Məhkəmə qərarları › İş №2-1(112)-9600/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9600/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9600/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, üçüncü şəxs Səbail rayonu Səbail bələdiyyəsi, X5 “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Səbail rayonu Səbail bələdiyyəsi, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail bələdiyyəsinin 572 №-li, 30 dekabr 2004-cü il tarixli Sərəncamına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X1 adına sənədləşdirilməsi qərara alınmışdır. 8 iyun 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan pay almalıdır. İddiaçı Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən verilmiş qərar və torpaq sahəsinin yerləşmə cizgisi də təqdim edilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzrə onun vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün lazım olan, torpaq sahəsinə mülkiyyət hüququnun onun mərhum atası Z.S.Məmmədova məxsus olmasına dair müvafiq arayışın ona verilməsindən cavabdehin imtina etməsinin əsassız və qanunsuz hesab edilməsi və belə bir arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bu Akt mahiyyətcə texniki əlavə (iştirak xarakterli) sənəddir, çünki torpaq sahəsinin bələdiyyə tərəfindən maraqlı şəxsə satılması üçün hüquqi əsas sayılmır. Burada da cavabdeh “İnzibati icraat haqqında” AR Qanunu 15.1 və 15.2 maddələrinin tələblərinə zidd olaraq aşkar surətdə formal tələblərdən sui-istifadə edir. Qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Bələdiyyənin Sərəncamı (torpaq sahəsinin satılması üçün hüquqi əsası olan sənəddir) və bununla əlaqədar qeyd etmək lazımdır ki, bələdiyyə orqanının daşınmaz əmlaka hüququn yaranmasına dair bu aktı qanunvericiliklə müəyyən olunmuş qaydada etibarsız sayılmamışdır (Qanunun 15.1.4 maddəsi) və məhz bu akt torpaq sahəsi üzrə mülkiyyət hüququnun mərhum atasına məxsusluğunun tanınması üçün əsas sayılır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin şərti göstərilən torpaq sahəsinin 50 kv.m hissəsi digər şəxs X2 adına verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində (kadastr planı) qeyd edilən koordinatlarla üst-üstə düşür. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin cizgidə qeyd edilən ölçülər ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 600 kv.m təşkil edir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxs Səbail rayonu Səbail bələdiyyəsinin nümayəndələri, həmçinin X5 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsinin mərhum X4 məxsus olması barədə arayış verilməsini xahiş edir. İddiaçı tələbinin faktiki əsası kimi Səbail bələdiyyəsinin 572 №-li, 30 dekabr 2004-cü il tarixli Sərəncamına istinad edir. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında bildirir ki, torpaq sahəsinə dair təqdim edilən alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin şərti göstərilən torpaq sahəsinin 50 kv.m hissəsi digər şəxs X2 adına verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində (kadastr planı) qeyd edilən koordinatlarla üst-üstə düşür. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin cizgidə qeyd edilən ölçülər ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 600 kv.m təşkil edir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. və 139-1.1.1-ci maddlərinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Qeyd edilən normaların dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasında dair qanunveriliyin tələbləri barədə: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 3) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 4) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair müqavilə bağlanılır; 5) Torpaq sahəsinin ayrılmasında dair müqavilə torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənəd Qərar deyil, sədrin Sərəncamıdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi, Bələdiyyə kollegial orqandır və torpaq sahəsinin ayrılmasına dair qərar üzvlərin səs çoxluğu il qəbul edilməlidir. Yəni, bələdiyyə sədrinin təkbaşına torpaq ayrılması ilə bağlı sərəncam vermək kimi bir səlahiyyəti yoxdur. Təqdim edilən sənədin texniki səhv olaraq yaxud bələdiyyənin əməkdaşlarının hüquqi savadsızlığı nəticəsində Qərar deyil, Sərəncam adlandırılması qəbul edilsə belə, o zaman bələdiyyə tərəfindən həqiqətən iclasın keçirilməsi və üzvlərin səs çoxluğu ilə ididaçının mərhum atasına torpağın ayrılmasına qərar verməsi araşdırılmalıdır. Təqdim edilən Sərəncamda bələdiyyənin xx.xx.2022-ci il tarixli, 38 saylı iclas protokoluna istinad edilir. Lakin nə iddiaçı, nə üçüncü şəxs qismində cəlb edilmiş Bələdiyyə həmi iclasın protokolunu məhkəməyə təqdim edə bilmir. Həmçinin Bələdiyyəyə, Dövlət Arxivinə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinə verilmiş sorğulara cavab məktublarından bələdiyyənin o tarixdə iclas keçirməsi müəyyən edilmir. Nəinki iclas keçirilməsi, Səbail Bələdiyyəsi, Dövlət Arxivinin Bakı Filialı və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsində ümumiyyətlə xx.xx.2004-cü il tarixli, 572 № li Sərəncamın olması sübuta yetirilmir. Məhkəmə Səbail bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl edilib-edilməməsinin müəyyən edilməsi müəyyən etmək üçün Səbail bələdiyyəsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Dövlət Arxivinin Bakı Filialına, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə müvafiq sorğular verilmişdir. Lakin məhkəməyə təqdim edilən sənədlərdə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirməsi, bu barədə qərar qəbul edilməsi, torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilməsi müəyyən edilməmişdir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi ilə bağlı: Cavabdeh etirazının əsasını təşkil edən hallardan biri odur ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. İş üzrə məhkəmə tərəfindən Səbail Bələdiyyəsinə sorğu ünvanlanaraq X4 ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması barədə sənədlərin (Müvafiq İcra Hakimiyyətinin Sərəncamı, ayrıc aktı, kordinatlar, xəritədən çıxarış və s.), torpaq sahəsinin situasiya planının və digər aidiyyəti sənədlərin təsdiq edilmiş surətlərinin, həmçinin torpaq sahəsinin ayrılması ilə bağlı rəylərin alınması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi və s) müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəylərin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiq edici sənədlərlə birgə məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Səbail Bələdiyyəsi torpaq sahəsinin Bələdiyyə ayrılmış torpaqlara aid olmasına dair hər hansı sübut təqdim etməməklə yanaşı, məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubunda vətəndaş X3 3xx.xx.2004-cü il tarixli 572 saylı Sərəncamı və aidiyyatı sənədlərin Bələdiyyənin hazırda mövcud olan arxiv məlumat bazasında aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, ayrılması iddia edilən torpaq sahəsinin ümumiyyətlə Səbail Bələdiyyəsinə Bakı şəhər İcra Hakimiyyəti tərərindən ayrılmış torpaqlara aid olması təsdiq olunmur. Məhkəmə bu halı müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə də zərurət görmür. İlk növbədə ona görə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı ümumiyyətlə hüquqmüəyyənedici sənədə malik deyil. Digər tərəfdən MPM-in 97.1-ci maddəsiə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi, ekspertizanın təyin edilməsi iş üzrə xüsusi bilik tələb olunan sualalrı izah etmək üçün təyin edilir. Torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi isə xüsusi bilik tələb etmir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində torpaqların vahid elektron kadastr baza məlumatlarına çıxışı yoxdur. Məhkəmə bu qənaətə aşağıda göstərilənlərə əsasən gəlir: 1) Formalaşmış məhkəmə təcrübəsinə əsasən ƏN Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri torpaq mübahisələri üzrə vahid elektron kadastr baza məlumatlarını cavabdeh İdarə tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi əsasında təkrarlayır; 2) Bakı İnzibati Məhkəməsinin icraatında olmiş 2-1(112)-819/2024 nömrəli oxşar iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5032 nömrəli ekspert rəyində (“Tədqiqat prosesinin təsviri” hissəsinin 2-ci abzasında) ekspert bildimişdir ki, “Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırkı iş üzrə təyin olunmuş məhkəmə-tikinti ekspertizasında ekspert qarşısında qoylmuş sulların həlli məqsədi ilə, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə istinad olunmuşdur”. 3) Analoji iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə verilmiş sorğuya cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “"Kadastrportalı.az" elektron kadastr portalı məlumat bazasının mövcud olub-olmaması, cavabdehin istinad etdiyi elektron kadastr baza məlumatları ilə eynilik təşkil edib-edilməməsi, "kadastrportalı.az" elektron kadastr portalı məlumat bazasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin çıxışının olub-olmaması, həmçinin çıxış varsa hansı tarixdən və həmin bazada hansı məlumatlara çıxışın olması ilə bağlı məktuba "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində "kadastrportalı.az" elektron kadastr portalı məlumat bazası mövcud deyildir” Göründüyü kimi, iddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənədə malik olmamaqla yanaşı, ayrılması iddia edilən torpaq sahəsinin Səbail Bələdiyyəsinə verilmiş torpaqlara aid olması da sübuta yetirilmir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar