Məhkəmə qərarları › İş №2-1(112)-9597/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9597/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9597/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «iddaçının hərbi xidmətə çağırılması üçün təkrar müayinədən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «iddaçının hərbi xidmətə çağırılması üçün təkrar müayinədən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı 6 oktyabr 2000-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, O, Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsi tərəfindən 27 fevral 2018-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. Lakin həmin vaxt çəkisi 167 kq olduğundan, ona bildirilmişdir ki, hərbi xidmətə yararsızdır. Bundan sonra ona hərbi xidmətə yararsız olması qeyd edilməklə hərbi bilet verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə gederək çəkisinin normal olmasını bildirmiş və onu yenidən hərbi xidmətə qeydiyyata almaqla çağırılmasını (aparılmasını) xahiş etmişdir. Lakin ona bu məsələ ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət olunmasını tövsiyə etmişlər. İddiaçı da həmin Xidmətə müraciət etmiş, lakin ona bildirilmişdir ki, təkrar tibbi müayinədən keçmək qanunvericilikdə nəzərdə tutulmamışdır və ona görə də məhkəməyə müraciət edilməlidir. İddiaçı tam sağalmışdır, onun sağlamlığında heç bir ciddi problemi yoxdur. Hazırda çəkisi 95 kq, boyu 1.88 m-dir. Yəni, o, tam olaraq hərbi xidmətə yararlıdır. Ona görə də hesab edir ki, cavabdehin imtinası tam əsassızdır. Göstərilənlərə və Konstitusiyasının 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296, 307-ci maddələrinə, İPM-in 73.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsinə əsaslanaraq, iddaçının hərbi xidmətə çağırılması üçün təkrar müayinədən keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, iddia ərizəsinə əsasən iddiaçı hərbi xidmətə çağırılması üçün yenidən müaynədən keçirilməsini tələb edir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı qaldırılan məsələ ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Halbuki, iddiaçı barəsində Xidmətin Bakı şəhəri Sabunçu Rayon İdarəsi tərəfindən müvafiq qərar qəbul edilmişdir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, şöbə və bölmələrinə) gəlməlidirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri, komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. Həmin Qanunun 13.2-ci maddəsinə əsasənm çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən çağrışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının vəzifələrindən biridir. Göstərilənlərə və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 15-ci maddəsinə, İPM-in 35-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri, komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. Həmin Qanunun 13.2-ci maddəsinə əsasənm çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. Həmin Qanunun 14.1.1-ci maddəsinə əsasən çağrışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının vəzifələrindən biridir. Həmin Qanunun 15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında, sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanınının 5.4-cü bəndi ilə müəyyən edilmişdir ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri həyata keçirirlər. Həmin Fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə»nin 5.1-ci bəndinə görə Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) Xidmətin vahid sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Göründüyü kimi, mövcud qanunvericilik normaları vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışının həyata keçirilməsini vəzifə kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə aid etmişdir və həmin qurumların bununla bağlı müvafiq komissiya yaratması, çağırışçıların tibbi müayinəsini təşkil etməsi və qanunla nəzərdə tutulmuş qərarlardan birini qəbul etməsi nəzərdə tutulur. Bununla da belə nəticəyə gəlmək olur ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının qaldırdığı məsələ – həqiqi hərbi xidmətə çağırışla əlaqədar yenidən tibbi müaynədən keçirilməsi üzrə inzibati icraatı aparan birbaşa səlahiyyətli orqan kimi çıxış edə bilməz. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının qaldırdığı məsələdə onun yaşayış yeri üzrə müvafiq səlahiyyətli qurum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə ayrıca müraciəti olmadığından (bununla bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir), məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsi ilə əlaqədar tədbir görülməsinin ona tövsiyə olunmasını məğbul bilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar