Məhkəmə qərarları › İş №2-1(112)-96/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-96/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-96/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestyrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestyrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Boksol massivində yerləşən 1000 kv.m-dən ibarət torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin vahid əmlak olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarına əsasən Bakı şəhəri, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə iddiaçı X6 mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı və tikiləcək obyektin layihəsi RİH-in memarı tərəfindən tərtib və təsdiq edilmişdir. İddiaçı qanuni istifadəsində olan 1.000 kv.m ibarət torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etmişdir. Lazımi sənədləri toplayıb təsdiq edilmiş layihəyə uyğun inşa edilən tikili, eyni zamanda 1.000 kv.m torpaq shaəsinin hüquqi qeydiyyata alınmasına dair reyestrdın çıxarışın və texniki pasportun verilməsi məqsədilə 1 aprel 2021-ci il tarixdə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh 18 may 2021-ci il tarixli məktubla torpaq sahəsi və tikiliyə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı, bank qəbzi sənədlər toplusuna əlavə edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamış, təqdim edilən layihənin lisenziyası olmamış, qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş, torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırılma işlərinin aparılması üçün İdarənin müətəxəssislərinə şərait yaradılmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim olunmuş sənədlər qanunvericiliyə görə ona məxsus torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, qanuna müvafiq Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 1 noyabr 2004-cü il tarixli 224881 seriyalı kassa mədaxil orderi və alqı-satqı aktına əsasən 1.000 kv.m torpaq sahəsi onun (iddiaçının) mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığınadan, əmlakın üzərində sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən, qanuni istifadəsində olan torpaq sahəsinin və qeyriyaşayış sahəsinin hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, İPM-in 2.2, 45, 46-cı maddələrinə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsini vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

3. Bakı İnzibati Məhkəməsinin 2-19112)-1218/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilərək İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2230/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1218/2022 saylı, 18 fevral 2022-ci il tarixli tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini daşınmaz əmlakın dövlət reyestyrində qeydiyyat almaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Mübahisə ilə bağlı məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından müəyyən olunur ki, torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınmasının hüquqi əsası olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 saylı qərarının qanunilyini birinci instansiya məhkəməsi tərəfindən araşdırmamışdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılmalı idi; 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Lakin işdən görünür ki, qeyd edilən inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamış, məhkəmə, buna birbaşa zərurət olduğu halda, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 12 avqust 2004- cü il tarixli 359 saylı qərarının əsasları ilə bağlı tərəflərdən, o cümlədən Binəqədi Bələdiyəsindən heç bir konkret sübut tələb etməmiş, torpağın statusunun və yerləşmə yerinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmiş, iddiaya yalnız mülahizələr əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Eyni Məcəllənin 48.1-ci maddəsinə görə, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2337/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli 2-1(103)-2230/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı iddia tələbində qeyd edilən torpaq sahəsinin deyil, yalnız Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən qeyri-yaşayış sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi sənəye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir. İdarənin elektron kadastr baza məlumatlarında torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə məlumat mövcud deyildir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri qeyd edilmədiyindən və konfiqurasiyada fərqlər mövcud olduğundan cizginin göstərilən torpaq sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır. Bundan başqa, göstərilən torpaq sahəsi bütövlüklükdə Böyükşor gölünün mühafizə zonasında yerləşir. Əlavə olaraq bildirmişlər ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir tərəfindən 20,0-27,0 m məsafədən 110 kv-luq yüksək gərginlik elektrik hava xətti keçir. Torpaq sahəsinin digər tərəfindən 18,3 metr məsafədən 6-10 kV-luq elektrik hava xətti keçərək transformatora daxil olur və 6.1 metr məsafədən transformatordan çıxaraq yeraltı kabel xəttinə çevrilir.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004cü il tarixli 359 nömrəli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən, ətrafı daş hasara alınaraq istifadə etdiyi 1.000 kv.m torpaq sahəsi Binəqədi RİH Memarlıq xidməti tərəfndən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə obyekt tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir.

11. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004cü il tarixli 359 nömrəli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində alqı-satqı yolu ilə İddiaçı verilmiş 1.000 kv.m torpaq sahəsi ilə bağlı sonuncu adıçəkilən şəxslə həmin bələdiyyə arasında “Torpaqların alqı-satqısına dair Akt” tərtib olunmuş və imzalanmışdır (ödəniş barədə müvafiq qəbz akta əlavə olunur).

12. İş materiallarına mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəsi əlavə edilmişdir.

13. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-13/2-2/064-O-3566- 5/2023 nömrəli arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1000 kv.m torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyini və qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər.

14. İddiaçı tərəfindən iş materiallarına ona bitişik torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı əlavə edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş 02/133 nömrəli xx.xx.2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin ayrılması barədə qəbul olunmuş qərarlar (sərəncamlar) və onların qəbul edilməsinə əsas olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Əlavə olaraq qeyd etmişlər ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqları hesab olunur. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqəsinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə yaşayış tikinti massivlərində yerləşən yaşayış binalarının altındakı, habelə bunun üçün nəzərdə tutulan torpaq sahələri daxildir. Bununla belə həmin Məcəllənin 47-ci maddəsində göstərilir ki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar bələdiyyənin ehtiyat fondu torpaqlarıdır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli, 827-İİİQ №li Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısının 1.1.5-ci bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisi Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin əhatə etdiyi ərazi vahididir. Odur ki, Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli ümumi iclasının 359 saylı qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən ərazidən alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmiş 1000 kv.m. (0,1 ha) torpaq sahəsi bələdiyyənin ərazi hüdudları daxilində yerləşir.

16. Məhkəmənin 2-1(112)-291/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-1/578 nömrəli 23 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1100,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikinti altı sahəsi 550,0 kv.m olan birmərtəbəli sex, anbar tikilisi mövcudur. Faktiki olaraq göstərilən 1100,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. X 1.402228.960 2.403269.442 3.403268.403 4. 403228.241 Y 1.4477257.910 2.4477258.725 3. 4477234.953 4.4477226.612. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Böyükşor Gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli 221 nömrəli Qərarına əsasən təsdiq edilmiş Böyükşor Gölünün və mühafizə zonası daxilində yerləşir. Həmçinin ********** nömrə ilə müvafiq “Yerquruluşu planı” tərtib edilmiş ümumi sahə (Böyükşor Gölünün mühafizəsi olan sahə) daxilindədir. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı hesab edilməklə qismən təmin edilməlidir.

23. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:

1. Torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir.

2. Qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir.

3. Göstərilən torpaq sahəsi sənəye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyətindədir.

4. İdarənin elektron kadastr baza məlumatlarında torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə məlumat mövcud deyildir.

5. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar, istinad məsafələri qeyd edilmədiyindən və konfiqurasiyada fərqlər mövcud olduğundan cizginin göstərilən torpaq sahəsinə aid olub-olmamasını dəqiqləşdirmək mümkün olmamışdır.

6. Göstərilən torpaq sahəsi bütövlüklükdə Böyükşor gölünün mühafizə zonasında yerləşir.

7. İdarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin bir tərəfindən 20,0-27,0 m məsafədən 110 kv-luq yüksək gərginlik elektrik hava xətti keçir. Torpaq sahəsinin digər tərəfindən 18,3 metr məsafədən 6-10 kV-luq elektrik hava xətti keçərək transformatora daxil olur və 6.1 metr məsafədən transformatordan çıxaraq yeraltı kabel xəttinə çevrilir.

24. Məhkəmə cavabdehin ilkin dəlilinə münasibətdə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci i il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

25. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 12 avqust 2004-cü il tarixli qərar geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri baxımından Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin qərar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının qərarla ona ayrılmış 1.000 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır.

26. Məhkəmə cavabdehin ikinci dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin imtinası və etirazı sözügedən hissədə əsaslıdır.

27. Belə ki, mövcud qanunvericilik normalarının tələbləri qeyri-yaşayış binalarına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2013-cü il tarixədək inşa edilmiş tikililərə münasibətdə, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktını, həmin tarixdən sonrakı dövrdə inşa edilmiş tikililərə münasibətdə isə, torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazəni nəzərdə tutur.

28. İddiaçı tərəf inzibati icraatda, eləcə də, hazırkı inzibati məhkəmə icraatında inşa olunma vaxtından asılı olaraq qeyri-yaşayış sahəsi ilə müvafiq orqanla razılaşdırılmış layihə, tikilinin inşa edilməsinə icazə barədə qərar, istismara qəbul aktı, yaxud tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədini təqdim etməmiş, eləcə də, onun iddia üzrə dəlilləri sırasında bu sənədlər də yoxdur. Bu isə o deməkdir ki, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir.

29. Göründüyü kimi, iddia həmin hissədə əsassızdır.

30. Məhkəmə cavabdehin 3-cü, 4-cü, 5-ci və 6-cı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin həmin dəlillərinin hər tərəfli araşdırılması, həmçinin, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin hüquqi mövqeyinə riayət edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə sorğu göndərilmiş, təqdim edilmiş sorğuya cavab məktubuna və ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları müəyyən edilmiş, torpaq sahəsinin bələdiyyənin əhatə etdiyi ərazi vahidində və torpaq sahəsinin “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” daxilində yerləşməsi müəyyən edilmişdir.

31. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” daxilində yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi iddiaçıya 12.08.204-cü il tarixli sərəncam əsasında ayrılmışdır. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədləri” isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

32. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən sözügedən torpaq sahəsi mühafizə zolağında yerləşməmişdir. Digər tərəfdən, torpaq sahəsinin mühafizə zolağında yerləşməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtnaya əsas deyildir (bunu qadağan edən imperativ norma mövcud deyildir). Torpaq sahəsinin mühafizə zolağında yerləşməsi yalnız mühafizə zolağının müəyyən etdiyi rejimə uyğun istifadə edilməsi ilə nəticələnir ki, cavabdehin torpaq sahəsinin mühafizə zolağında yerləşməsinə görə həmin torpaq üzərində hüquqların qeydə alınmasından imtina edilməsi ilə bağlı mövqeyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 15-ci maddələrinin tələblərinə ziddir.

33. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əlavə edilmişdir ki, həmin hal nəzərə alındıqda iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

35. Məhkəmə cavabdehin 7-ci dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşsə də, bu iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz.

36. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

38. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...

40. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları “X4rşı” işi üzrə qərarında qeyd edilir ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.

42. “Sporronq və Lonnrot İsveçə qarşı” işi üzrə qərarında Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. Xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət” yükünə məruz qalаrsa, ədalətli tarazlıq pozulmuş olur...Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı...Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”.

43. “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə qərarda qeyd edilmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir...Bu balansa nail olmağın vacibliyi ümumilikdə 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda, o cümlədən, müvafiq olaraq, birinci cümlədə elan olunmuş ümumi prinsip baxımından nəzərdən keçirilməli olan ikinci cümlədə əks olunub. Xüsusi olaraq, istifadə olunan vasitələr və dövlət tərəfindən tətbiq edilən, o cümlədən, şəxsi öz əmlakından məhrum edən tədbirlər vasitəsilə gerçəkləşdirilməli olan məqsəd arasında ağlabatan uyğunluq olmalıdır... Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir.

44. “Stolyarova Rusiya Federasiyasına qarşı” işi üzrə məhkəmə qərarında Avropa Məhkəməsinin xatırladır ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir...Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir.

45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

46. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

47. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/578 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

50. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

51. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

52. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 359 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 1.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar