Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-961/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsi qarşı “cavabdehin İddiaçı və X1 pasport qeydiyyatından çıxarılmasının qanunsuz hesab edilməsini və onların qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “cavabdehin İddiaçı və X1 pasport qeydiyyatından çıxarılmasının qanunsuz hesab edilməsini və onların qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əsl cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 14 iyun 2024-cü il tarixli Qərardadı ilə Cavabdeh Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıya 02 mart 2024-cü il tarixdə məlum oldu ki xx.xx.2024-cü il tarixdən mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 2(103)-4/2023-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, bu barədə Ali Məhkəmənin 2(102)- 232/2024 saylı 16 yanvar 2024-cü tarixli qərarı qəbul edilmişdir. Göründüyü kimi iddiaçının qeydiyyatdan çıxarılmağı üçün heç bir qanuni əsas yoxdur. Digər tərəfdən 3-cü şəxs Kərimov X3 mülkiyyət hüququ ilə bağlı iddiaçının yaşadığı “B” tikilisini öz mülkiyyətinə daxil etmiş, bu barədə 24 sentyabr 2016-cı ildə mülkiyyət hüququna dair çıxarış almış, həmin çıxarış Sabunçu Rayon Məhkəməsinin 26 avqust 2018-ci il tarixli 2(008)- 952/2018 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, çıxarış ilə “B” tikilisinə aid hüquq itirilmişdir. “В” tikilisinə aid çıxarışın etibarsız hesab edilməsinə dair arayış olmasa da həmin tikiliyə aid yeni çıxarışın verilməsi ilə bağlı hüquq sahibi Mehdiyeva Rənanın nümayəndəsi Ağamalıyev Hakim vasitəsi ilə daşınmaz əmlakın Dövlət Reyestr xidmətində işini aparır. Buna baxmayaraq hətta hesab edilsə ki, 3-cü şəxsin mülkiyyət hüququna dair hüququ mövcuddur yenə pasport qeydiyyatının ləğv edilməsinə yol verilmir. Beləki yaşayış yeri və olduğu yer haqqında qanunun 9.5-ci maddəsinə əsasən pasport qeydiyyatından çıxarmaq istifadə hüququna xitam verilməklə həyata keçirilir. 2000-ci ilə qədər mövcud olan pasport qeydiyyatı əsasında istifadə hüququnun yaranması 1984-cü il redaksiyalı mənzil məcəlləsinə əsasən, 2000-ci ildən sonra yaranmış münasibətlərə isə 2000-ci ildən qüvvəyə minmiş müki məcəllənin normalarına əsasən tətbiq olunur. İstifadə hüququna xitam verilməsi üçün kompensasiya verilməklə qeydiyyat məsələsinə baxılır. 2010-cu ildən sonra isə yaranmış münasibətə həmin ildən qüvvəyə minmiş mənzil məcəlləsi ilə baxılır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsi, iddia tələbi barədə cavabdehə müraciət edilməsinə dair sübutun və ya müraciətə dair cavab məktubunun (imtinanın) məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 16 may 2024-cü il, 06 yanvar 2025-ci il, 10 fevral 2025-ci il və xx.xx.2025-ci il tarixlərə məhkəmə iclasları təyin edilmiş və bu barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya xəbərdarlıq məktubu ünvanlanmış və təyin edilmiş məhkəmə iclasında iştirak etmədiyi, iddia ərizəsində yol verilmiş xətaların qaldırılması üçün ərizə verilmədiyi halda, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlansa da, təyin edilmiş məhkəmə iclaslarında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilsə də, iddiaçı tərəfindən məhkəmənin üzərinə qoyduğu vəzifə icra edilməmiş və cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının qanunvericiliyi ilə təsbit edilmiş qorunma sferasına müdaxilənin nədən ibarət olması məhkəmənin diqqətinə çatdırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı iddia ərizəsində qeyd etməmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsi qarşı “cavabdehin İddiaçı və X1 pasport qeydiyyatından çıxarılmasının qanunsuz hesab edilməsini və onların qeydiyyatlarının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-961/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-961/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver