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Lakin, iddiaçıya Universitet tərəfindən xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. Arayışdan görünür ki, iddiaçı Universitet rəhbərliyinin icazəsi ilə müəyyən edilmiş qrafikə əsasən imtahan sessiyasını vermişdir. Qeyd edilmişdir ki, tələbəyə fərdi təhsil sistemindən istifadə edərək tapşırıqların qəbulu təmin edilir. Arayışı aldıqdan sonra iddiaçı təkrarən cavabdehə müraciətlər etmişdir. Lakin, iddiaçıya təkrarən xx.xx.2024-cü il tarixli imtina məktubu təqdim edilmişdir. Ona görə də, iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, iddia tələbində haqlıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2014/2015-ci tədris ili üzrə - 13 gün, 2015/2016-cı tədris ili üzrə - 12 gün, 2016/2017-ci tədris ili üzrə - 12 gün, 2017/2018-ci tədris ili üzrə -12 gün, 2018/2019-cu tədris ili üzrə - 21 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalan"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, ddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia zələbi rədd edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş B 19 seriyalı, 139322 nömrəli bakalavr diplomuna əsasən müəyyən edilir ki, iddiaçı 2019-cu il tarixində həmin universiteti qiyabi əsaslarla bitirmişdir. Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2014-cü il tarixli arayışın tərcüməsindən görünür ki, iddiaçı həmin universitetin “Müəssisələrin iqtisadiyyatı hazırlıq” istiqaməti üzrə qiyabi şöbənin 1-ci kurs tələbəsidir. Təhsilin başa çatma müddəti iyun 2019-cu ildir. Ukrayna Respublikası Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli arayışın tərcüməsindən görünür ki, iddiaçı xx.xx.2014-xx.xx.2019-cu illərdə həmin universitetin “Müəssisələrin iqtisadiyyatı hazırlıq” ixtisası üzrə birbaşa hazırlıq istiqamətində təhsil almışdır. Qiyabi şöbədə normativ təhsil müddəti 4 il 10 aydır. İddiaçı universitet rəhbərliyinin icazəsi ilə aşağıdakı qrafikə əsasən imtahan sessiysı vermişdir: İ kurs – xx.xx.2015-xx.xx.2015, İİ kurs – xx.xx.2016xx.xx.2016, İİİ kurs – xx.xx.2017-xx.xx.2017, İV kurs – xx.xx.2018-xx.xx.2018, V kurs – xx.xx.2019-xx.xx.2019. İddiaçının 2014-2019-cu illər üzrə sərhədkeçməsi barədə məlumatlarından görünür ki, iddiaçı Ukrayna istiqamətində xx.xx.2015-ci ildə ölkəni tərk etmiş və xx.xx.2015-ci ildə ölkəyə qayıtmış, xx.xx.2016-cı ildə ölkəni tərk etmiş və xx.xx.2016-cı ildə ölkəyə qayıtmış, xx.xx.2017-ci ildə ölkəni tərk etmiş və xx.xx.2017-ci ildə ölkəyə qayıtmış, xx.xx.2018-ci ildə ölkəni tərk etmiş və xx.xx.2018-ci ildə ölkəyə qayıtmış, xx.xx.2019-cu ildə ölkəni tərk etmiş və xx.xx.2019-cu ildə ölkəyə qayıtmışdır. Cavabdeh trəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçının xarici ali təhsil dair kvalifikasiyasının tanınmasndan imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (6.1.). Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat) (13.1.). Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir (27.1. ). Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir (27.4. ). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir (44.1.). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir (44.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında göstərilmişdir ki, bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir (1.1.). Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir (1.2). Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir (2.1.). Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır (3.1.). Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda (3.10.). Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda göstərilmişdir ki, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.). Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi şəxsin xarici dövlət aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı dövlətdə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda göstərilmişdir ki, ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır (8.7.1.). Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur (8.7.2.). Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Göründüyü Azərbaycan Respublikasında qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə minimum 180 saatdır ki, onun yarısı 90 saat təşkil edir. Həftəlik auditoriya dərslərinin bakalavriat səviyyəsində 30 saat olması nəzərə alınarsa iddiaçı təhsil aldığı dövlətdə hər tədris ilində minimum 3 həftə, yəni 21 gün olmalıdır. İddiaçının sərhədkemə məlumatlarından görünür ki, iddiaçı 2015-ci ildə 13 gün, 2016-cı ildə 12 gün, 2017-ci ildə 12 gün, 2018-ci ildə 12 gün, 2019-cu ildə 21 gün təhsil aldığı ölkədə olmuşdur. Bu isə “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda müəyyən olunan müddətdən azdır. Məhkəmə qeyd edir ki, burada həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğlunun cavabdeh Təhsildə X2rşı “xarici diplomun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə X2rşı “diplomun tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9594/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9594/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver