Məhkəmə qərarları › İş №2-1(112)-961/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-961/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-961/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) “müharibə veteranı statusunun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 29.06.1992-ci ildən 08.11.1992-ci il tarixə qədər döyüşlərdə iştirak etmişdir. 30.03.2001-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı şəhər Ərazi Şöbəsi 24 aprel 2020-ci il tarixli, **********9 nömrəli məktubla ona bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin göndərdiyi siyahıya əsasən onun veteran statusu ləğv olunduğu üçün ona müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respubliaksı Prezidentinin təqaüdü dayandırılmışdır. Ona 01.01.2006-cı ildən 31.03.2020-ci il tarixədək ödənilmiş vəsaitin dövlət büdcəsinə ödəməsi xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. O, bu məktubdan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi 07.07.2020-ci il tarixli məktuba əsasən bildirmişdir ki, o, hərbi hissəni özbaşına tərk etdiyinə görə müharibə veteranı statusunun ləğv olunması qanunauyğun hesab edilmişdir. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı statusunun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh bu məsələnin onlara aidiyyəti olmadığını, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməli olduğunu bildirmişdir. O, müharibə veteranı statusunun bərpa edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 02 fevral 2021-ci il tarixli başa düşülməyən, ziddiyyətlərlə dolu arxiv arayışı təqdim etmişdir. Həmin arayışdan sonra isə Şəxsi Heyət Baş İdarəsi tərəfindən 08.02.2021-ci il tarixli məktubla sənədlərlə birlikdə onun ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Komissiyaya göndərdiyi təqdirdə Komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul olunacağı bildirilmişdir. O, ətraflı ərizə ilə müvafiq sənədlər əlavə edilməklə yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Bu dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 22.03.2021-ci il tarixli məktubu ilə ona “müharibə veteranı’' adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi 07.07.2020-ci il tarixli məktubla ona bildirmişdir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 07 aprel 2006-cı il tarixli Qanununa əsasən əvvəllər «Müharibə veteranı» vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması ilə əlaqədar onun xidmət müddətinin dəqiqləşdirilməsi məqsədilə Azəraycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu göndərilmiş və Arxivdən alınmış N saylı hərbi hissə komandirinin 20.08.1992-ci il tarixli əmrindən çıxarışda onun şəxsi heyətin siyahılarına alınması və batalyonu icazəsiz tərk etdiyinə görə 31.08.1993-cü il tarixli əmrlə hərbi hissənin ərzaq təminatından çıxarılması qeyd olunmşdur. Bu da onun hərbi hissəni guya özbaşına tərk etməsi faktını müəyyən edir. Odur ki, onun hərbi hissəni guya özbaşına tərk etdiyinə görə müharibə veteranı statusunun ləğv olunmasının qanunauyğun olduğu hesab edilmişdir. O, 29 iyun 1992-ci ildən 08 noyabr 1992-ci il tarixə qədər N nömrəli hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 30.03.2001-ci ildə ona Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. O, döyüşlərə könüllü olaraq qatılmışdır. Könüllü olmasına baxmayaraq, onu şəxsi heyətə daxil etmişlər. 1992-ci ilin noyabr ayının 8-də isə ona daha ehtiyac olmadığını bildirərək təxris etmişlər və həmin tarixdən evə qayıtmışdır. O, 1993-cü ildə döyüş zonasında olmamışdır. O, qeyd edilən məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirinə ərizə ünvanlayaraq onun müharibə veteranı statusunun bərpa edilməsinə, eyni zamanda N saylı hərbi hissə komandirinin 20.08.1992-ci il tarixli əmrinin və veteran statusunun ləğv edilməsinə əsas olmuş 31.08.1993-cü il tarixli əmrin surətinin ona təqdim edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Onun həmin ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivindən 02.02.2021-ci il tarixli, 9/2-683 №-li başa düşülməyən, çox qarışıq şəkildə yazılmış, qeyd edilən məlumatlar bir-birinə uyğun gəlməyən, ziddiyyət təşki edən Arxiv arayışı, eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 08.02.2021-ci il tarixli, 1/Q-2488 №-li məktubu gəlmişdir. Arxiv arayışı onun qeyd etdiyi kimi yalnız ziddiyyətli məqamlardan ibarət olmaqla ona hər hansı aidiyyəti yoxdur. Əgər o, hərbi hissəni özbaşına tərk etmişdirsə, hansı səbəbdən onun barəsində hər hansı bir araşdırma aparılmamışdır, cinayət və ya inzibati qaydada cəzalandırılmamışdır? Çünki belə bir hadisə olmamışdır. O, könüllü olaraq döyüşlərə qatılmış və 1992-ci ilin noyabr ayının 8-də onları təxris edərək evə göndərmişlər. Orada hər hansı bir rəsmiləşmə aparılmayıbsa, bu, onun günahı deyil. Orda işləyənlərin səhlənkarlığı ucbatından onun hüquqları pozulur. 2001-ci ildə o, müharibə veteranı vəsiqəsi adı və vəsiqəsi almışdır. Həmin adı o, məhz hərbi hissənin verdiyi arayış və digər təqdim etdiyi sənədlər əsasında almışdır. Əgər o, hərbi hissəni özbaşına tərk etmişdirsə, həmin arayışı ona necə verə bilərdilər. 19 ildən sonra məlum olmuşdur ki, guya o, hərbi hissəni özbaşına tərk etmiş, bunun nəticəsində 14 il ona ödənilən vəsait geri tələb olunur. Bu, cəfəngiyyatdır. Ola bilər həmin tarixlərdə N nömrəli hərbi hissədə Sumqayıt ŞHK-dan çağırılmış 1960-cı il təvəllüdlü X1 adlı birisi olmuşdur. Həmin şəxsin məlumatları ilə ona aid məulamatları qarışdırmışlar. Arxiv arayışında istinad olunan əmrlərdə hərbi hissəni özbaşına tərk edən şəxsin çağırıldığı hərbi komissarlıq, təvəllüd, hətta adının son hərfi ona uyğun gəlmir. Belə olan halda nəyə görə onun veteran statusu ləğv edilməli və müharibə veteranı kimi illərdir ona ödənilən müavinət ondan geri tələb edilməlidir? Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Müdafiə Nazirliyinin Mərkəzi arxivindən verilən 02.02.2021-ci il tarixli 9/2-683 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən batalyonun tərkibinə göndərilmiş Yasamal RHK-dan çağırışçısı 1967-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 20.08.1992-ci il tarixli N nömrəli əmrilə (əsas: səh.35, §2) gəlmiş hesab edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin 02.09.1992-ci il tarixli 19 nömrəli əmrilə (əsas: səh.48) pulemyotçu təyin edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə X1 N nömrəli hərbi hissə komandirinin 03.10.1992-ci il tarixli 32 nömrəli əmrilə (əsas: səh.72, qeyd: əmrdə adı Namik yazılmışdır) ştatdan xaric edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2018-ci il tarixli 422 saylı Qərarına əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunan arxiv arayışından müəyyən olunur ki, İddiaçı hərbi hissəni özbaşına tərk etməsi səbəbindən hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-İqtisadi Kolleqiyasının 06 iyun 2018-ci il tarixli 2-1(102)-1224/18 nömrəli iş üzrə Qərarında da göstərilmişdir ki, “Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hal hazırda hərbi xidmət keçdiyinə (qulluq etdiyinə) və ya hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.” Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 02.02.2021-ci il tarixli, 9/2-683 saylı arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissədən batalyonun tərkibinə göndərilmiş Yasamal RHK-dan çağırışçısı 1967-cı il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 20.08.1992-ci il tarixli 16 №-li əmrilə (əsas: səh.35, §2) gəlmiş hesab edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin 02.09.1992-ci il tarixli 19 Nə-li əmrilə (əsas: səh.48) pulemyotçu təyin edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə X1 N nömrəli hərbi hissə komandirinin 03.10.1992-ci il tarixli 32 №-li əmrilə (əsas: səh.72, qeyd: əmrdə adı Namik yazılmışdır) ştatdan xaric edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə Yasamal RHK-dan çağırılmış 1960-cı il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin 18.11.1992-ci il tarixli 68 №-li əmrilə (əsas: §2, sıra-6, qeyd: əmrdə təvəllüdü 1960-cı il qeyd olunmuşdur) ştatdan xaric edilmişdir. Sumqayıt ŞHK-dan çağırılmış İddiaçı 3 (üç) ay müddətində hərbi xidmətə çağırılaraq noyabr və oktyabr aylarında Respublika Müdafiə nazirinin əmrini pozaraq N nömrəli hərbi hissə komandirinin 03.01.1993-cü il traixli 37 №-li əmrilə (əsas: səh.25, sıra-90, qeyd: əmrdə ŞHK Sumqayıt yazılmışdır) ştatdan xaric edilərək Füzuli ərazi hərbi prokurorluğuna verilmişdir. Hərbi hissəni icazəsiz tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin 31.01.1993-cü il tarixli 113 №-li əmrilə (əsas: səh.34, §5, sıra-60, qeyd: əmrdə ŞHK Sumqayıt yazılmışdır) ərzaq təminatından siyahısından çıxarılaraq pul təminatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.03.2021-ci il tarixli 1/Q-7318 nömrəli məktubda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 17.03.2021-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 02.02.2021-ci il tarixli 9/2-683 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman 03.10.1992-ci və 31 01.1993-cü il tarixlərdə N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.07.2020-ci il tarixli Q-709 nömrəli məktubda qeyd olunur: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki, “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 07 aprel 2006-cı ıl tarixli Qanununa əsasən əvvəllər "Müharibə veteranı'’ vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması ilə əlaqədar Sizin xidmət müddətinizin dəqiqləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinə sorğu göndərilmişdir. Arxivindən alınmış N saylı hərbi hissə komandirinin 20.08.1992-ci ıl tarixli əmrindən çıxarışda Sizin şəxsi heyətın sıyahılarına alınmanız və batalyonu icazəsiz tərk etdiyinizə görə 31.08.1993-cü il tarıxli əmrilə hərbi hissənin ərzaq təminatından çıxarılmanız qeyd olunub. Bu da Sizin hərbi hissəni özbaşına tərk etməyiniz faktını müəyyən edir. Bu səbəbdən mövcud qanunvericilik aktlarının tələblərinə əsasən keçmiş Yasamal Rayonu Hərbi Komissarlığında sənədlərinizə yenidən baxıldıqdan sonra hərbi hissəni özbaşına tərk etdiyinizə görə müharibə veteranı statusunuzun ləğv olunmasının qanuna uyğun olduğu hesab edilmişdir. “Müharibə veteranı” statusunun ləğv olunması barədə 2011-cı ildə Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, 2020-ci ildə isə Dövlət sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazisi şöbəsinə müvafiq məlumat göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən 30.03.2001-ci il tarixdə verilmiş M/V seriyalı 049659 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən 10.12.2021-ci il tarixli 2199 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Yasamal rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş 28.12.2010-cu il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarının 1968 saylı 15 avqust 2006-cı il tarixli göstərişinin tələblərinə müvafiq qaydada Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş vəsiqələrin verilməsinin düzgünlüyünün yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxivinə aparılmış sorğuların cavablarına əsasən adları göstərilən, qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxslərin “Müharibə veteranı” vəsiqələrinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirildiyi müəyyən edilmişdir (Siyahıda 17-ci sırada İddiaçı adı qeyd edilmişdir). Yoxlamadan sonra adları göstərilmiş şəxslərin siyahısı hazırlanaraq Yasamal rayon Sosial Müdafiə Mərkəzinə təqdim olunmuş, vəsiqələri geri alınmış və imtiyazlardan istifadə etmə hüququ dayandırılmışdır. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli 20 avqust 1992-ci il tarixli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 1976-ci il təvəllüdlü döyüşçü İddiaçı 002 №-li korpusundan 831 №-li batalyonun tərkibinə göndərilmişdir. ƏSAS: 702 №-li briqadadan göndərilən siyahı. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli 31 yanvar 1993-cü il tarixli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, əsgər İddiaçı 831 №-li batalyonu icazəsiz olaraq tərk etdiyi üçün batalyonun ərzaq təminatı siyahısından çıxarılmış, pul təminatı dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 30.03.2001-ci ildə müharibə veteranı statusu verilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən 10.12.2021-ci il tarixli 2199 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Yasamal rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş 28.12.2010-cu il tarixli akta əsasən qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxslərin, o cümlədən iddiaçının vəsiqəsi geri alınmış və imtiyazlardan istifadə etmə hüququ dayandırılmışdır. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli 31 yanvar 1993-cü il tarixli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, əsgər İddiaçı 831 №-li batalyonu icazəsiz olaraq tərk etdiyi üçün batalyonun ərzaq təminatı siyahısından çıxarılmış, pul təminatı dayandırılmışdır. İddiaçı onun müharibə veteranı statusunun bərpa edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin xidmət yerini özbaşına tərk etdiyinə görə cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materialları ilə müəyyən edildi ki, iddiaçı hərbi hissəni icazəsiz olaraq tərk etdiyi üçün batalyonun ərzaq təminatı siyahısından çıxarılmış, pul təminatı dayandırılmışdır. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar