Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-961/2021 02.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Zəngilan rayonu sakini kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1972-ci il aprel ayının 29-da Zəngilan rayonu, Baharlı kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 01.05.1992-ci il tarixdə Zəngilan Rayon Hərbi Kommisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Kommisarlığında hərbi qeydiyyata alınmışdır. 1999-cu ildə keçmiş Sovetlər İttifaqı pasportu ilə Rusiya Federasiyasına getmiş və bu səbəbdən də şəxsiyyət vəsiqəsi almamışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri toplayaraq müracət etmiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»-nın 3.11-ci və 4.1-ci maddələrinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınmasından imtina edilmişdir. O, vətəndaşlıqdan imtina etməmiş, 1999-cu ilə kimi Azərbaycan Respublikasında qeydiyyatda olmuşdur və bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin imtinası əsassızdır. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün kifayət qədər əsaslar olduğu halda tək bir yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə mənsubiyyətinin tanınmasından imtina edilməsi əsaslı sayıla bilməz. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Cahangir Rəhimov tərəfindən İddiaçı iddia ərizəsinə dair etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin 28.09.2019-cu il tarixli sorğusu əsasında İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə 14.10.2019-cu il tarixdə qərar qəbul edilmişdir (qərar DMX-nin 15.10.2019-cu il tarixli məktubu ilə Daxili İşlər Nazirliyinin Zəngilan rayon Polis şöbəsinə göndərilmişdir). Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1972-ci ildə Zəngilan rayonunda anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş, həmçinin həmin ölkənin vətəndaşıdır (Azərbaycan Respublikasında onun pasport qeydiyyatında olması barədə məlumat yoxdur, bu barədə İAMAS üzrə məlumatlar etiraza əlavə olunur).Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır.Göründüyü kimi sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək – 1998-ci il oktyabrın 7dək- Azərbaycan Respublikası və Azərbaycan SSR-nin vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz.İşin hallarından da görünür ki, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 oktyabr 2019-cu il tarixli ******* nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığına görə 29 aprel 1972-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Zəngilan rayon VVADQ tərəfindən 18.02.2005-ci il tarixdə verilmiş X3 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 29.04.1972-ci il tarixdə Zəngilan rayonu, Baharlı kəndində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1972-ci ilin may ayının 12-ci günündə 07 № ilə qeyd edilmişdir. Ata qrafasında X10, ana qrafasında X6 qeyd edilmişdir. Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti başçısının Çöpdərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 sentyabr 2021-ci il tarixli 66 nömrəli arayışından görünür ki, İddiaçı 1992-ci il tarixinə kimi Zəngilan rayon Baharlı kəndində yaşamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin 14.11.2019-cu il tarixli 420 nömrəli arayışından görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı 01.05.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış, 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Fərarilər siyahısından keçmir, amnistiya qərarı tətbiq olunmayıb. Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən X7 verilmiş HЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, o, 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 26.05.1992-ci ildən 24.12.1993-cü ilədək döyüşlərdə iştirak etmiş və 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan rayon Polis şöbəsinin 12.06.2020-ci il tarixli 202-1716-1220 nömrəli məktubundan görünür ki, 29.04.1972-ci il tarixdə Zəngilan rayonu, Baharlı kəndində anadan olmuş İddiaçı hansı tarixlərdə Zəngilan rayonunda qeydiyyatda olması barədə Zəngilan RPŞ-nin Q və ŞVQ-nin arxivində heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 16.06.2020-ci il tarixli 018-5668-1220 nömrəli məktubundan görünür ki, 29.04.1972-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.09.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 29 aprel 1972-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Xaqani Vəliyevin məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Həmin Qaydanın 3.4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 14 oktyabr 2019-cu il tarixli qərarına əsasən iddiaçının 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmiş və bu səbəbdən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 29.04.1972-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, milliyyəti azərbaycanlıdır, X8 ölüm haqqında şəhadətnaməsindən görünür ki, iddiaçının atası Azərbaycan Respublikasının vətəndaşı olmuş, X2 şəxsiyyət vəsiqəsindən görünür ki, anası Azərbaycan Respublikasının vətəndaşıdır. Habelə İddiaçı 01.05.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış, 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş, 26.05.1992-ci ildən 24.12.1993-cü ilədək döyüşlərdə iştirak etmişdir. 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı Azərbaycan SSR vətəndaşı olduğu üçün 01.05.1992-ci il tarixdə Zəngilan rayon hərbi komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçı Zəngilan rayonunda doğulduğu və Azərbaycan Respublikasında həqiqi hərbi xidmət keçdiyi halda cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından formal əsaslarla imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X4 Zəngilan rayon sakini kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-961/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-961/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver