Məhkəmə qərarları › İş №2-1(112)-9596/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9596/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9596/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (baş hüquqşünas, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə və icbari tibbi sığorta fonduna olan vergi borcunun ödənilməsi təmin etmək üçün həmin Cəmiyyətin icra orqanının rəhbəri olduğu vaxt Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təsisçisi tərəfindən şirkət alqı-satqı əsasında digər şəxsə satılmış, 02 fevral 2022-ci il tarixli təsis payının alqısatqısına dair müqaviləyə əsasən, "X16" MMC, "xxxx" MMC-dəki nizamnamə kapitalındakı 100 % payını X1. Bundan sonra, təsisçinin qərarı ilə İddiaçı şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilərək, onun yerinə digər şəxs təyin edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən çıxarışa əsasən, "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi X4r. İddiaçı hazırda onun "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığı, icra orqanının rəhbərinin dəyişməsi, şirkətlə hansısa bir bağlılığı olmadığı əsası ilə ölkədən getməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmalı olduğunu hesab edir. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh 01 aprel 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, müraciətin qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə göndərilmişdir. Lakin həmin idarədən şifahi olaraq ərizənin icrasından imtina edildiyi bildirilsə də, bu barədə iddiaçıya hər hansı cavab ünvanlanmamışdır. Faktiki olaraq ərizə cavabsız qalmaqla, ərizənin icrasından imtina kimi qiymətləndirilməlidir. İddiaçı hesab edir ki, ona tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması üçün qanuni əsaslar var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı yazılı etirazında bildirmişdir ki, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Lokal Gəlirlər Baş İdarəsi İddiaçı qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin vergi borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MMC-nin vergi borcu tam ödənilənədək İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı Dövlət Vergi Xidmətinə müraciət etmiş, vergi ödəyicisinə cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamış, yəni 1.109.991,34 manat borc tam ödənilməmişdir. Borcun ödənilməsi təmin edildikdən sonra hüquqi şəxsin icra orqanının əvvəlki rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxılacaqdır. Həmçinin qeyd edilir ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50 000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). "xxxx" MMC-nin xüsusilə külli miqdar təşkil edən 970.819,13 manat məbləğində cinayət tərkibi yaradan borcu olduğu üçün məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 23.1.15-3, 24.0.1, 24.0.2-1, 77.1, 77.3-cü maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia məcburetmə növündə olmaqla məcburetmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının: - 1.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 9-cu bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, eləcə də məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin olunaraq, "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 1109987,06 manat və İcbari Tibbi Sığorta Fonduna olan ümumilikdə 4,28 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1963-cü ildə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ vergi öhdəliklərinin tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmışdır. - Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən cavabdehə ünvanlanan xx.xx.2021ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5107/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli icra sənədi icra edilməsi üçün sonuncuya göndərilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə bağlı müraciətinə baxılmış və müraciətin qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinə göndərildiyi bildirilmişdir. - Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, şirkət sonradan "X16" MMC adı altında fəaliyyət göstərmiş, MMC-nin təsisçisi X11 göstərilmişdir. Eyni tarixli çıxarışın surətindən məlum olur ki, "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı olmuş, hazırkı qanuni təmsilçisi isə X4r. - "xxxx" MMC-nin 09 fevral 2022-ci il tarixli təsisçisi X7 qərarının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə X8 təyin edilmişdir. - Azərbaycan Republikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən alınmış məlumata əsasən "xxxx" MMC-nin qanunsi təmsilçisi X4r. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə İddiaçı iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: - 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; AR Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. İşin faktiki hallarına və iş üzrə araşdırılmış materiallara əsasən müəyyən edilir ki, hüquqi şəxs- "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün iddiaçının Cəmiyyətin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin sonradan o, şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilmiş və artıq "xxxx" MMC-nin qanuni təmsilçisi deyildir. Belə olan halda iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmışdır. Bu fakt iş materiallarındakı sənədlərlə yanaşı, cavabdeh inzibati orqanın iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı etirazında, həmçinin onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla da təsdiq olunur. Belə ki, yazılı etirazda cavabdeh orqan iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi üçün əsasların aradan qalxmamasını Cəmiyyətin vergi borcunun tam ödənilməməsi ilə əsaslandırmış, həm də hüquqi şəxsin rəhbərinin dəyişməsi halında borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlərin görüldükdən sonra (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) əvvəlki rəhbərin məhdudiyyətinin götürülməsinin mümkünlüyü bildirilmişdir. Məhkəmə qeyd olunan xüsusatlara münasibətdə qeyd edir ki, iddiaçının ölkədən getmək hüququ üzərinə qoyulmuş müvəqqəti məhdudiyyət onun "xxxx" MMC-nin icra orqanın rəhbəri kimi qoyulmuşdur. Yuxarıda istinad olunan Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmunundan da göründüyüü kimi, qanunverici bu məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilməsini nəzərdə tutur. İş materiallarından da görünür ki, hazırda həmin şərt aradan qalxmışdır. Lakin cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan hallar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməkdən imtina etmiş, imtinanın əsası kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan halın aradan qalxmadığına- "xxxx" MMC tərəfindən vergi borcunun ödənilmədiyinə əsaslanmışdır. Hazırkı vəziyyətdə iddiaçıya tətbiq edilmiş məhdudiyyət MMC-nin vergi borcunun ödətdirilməsini təmin etmə vasitəsi kimi səmərəli üsul hesab edilə bilməz. Bunun üçün vergi orqanın MMC-nin yeni təyin olunmuş rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək imkanı vardır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, vergi orqanının imtina səbəbi kimi istinad etdiyi MMC-nin vergi borcunun olması şərti aradan qalxmasa da, məhdudiyyətin tətbiq edilməli olduğu şəxs (hüquqi şəxsin icra orqanının rəhbəri) barədə şərt aradan qalxmışdır. Odur ki, iddiaçıya MMC-nin vergi borcuna görə hazıradək ölkdədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının cavabdeh orqan tərəfindən götürülməməsi onun sərbəst hərəkət edə bilmə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə heab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə və icbari tibbi sığorta fonduna olan vergi borcunun ödənilməsi təmin etmək üçün həmin Cəmiyyətin icra orqanının rəhbəri olduğu vaxt Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə və icbari tibbi sığorta fonduna olan vergi borcunun ödənilməsi təmin etmək üçün həmin Cəmiyyətin icra orqanının rəhbəri olmuş İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5107/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar