Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9603/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı və statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N70-ci il tarixdə Neftçala rayonunda anadan olmuşdur. xx.xx.N92-ci il tarixdən xx.xx.N96-cı ilə qədər N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibədə iştirak etsə də Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən gələn cavab məktubunda xidməti haqqında məlumatın aşkar edilməməsini əsas göstərilir. Buna görə də “Müharibə veteranı” statusunu ala bilmir. Qeyd edilən məsələni döyüş yoldaşları təsdiq edə bilərlər. Qanuni əsaslar olmasına baxmayaraq “Müharibə veteranı” statusu verilməsinə dair xahişinin rədd edilməsi onun Konstitusion hüquqlarını pozur. Bu faktı onunla birgə xidmətdə olan əsgər yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buaxılmasıdır. Norma ümumiləşdirilərək qeyd edilir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4465 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92ci il tarixli 41 nömrəli əmri ilə İddiaçı, şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuş, həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 21 nömrəli əmri ilə xx.xx.N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. Həmçinin sözügedən məktubda N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixdən 12 may N94-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilmədiyi geyd edilmişdir. Bundan başqa iş materialında olan Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2022-ci il tarixli 4/3-8605 nömrəli məktubunda N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci zenit-raket divizionlarının xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. İş materialına əlavə edilmiş veteran komissiyasının məktubundan görünür ki, N nömrəli hərbi hissə tam şəkildə (3-cü, 6-cı və 8-ci zenit-raket divizionları istisna olmaqla) döyüşlərdə iştirak etməmişdir. Həmçinin Mərkəzi arxivin yuxarıda qeyd edilən məktubunda N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixdən 12 may N94-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə, iş materiallarında görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətə çağrılması və hərbi xidmətdən ehtiyata buraxılmasına baxmayaraq o, döyüş əməliyyatlarında iştirak etməsi üçün döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməmişdir və nəticədə İddiaçı oqlu döyüşlərdə iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsindən və MPM-in 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-in 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/2999 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.N70-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş HЗ № ******* nömrəli hərbi biletin 7-ci səhifəsindəki qeydlərə əsasən İddiaçı Ağdam uğrunda gedən döyüşlərdə 10 iyuldan oktyabr N93-cü ildə iştirak etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-4330 nömrəli məktubunda göstərilmişdir ki: -başqa hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 79 №-li əmrilə (əsas: §-1, səh-108, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. -N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 103 №-li əmrilə (əsas: §-1, sıra-6, əmrdə vəzifəsi göstərilməyib) sıravi İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. -Neftçala RHK-dan çağırılmış, N70-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 41 №-li əmrilə (əsas: §-2, sıra-15, səh-52, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. -N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 83 №-li əmrində (əsas: §-1, sıra-6, səh-159, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı 251 №-li hərbi hospitala müalicəyə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. -N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 88 №-li əmrində (əsas: §-7, sıra-1, səh-167, əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Bakı şəhəri Mərkəzi Hərbi Hospitaldan qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. -Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə əsasən, 1-ci divizionun hərbi qulluqçusu, baş mexanik, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı İİ tarixli 21 №-li əmrilə (əsas: §-3, sıra-5, səh-40) xx.xx.N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. -Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin sentyabr N92-ci il tarixdən 12 may N94-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissənin sənədləri Mərkəzi Arxivə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2022-ci il tarixli, 4/3-8605 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya Hüquq İdarəsi tərəfindən daxil olmuş (vətəndaş İddiaçı “2021-ci il Ə-15585” nömrəli daxil olma ilə ona aid olan “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə xx.xx.2021-ci il tarixdə imtina olunan sənədlərin surəti Şəxsi Heyət Baş İdarəsində saxlanıldığı üçün) məktubun surəti ünvanınıza göndərilir. Bu barədə aidiyyəti üzrə göstəriş verməyiniz və Hüquq İdarəsinə cavab verməyiniz sizdən xahiş edilir. N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci Zenit-raket divizionları xx.xx.N93-xx.xx.N94-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Əsas: xx.xx.N97-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.2022-ci il tarixli, 1067 nömrəli məktubunda bildirilmişdir ki, N70-ci il təvəllüdlü İddiaçı xx.xx.N90-cı il tarixdən xx.xx.N92-ci il tarixədək SSRİ müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N92-ci il tarixdən xx.xx.N96-cı il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli tələbnaməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 012- 11391-1222 nömrəli məktubuna əlavə edilmiş cavabına vurulmuş xx.xx.2022-ci il tarixli möhüründə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-7209 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-6681 nömrəli məktubunda bildirilmişdir ki, başqa hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 79 №-li əmrilə (əsas: §-1, səh-108, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 103 №-li əmrilə (əsas: §-1, sıra-6, əmrdə vəzifəsi göstərilməyib) sıravi İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. Neftçala RHK-dan çağırılmış, N70-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 41 №-li əmrilə (əsas: §-2. sıra-15, səh-52, əmrdə vəzifəsi və hansı Zenit-raket divizionunda olması göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 83 №-li əmrində (əsas: §-1, sıra-6, səh-159, əmrdə adı və atasının adı tam yazılmamışdır, hansı Zenit-raket divizionunda olması qeyd olunmamışdır) sıravi İddiaçı 251 №-li hərbi hospitala müalicəyə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 27.04 N94-cü il tarixli 88 №-li əmrində (əsas: §-7, sıra-1, səh-167, əmrdə adı tam, atasının adı yazılmamışdır, hansı Zenit-raket divizionunda olması qeyd olunmamışdır) sıravi Y Əzizovun Bakı şəhəri Mərkəzi Hərbi Hospitaldan qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N96-cı il tarixli müvafiq əmrinə əsasən, 1-ci divizionun hərbi qulluqçusu, baş mexanik, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 21 №-li əmrilə (əsas: §-3, sıra-5, səh-40) xx.xx.N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Neftçala RHK-na göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin sentyabr N92-ci il tarixdən 12 may N94-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi və hansı Zenit-raket divizionunda iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin (3, N və N ZRD) xx.xx.N93-cü il tarixdən xx.xx.N94-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-1122 nömrəli məktubda bildirilmişdir ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və 778 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçı xx.xx.N92-ci il tarixdən N saylı hərbi hissədə, xx.xx.N92-ci il tarixdən xx.xx.N96-cı il tarixədək isə N nöməli hərbi hissədə xidmət keçməsi barədə məlumat vardır. İddiaçının xidmət etdiyi N nömrəli hərbi hissədən qanuni əsaslarla tərxis olunması barədə məlumat olsa da həmin hərbi hissə tərəfindən döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə əmr və yaxud arxiv sənədləri aşkar olunmamışdır. Belə ki, N nömrəli hərbi hissə tam şəkildə deyil, yalnız hərbi hissənin 3, N və 8-ci zenit-raket divizionları döyüşlərdə iştirak etmişdir. İddiaçının adları çəkilən 3, N və 8-ci zenit-raket divizonlarında döyüşlərdə iştirak etməsi barədə nə Müdafiə Nazirliyinin arxivində müvafiq əmr, nə də hərbi bilet, qeydiyyat kartasında müvafiq qeydlər müəyyən olunmamışdır. Yalnız arxiv sənədlərində bir yerdətərxis olunma barədə N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 21 №-li əmrində İddiaçı N saylı hərbi hissənin 1-ci divizionun hərbi qulluqçusu olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının hərbi biletindəki iyul-oktyabr N93-cü ildə Ağdam döyüşlərində iştirak etməsi barədə qeydlərin isə yuxarıda adıçəkilən Nazirlər Kabinetinin 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin birbaşa tələbinə əsasən hərbi biletlərin yalnız hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda döyüşlərdə iştirak etməni təsdiq edən sənəd qismində qəbul edildiyi, İddiaçı isə döyüşlərdə iştirak etməsi barədə müvafiq əmrlər (əmrlərdən çıxarışlar) olmadığını nəzərə alaraq yalnız hərbi biletdəki qeydlərə istinad etməklə müharibə veteranı adı və vəsiqəsinin verilməsini qanuni hesab etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsini zəruri edən faktiki və hüquqi şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyə zidd hesab edilə və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9603/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9603/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver