Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9601/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Ş.Vazeh küçəsi, 47 (ünvan 1 ünvanında, 0,11 hektar torpaq sahəsində mövcud olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 3 yerləşən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, ölçüsü 0,11 hektar olmaqla daşınmaz əmlakın dövlət reyestrindən **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli elektron çıxarış tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsini 2000-ci ildən qanuni əsaslarla istifadə edərək mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin tikintisinə 2012-ci ildən başlamışdır. Qeyd olunan torpaq sahəsi üzərində fərdi yaşayış evinin eskiz layihəsi təqdim edilmişdir. Eskiz lahiyəsindən göründüyü kimi, layihələndirilən fərdi yaşayış evi zirzəmi, 3 mərtəbə və mansardlı fərdi yaşayış evidir. İddiaçı həmin fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən bundan imtina edilmişdir. Cavabdeh tərəfindən verilən məktubla faktiki olaraq hüquqların qeydiyyata alınmasından imtina edilmiş və fərdi yaşayış evinə çıxarış verilmir. Cavabdeh tərəfindən fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən çox olması bildirilsə də, güman edilir ki, cavabdeh tərəfindən evin hündürlüyü “0” səviyyəsindən deyil, torpaq sahəsinin səthi üzərindən (yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən deyil) mansard mərtəbəsinin üst hissəsinə qədər (yəni sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) deyil) nəzərə alınmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağ evinin hündürlüyü 12 metrdən çox olduğundan məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman təqdim olunmuş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu, həmçinin iki bağ sahəsinin bir hasar daxilində olduğu və torpaq sahəsinin faktiki ölçüsünün 494 kv.m artıq olduğu aşkar edilmişdir. Bundan başqa evin zirzəmi mərtəbəsi 159 kv.m tikintialtı sahəsi olan artıq torpaq sahəsinə düşür. Layihədə mansard mərtəbəsi kimi göstərilən sahə faktiki olaraq 4-cü mərtəbədir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, torpaq sahəsi onun mülkiyyətində, həmçinin istifadəsindədir. Sahə hasar alınmışdır və heç kimin həmin sahəyə iddia və tələbi yoxdur. Fərdi evlə bağlı məlumatlandırma icraatı qaydalarına əməl edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1491 saylı bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Abduyeva Umu-Leyla Qafur qızı ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən Abduyeva Umu-Leyla Qafur qızı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1491 ünvanında yerləşən 0,11 hektarlıq torpaq sahəsini iddiaçıya bağışlamışdır. İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsində mülkiyyətində və istifadəsində olan əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1491 ünvanındakı torpaq sahəsində sahəsi 1399 kv.metr, hündürlüyü 11,8 metr, 3 mərtəbəli fərdi ev inşa etdiyini bildirmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2018-ci il tarixli müayinə (baxış) aktında göstərilmişdir ki, torpaq sahəsinin sərhədləri 3 tərəfdən mişar daşı ilə hasarlanıb, 1 tərəfdən isə şərtidir. 3 mərtəbəli natamam bağ evi və həyət tikililəri mövcuddur. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının müraciəti əsasında toplanmış materiallar məhkəməyə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 3, 0,11 hektar torpaq sahəsində yerləşən 3 mərtəbəli fərdi yaşayış evi zirzəmidən, hündürlüyü 9 metr olan 3 mərtəbə və mansarddan ibarətdir. Rəyə fərdi yaşayış evinin sxemi əlavə edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilmiş əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mülkiyyətində olan torpaq sahəsi üzərindəki yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqları ilə qeydiyyatının aparılması, həmin evlə bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.10.2.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.9.1.2.). İşdən göründüyü kimi ünvan 3 yerləşən 0,11 hektarlıq torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində fərdi ev inşa etmişdir. Həmin evlə bağlı mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh həmin evin 12 metrdən hündür olduğu üçün məlumatlandırma icraatı qaydasında ev üzərində mülkiyyət hüququnun qeydə alınmasının mümkün olmaması əsası ilə tələbin təmin edilməsindən imtina etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər (240.1.). Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir (240.2.). Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir (240.3.). Oxşar normalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) də təsbit olunmuşdur. Həmin Məcəllənin 58-ci maddəsində göstərilmişdir ki, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində göstərilmişdir ki, Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir (47.1.). Bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müvafiq kadr potensialının olduğu və maddi-texniki bazasının imkan verdiyi hallarda sifarişçi layihəçinin və (və ya) podratçının funksiyalarını tam və ya qismən öz üzərinə götürə bilər (47.2.). Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (80.1.). Mütəxəssis rəyinə əlavə edilmiş fərdi yaşayış evinin sxemindən görünür ki, fərdi evin birinci yerüstü mərtəbəsinin döşəməsinin üst hissəsindən (zirzəmi istisna olmaqla) sonuncu mərtəbənin (mansardın) örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) olan məsafə 11,8 metrdir. Yəni evin hündürlüyü 12 metrdən artıq deyildir. Belə olan halda həmin tikiliyə mülkiyyət hüququnun əldə edilməsi üçün tikintisinə icazə tələb edilən tikinti obyektləri üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydalar tətbiq edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanındakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Ş.Vazeh küçəsi, 47 (ünvan 1 ünvanında, 0,11 hektar torpaq sahəsində mövcud olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına texniki pasportun və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-9601/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9601/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver