Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-960/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli, 11/552 saylı qərarı ilə "xxxx" Kooperativi üçün ayrılmış 5800 kv.m torpaq sahəsi üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11/552 saylı qərarı ilə Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsi "xxxx" Kooperativinə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən ona ayrılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət olunmuşdur. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarilxi cavab məktubunda qeyd olunmuşdur ki, “qeyri-yaşayış binasının bir hissəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən sərhədlərdən kənarda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən, torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının bir hissəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Eyni zamanda, təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan başqa, tərəflərindən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə verilməsi barədə qərarı istismara qəbul aktı təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saslı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şaquli xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır.” "xxxx" MMC tərəfindən yenidən 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Yenidən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
3. Məhkəmənin 2-1(112)-7545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə zəruricəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 11/552 saylı Qərarı ilə "xxxx" kooperativi üçün ayrılmış 5800 kv.m torpaq sahəsi üzərində "xxxx" MMC-nin daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli, ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizələr ilə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixli, **********9 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli, **********87 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşırma zamanı məlum olmuşdur ki, vahid elektron baza məlumatına əsasən torpaq sahəsinin 2785 kv.m hissəsi (həmçinin üzərində yerləşən qeyri-yaşayış binasının bir hissəsi) yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Eyni zamanda təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilərkən məlum olmuşdur ki, ayrıc cizgisində torpaq sahəsinin 5820 kv.m, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 5800 kv.m qeyd edilsə də, faktiki olaraq 6070 kv.m təşkil edir.
7. 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, işdə olan sənədlərdən göründüyü kimi, ümumi 6070 kv.m sahənin 3400 kv.m hissəsi “Azneft” İB-nin X1 ərazisinə düşür, 1764 kv.m hissəsi quyusunun mühafizə zonasına düşən hissəsi 906 kv.m hissəsi isə sərəncam əsasında Azərbaycan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatın aparılması üçün ayrılan ərazinin hüdudları daxilinə düşür. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparlması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kainetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərar aəsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Hesab edirlə ki, cavabdeh torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından əsaslı olaraq imtina etmişdir. Koordinatlar əsasın müvafiq araşdırma aparılmış və həmin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, ümumi sahə 6070 kv.m-dir. Aktda düşməyən hissə 3400 kv.m, quyunun mühafizəsinə düşən hissə 1764 kv.m, akta düşən və quyunun mühafizə zonasına düşməyən hissə 906 kv.m SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də, neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da, öz növbəsində Azərbaycan Respublikası Hökümətinin, eləcə də, SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-27039/2023 **********39 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 6687/2024 **********687 nömrəli məktublarla imtina edilmişdir.
12. İddiaçı tərəfindən iş materiallarına "xxxx" Kooperativinə, sonradan təşkilati hüquqi forması dəyişərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrdən çıxarışlar əlavə edilmişdir.
13. Bakı şəhər X5 İcraiyyə Komitəssinin xx.xx.1991-ci il tarixli, 11/552 nömrəli Qərarı və həmin Qərara əlavə edilmiş ayrıc aktına əsasən Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsi "xxxx" Kooperativinə ayrılmışdır.
14. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A nömrəli, 007162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Suraxanı rayonu, Zığ qəsəbəsində "xxxx" Kooperativinə Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 11/552 nömrəli qərarı ilə 5800 kv.m torpaq sahəsi asfalt qurğusunun tikintisi üçün daimi istifadəyə ayrılmışdır.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 23 aprel 2024-cü il tarixli, 3-48-2F-879/2024 nömrəli məkrubla Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 11/552 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21- 3-30/2-17635/2024 **********35 nömrəli məktubla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" Kooperativinin adına verilmiş AN-007162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənəd ilə bağlı İdarənin arxivində saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. İddiaçı hazırki tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:
1. Vahid elektron baza məlumatına əsasən torpaq sahəsinin 2785 kv.m hissəsi (həmçinin üzərində yerləşən qeyri-yaşayış binasının bir hissəsi) yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir.
2. Eyni zamanda təqdim edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur.
3. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka baxış keçirilərkən məlum olmuşdur ki, ayrıc cizgisində torpaq sahəsinin ölçüsü 5820 kv.m, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 5800 kv.m qeyd edilsə də, faktiki olaraq 6070 kv.m təşkil edir.
24. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11/552 nömrəli qərarına əsasən Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 5800 kv.m torpaq sahəsi asfalt qurğusunun tikintisi üçün "xxxx" Kooperativinin daimi istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A nömrəli, 007162 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir.
26. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının daimi istifadəsinə Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11/552 nömrəli qərarına əsasən ayrılmışdır.
27. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 4 oktyabr 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə əsasən Torpaq Məcəlləsi 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur 1978-ci ildə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Belə münasibətlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.
28. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqeyi hazırda mübahisədə tətbiq edərək qeyd edir ki, hazırki işin hallarından da, göründüyü kimi, iddiaçıya torpaq sahəsinin daimi istifadəyə verilməsi barədə Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 11/552 nömrəli qərarı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir.
29. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir.
30. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
31. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.
32. Məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı hazırda torpaq sahəsinin faktiki 6070 kv.m hissəsində deyil, 5800 kv.m hissəsində hüquqlarının qeydiyyata alınmasını məhkəmədən xahiş edir. Həmçinin torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında uyğunsuzluğun mövcud olması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina həm qanunvericiliyin tələbləri, həm də, etimadın qorunması dokturinası ilə uzlaşmır.
33. Məhkəmə həmçinin, mübahisəli torpaq sahəsinin 2785 kv.m hissəsinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərizədə yerləşməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
34. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
35. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, 3-cü şəxs məhkəməyə təqdim etdiyi etiraz ərizəsində torpaq sahəsinin bir hissəsinin Azərbaycan SSR-nin Elmlər Akademiyasına yardımçı təsərrüfatın aparılması üçün ayrılan ərazinin hüdudları daxilində yerləşməsini bildirsə də, bununla bağlı cavabdeh və 3-cü şəxs tərəfindən məhkəməyə hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. O cümlədən, belə bir dəlil cavabdeh inzibati orqan tərəfindən nə aparılmış inzibati icraat zamanı, nə də ki, məhkəmə icraatı zamanı irəli sürülməmişdir.
36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və sözügedən torpaq sahəsinə dair istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
39. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 11/552 saylı Qərarı ilə "xxxx" kooperativi üçün ayrılmış 5800 kv.m torpaq sahəsi üzərində "xxxx" MMC-nin daimi istifadə hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva