Məhkəmə qərarları › İş №2-1(112)-9600/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9600/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9600/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 MMC-yə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “birdəfəlik pul müavinətinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu, yəni X4 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona, yəni İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6445/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əsl Cavabdeh2 MMC ilə əvəz edilmiş, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) hüquqi statusu cavabdehdən 3-cü şəxsə dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6445/2021 saylı qərarı ilə İddiaçı Cavabdeh2 MMC-nə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cəlb olunmaqla) “birdəfəlik pul müavinətinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, X4 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin İddiaçı ödənilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1496/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1496/2022 saylı qərardadı ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6445/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardadda göstərilmişdir ki, «Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 31 avqust 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarına əsasən 190 manatla bağlı xərclənməmiş vəsaitin dövlət büdcəsinə qaytarılması üçün Cavabdeh2 MMC-dən müvafiq tədbirlər görülməyi xahiş olunmuş və 22 sentyabr 2021-ci il tarixli ödəniş qəbzinə əsasən ******* manat 83 qəpik pul vəsaiti Cavabdeh2 MMC-nin Poçt filialı tərəfindən Bakı şəhər maliyyə idarəsinin hesabına qaytarılmışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən də göründüyü kimi, hazırki iddianın predmetini işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi təşkil edir. Belə olan halda bu cür iddialara qarşı cavabdehlik daşıyan inzibati orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. ……. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir». Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi xahiş etdi və əlavə olaraq bildirdi ki, o, əsl cavabdeh qismində tanıdığı Cavabdeh2 MMCnin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsinə razı deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oğlu X6 190 manat birdəfəlik müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ödənişin həyata keçirilməsi birinci ay üçün Cavabdeh2 MMC-yə, digər aylar üçün isə banklara həvalə edilmişdir. Bank tərəfindən ödənişlər həyata keçirilsə də, Cavabdeh2 MMC bir aylıq müavinəti ödəməmişdir. Onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında mübahisə yoxdur. İddia tələbi Cavabdeh2 MMC-yə qarşıdır. Hazırki iddiaya cavab verməli orqan Cavabdeh2 MMC-dir. Cavabdeh2 MMC ona ödənişi həyata keçirməlidir. Göstərilənlərə əsasən iddianın mümkün hesab edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, hazırda ayrılmış vəsait onlarda deyil, bu səbəbdən də Cavabdeh2 MMC cavabdeh ola bilməz. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X5 iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X7 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, o, əsl cavabdeh qismində tanıdığı Cavabdeh2 MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsinə razı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1496/2022 saylı qərardadında qeyd olunmuşdur ki, hazırki iddiaya qarşı cavabdehlik daşıyan inzibati orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edir. Bununla əlaqədar olaraq cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsi məhkəmə tərəfindən iddiaçıya təklif edilsə də, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar