Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9596/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya vəsaitinin birdəfəlik ödənilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək hesablanmış 16387 manat məbləğində olan pensiya vəsaitinin ona birdəfəlik ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 fevral 2021-ci ildə pensiya hüququ əldə etdiyinə görə xx.xx.2021-ci il tarixdə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim etdiyi sənədlərin arasında əmək kitabçasının əsli olmadığını əsas götürərək, pensiya təyin olunmasından imtina etmişdir. Onun müraciətinə baxılaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-6225/2021 №-li qərarı ilə ona pensiya təyin edilməsi öhdəliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1163/2022 №-li və Azərbacyan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. İki illik məhkəmə çəkişməsindən sonra Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona 935 AZN pensiya təyin etmiş, 2 il ərzində (xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər) hesablanmış 16387 AZN fərq məbləği isə qarşıdakı 23 ay ərzində hər ay 712 AZN (16387:23 ay = 850 AZN) mövcud aylıq pensiyasının üzərinə gəlməklə ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, 2 il ərzində ona hesablanmış lakin ondan asılı olmayan səbəblərə görə ala bilmədiyi 16387 AZN vəsait birdəfəyə ödənilməlidir. Ondan asılı olmayan səbəblərdən ala bilmədiyi 16387 AZN vəsaitin ən yaxın müddətdə birdəfəyə ödənilməsi barəsində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə etdiyi müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-V-56790/2023 №-li məktub ilə ona bildirilmişdir ki, əmək pensiyaları haqqında qanunun 32.1-1 (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən və müarciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir) maddəsinə əsaslanaraq, onun müraciəti təmin edilməkdəm imtina edilmişdir. Hesab edir ki, bu onun Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-132422/2023 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2-1(102)-1296/2022 nömrəli qərarına əsasən Mərkəzi Filial tərəfindən 1 fevral 2023-cü il tarixində (13 fevral 2021-ci il tarixindən hesablanmaqla) 935,98 manat yaşa görə əmək pensiyası təyin edilib, həmçinin xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilməli olan 16387,50 manat fərq məbləği hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin ayların sayına bölünməklə ödənilməsi nəzərdə tutulub. Bu səbəbdən də, məhkəmə qərarına əsasən iddiaçının əmək pensiyası üzrə hesablanmış 16387,50 manat fərq məbləği cari ilin fevral ayından etibarən hissəhissə onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçıya 2022-ci il üzrə maddi yardım üçün hesablanmış 1021,07 manat pul vəsaiti cari ilin fevral ayında iddiaçının müvafiq kart hesabına köçürülüb. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 1073,57 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə qərarlarından müəyyən olunur ki, iddiaçı 30 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-6225/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2- 1(103)-1163/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1296/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2- 1(103)-1163/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-134158/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarında olan; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-4- 4609/2023 №-li Qərarın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021ci il tarixindən məhkəmə qərarı əsasında müddətsiz olaraq təyin olunmuş Dövlət məvacibi əsas götürülərək yaşa görə əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 850 manat 89 qəpik müəyyən olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı dəyişikliklər: vəzifə maaşı 1262,19 manat, qulluq stajına görə əlavə 281 manat 85 manat; mükafat 46,40 manat; dövlət məvacibinin cəmi 1590 manat, 44 qəpik qeyd olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 1394/2023 №-li Qərarın təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası Dövlət məvacibi əsas götürülərək yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 850 manat 89 qəpik müəyyən olunmuşdur. Pensiyanın yenidən hesablanması zamanı dəyişikliklər: xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi 850,89 manat və xx.xx.2023-cü il tarixindən pensiya məbləği 935,98 manat olması qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasın - 21 sentyabr 2022-ci il tarixli 2-1(102)-1296/2022 nömrəli qərarına əsasən ona Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 01 fevral 2023-cü il tarixində (13 fevral 2021-ci tarixindən hesablanmaqla) 935,98 manat yaşa görə əmək pensiyası təyin edilib, həmçinin xx.xx.2021-xx.xx.2023-cü il tarixlə arasındakı dövr ərzində ona ödənilməli olan 16387,50 manat fərq məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericilikdə keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləğinin ayların sayına bölünməklə ödənilməsi nəzərdə tutulub. İddiaçının əmək pensiyasının üzrə hesablanmış 16387,50 manat fərq məbləği cari ilin fevral ayından etibarən hissə-hissə əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq qeyd edirlər ki, ona 2022-ci il üzrə maddi yardım üçün hesablanmış 1021,07 manat pul vəsaiti cari ilin fevral ayında müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının xx.xx.2023-cü il tarixindən hesablanmaqla 1073,57 manat məbləğində müəyyən edilərək müvafiq kart kartına köçürülür. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir 37.2.Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi və ödənilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiyanın ödənilməsi qaydalarını da müəyyən etməlidir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçıya pensiya hüququ yarandığı vaxtdan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qüvvədə olan tələblərinə uyğun olaraq, ötən dövrdəki ayların (xx.xx.2021-xx.xx.2023) sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadında qeyd olunmuşdur ki Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “... Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur. Eyni zamanda, pensiya təminatına dair hüquqi tənzimləmə mühüm konstitusiya prinsipləri əsasında qurulmalı, sosial yönümlü bazar iqtisadiyyatında əməyin və digər ictimai faydalı fəaliyyətin sosial dəyəri kimi rolunun və əhəmiyyətinin nəzərə alınması ilə həyata keçirilməlidir”. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9596/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9596/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver