Məhkəmə qərarları › İş №2-1(112)-9602/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9602/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9602/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cəlb olunmaqla) qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmirşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, X5 Bakı şəhəri Binəqədi RİH-in 665 nömrəli 21 avqust 1999-cu il tarixli sərancamı ilə ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Binəqədi RİH-in 6 noyabr 2001-ci il tarixli 891 saylı sərancamına əsasən həmin şəxsin adından İddiaçı adına keçirilmişdir. Sözügedən torpaq sahəsinin yerləşmə cizgisi də mövcuddur. İddiaçı ərizə ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən həmin məsələnin həllindən imtina olunmuşdur. Sözügedən torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmışdır və onun istifadəsindədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, Binəqədi RİHin 6 noyabr 2001-ci il tarixli 891 saylı sərancamı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Buna görə də, iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 14 və 15-ci maddələrinə, İPM-nin 2.2.3 və 34-cü maddələrinə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 11 fevral 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı məlum olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilmədiyindən, sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərq mövcuddur. 1 yanvar 2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, «Torpaq islahatı haqqında» Qanunun 25-ci maddəsinə əsasən 2001ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmçinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 9.1-ci maddəsinə 23 oktyabr 2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 16 mart 2022-ci il tarixli, **********00 nömrəli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Torpaq islahatı haqqında» Qanununun 6.2, 10-cu maddələrinə, Torpaq Məcəlləsinin 46, 68-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 9.1.2, 10.2, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri Binəqədi RİH-in 665 saylı, 21 avqust 1999-cu il tarixli sərancamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi X5 ayrılmışdır. Daha sonra Binəqədi RİH-in 6 noyabr 2001-ci il tarixli 891 saylı sərancamı əsasında həmin torpaq sahəsi X4 adından hazırkı İddiaçı adına keçirilmişdir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamış, torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərq mövcuddur, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşir. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir və mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Bakı şəhəri Binəqədi RİH-in 6 noyabr 2001-ci il tarixli 891 nömrəli sərəncamı Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtina əsası kimi istinad etdiyi dəlillər odur ki, torpaq sahəsinə dair təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamış, torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərq mövcud olmuş, həmçinin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin sərhədləri daxilində yerləşmişdir. İlk növbədə qeyd olunmalıdır ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Çünki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin torpağı olsa da, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyi nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimə qiymətləndirilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi həmin hal imtina kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(103)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi oxşar mövqedən çıxış etmişdir. Cavabdehin imtina ilə bağlı gətirdiyi arqumentlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, torpaq sahəsinin təqdim olunmuş cizgisindən məlum olur ki, sahənin bir tərəfi yola sərhəddir, digər tərəf qonşu torpaq sahələri ilə həmsərhəddir, eləcə də yaxınlıqdakı yol kəsişməsindən bağın döngə nöqtələrinin məsafəsi müəyyəndir. Torpaq sahəsinin cizgisində sahənin künc nəqtələrnin məlum yoldan hansı məsafədə yerləşməsi aydın göründüyü halda, onun yerinin müəyyən edilməsi üçün əlavə istinad və məsafələrin təqdim olunması zəruri deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərində fərqin mövcud olduğuna istinad etmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.20-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndi ilə aidiyyəti quruma (hazırkı İqtisadiyyat Nazirliyinə) tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərində olduğundan, cavabdehin imtinada qeyd etdiyi hallar imtina əsası qismində çıxış edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, yuxarıdakılara əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa fiziki şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahəsi ilə üst-üstə düşmədiyindən, həmçinin həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşsə belə, qonşuluqda olan torpaq sahələri üzərində digər fiziki şəxslərin mülkiyyət hüquqları qeydiyyata alındığından və son olaraq mövcud olan uyğunsuzluğun aradan qaldırılması hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid olduğundan imtina üçün gətirilən bu dəlil də mötəbər qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə İddiaçı ona Binəqədi RİH-in 6 noyabr 2001-ci il tarixli 891 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 19, 24-cü maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Binəqədi RİH-in 6 noyabr 2001-ci il tarixli, 891 nömrəli sərəncamı ilə ona Bakı şəhəri, Binəqədi rayonu, Sulu- Təpə qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və həmin torpaq sahəsinə plan-ölçünün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Binəqədi RİH-in 6 noyabr 2001-ci il tarixli 891 nömrəli nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar